Modern.az

Novruz bayramında necə geyimlərə üstünlük verməliyik? - Modelyerdən TÖVSİYƏ

Novruz bayramında necə geyimlərə üstünlük verməliyik? - Modelyerdən TÖVSİYƏ

Aktual

18 Mart 2018, 15:20

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruza böyük önəm verir.

Bu baxımdan bayram ərəfəsində və bayram günlərində istifadə etdiyimiz geyimlər də önəmlidir.

 

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az saytına açıqlamasında deyib ki, Novruz  bizim milli bayramımız olduğu üçün bəylərin və xanımların daha çox milli geyimlərə, milli aksesuarlara üstünlük verməsi gözəl olardı:

“Bu günlərdə çalışmalıyıq ki, ümumi bayram əhval-ruhiyyəsinə uyğun davranaq. Çünki Azərbaycanın qədim adət-ənələrini həm mətbəximizdə, həm geyimlərimizdə, şənliklərimizdə, həm də musiqilərdə əks etdirməliyik. Hər bir sahənin nümayəndəsi öz işində bunları tətbiq etməlidir. Milli geyimlərimiz, əlvan libaslar, arxalıqlar, çuxalar, araxçınlar, müəyyən adətlər, keçmişdən günümüzə qədər gəlib, çatan qaydalar Novruz bayramı ərəfəsində yenidən xatırlanır. Normalda klassik geyim və ya idman üslubunda olan geyimlər istifadə edirik. Yəni hər gün müraciət etdiyimiz geyim nümunələri var. Lakin bayram ərəfəsində daha fərqli olmağa üstünlük verməliyik. Mənim hər zaman dediyim bir söz var: Hər bir azərbaycanlının qarderobunda mütləq milli geyim olmalıdır və bu çox önəmlidir. Milli ornamentdə olan bəzək əşyaları, kələğayı-fərqi yoxdur. Bax , Azərbaycan xanımlarını və bəylərini bayram günlərində bu ruhda görmək istəyərdim”.

 

Modelyer qeyd edib ki, milli geyimlərdə müəyyən nüanslara diqqət etmək lazımdır:

 “Bilirsiniz, Azərbaycan Milli Geyim gününün keçirilməsi ilə bağlı uzun müddətdən bəri irəli sürdüyüm təşəbbüs var. Bu istəyə hamılıqla qatılsaq, nə gözəl olar. Ümid edirəm, tez bir zamanda hansısa bir gün “Milli geyim günü” kimi təyin olunacaq.

Bu gün milli geyimləri hazırlayan  insanlar böyük xətalar edirlər, həmin geyimlərdə qara rəngə üstünlük verirlər. Ümumiyyətlə milli geyimlərimizdə qara rəng ancaq bəylərimizdə istifadə oluna bilər. Amma xanımlarda ancaq yaşlı təbəqənin insanlarında geyimlərdə istifadə olunur. Yaxud elə göy və ya bir çox rənglərin tünd tonlarına müraciət edilir. Qara rəng matəm anlayışını ifadə edir. Bu baxımdan qara rəngli milli geyimi bayram günü istifadə etmək düzgün deyil. Əlbəttə, bəzi insanlar bu cür tonlara üstünlük verir. Amma bunu etmək lazım deyil, yanlışdır. Fərqli çeşiddə, müasirlik elementlərinin olduğu milli geyimlərimiz də var. Milli geyimlərimizdə hər zaman qırmızı, çəhrayı, yaşıl kimi ürəkaçan rənglər olub”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir