Modern.az

Elza Seyidcahanın 20 manatlıq kitabı : “Mənə baha başa gəldi”

Elza Seyidcahanın 20 manatlıq kitabı : “Mənə baha başa gəldi”

Aktual

18 Mart 2018, 13:47

Bəstəkar, əməkdar artist Elza Seyidcahan ilk dəfə Modern.az saytına açıqlaması zamanı öz şeirlərindən ibarət kitab dərc etdirəcəyini demişdi və bunu etdi. Bir neçə həftə bundan öncə, müğənni  Muzey Mərkəzində kitabın təqdimat mərasimi keçirib. "AQAT” Təbii Daşlar Evinin baş sponsorluğu ilə çap olunan kitab "Mən dəlinin rəssamı” adlanır.

 

Alıcılar kitabı nə zaman əldə edə biləcək?

 

Elza Seyidcahan Modern.az-a açıqlamasında deyib ki, kitaba maraq yüksək səviyyədədir:

“Deyilənlərə görə, son 10 ildə bu formada qeyri-adi və gözəl kitab, o cümlədən təqdimat olmayıb. Buna görə çox sevindim. Kitabımda hər bir şeirin öz illüziya əsəri var. Dünya şöhrətli, görkəmli rəssamımız Əşrəf  Heybətov şeirlərimin hər birinə rəsm kompozisiyaları fikirləşib. Mən də bu rəsm əsərlərini öz kitabımda həkk etdirmişəm”.

 

Müğənni bildirib ki, kitabını öz imzası ilə bir neçə şəxsə hədiyyə edib:

“Xalq artisti, bəstəkar Arif Məlikov, yazıçı Anar, Çingiz Abdullayev, Azərbaycan  Yazıçılar Birliyində olan bütün tənqidçilərə öz kitabımı təqdim etmişəm. Çünki mən tənqidi sevən insanam və istəyirəm ki, tənqidçilər kitabımı dəyərləndirsinlər. Əlbəttə, sənət dostlarıma, ailə üzvlərimə də kitabımı hədiyyə etmişəm. Düzdür , kitab bizə baha başa gəldi. 150 qramlıq mat kağız üzərində həkk olunan kitabın kağızından tutmuş istifadə edilən rənglərə qədər- hər şey ciddi maliyyə tələb etdi. Bu prosesdə kitab dərc etdirməyin nə qədər çətin olduğunu dərk etdim. Kitaba nə qədər çox maddi vəsait sərf edirsənsə, o qədər gözəl olur. “Mən dəlinin rəssamı” adlanan kitabımda daşların da əhəmiyyəti , sirri də əks olunub. Kitabımda həmçinin fəlsəfi, sevgi  şeirləri, müqəddəs kitab Qurandan seçilən kəlamlar var”.

 

E.Seyidcahanın sözlərinə görə, yaxın günlərdə oxucular kitabı əldə edə bilərlər:

“Gələn həftə “Park Bulvar”da  imza günü keçirəcəm , bundan sonra alıcılar kitabımı əldə edə bilərlər. Hazırda bayram və seçki tədbirlərinə başımız qarışıq olduğu üçün imza günü bir qədər yubanır. Kitab 1000 tirajdır. Onun özü bizə 15 manata gəlib çatır, buna görə də 20 manata satışa çıxaracağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub