Modern.az

İndi heç kimə etibar yoxdur  

İndi heç kimə etibar yoxdur   

19 Mart 2018, 12:59

Mülatif Adurov,
veteran telejurnalist



Səhiyyə sahəsində aşkarlığı necə təmin etməli? Bu sual çoxlarını narahat etsə də konkret nəticəyə gəlinmir. Çünki elə əməllər var ki, bunu bir həkim bilir, bir də Allah. Qalırıq həkimin insafına, həkimin vicdanına. İnsaf, vicdan da çox adamda yoxdur.


...Gözlərim zəifləmişdi. Sovet dövründə səhiyyə ocaqlarında müalicə kursu elə idi ki, ilk növbədə poliklinika həkiminə müraciət olunmalı idi. Amma mən xarici ölkəyə uzunmüddətli ezamiyyətə gedəcəyim üçün komissiyadan keçməli idim. Komissiyadan keçəndə həkimlər mütləq sağ gözümdə mirvari suyunun –kataraktın müalicə olunmaq zəruriətinin vacibliyini bildirdilər, yəni cərrahiyyə təklifi verdilər.

Sovetlər dövründə isə belə əməliyyatı nadir cərrahlar görürdülər. Çox soraqlaşdıqdan sonra öyrəndim ki, bir cərrah var: bu işin Allahı sayılır. Ünvanını öyrənib ora getdim. Dünyasını dəyişdiyinə görə indi həmin cərrahın ad-soyadını, ünvanını bildirməyi lazım bilmirəm. Elə adına “Dyadya Vanya” , sadəcə “Dyadya” (şərtidir) deyirdim. “Dyadya” elə evində məni qəbul etdi, analizlər götürdü, əməliyyat qabağı tövsiyələrini verdi. Bir neçə gün məni evində saxladı. Ürəyimdə düşündüm ki, necə də xeyirxah insanlar varmış! Sən demə, bu hörmətin qarşılığında məkirli niyyət dururmuş. Hələ müayinə və müalicə xərclərinin həddini aşacağını demirəm.

Beləcə üç gün onlarda qaldım, yeməyim-içməyim də yerli yerində. Məlum oldu ki, kataraktdan əlavə mənim bir gözümdə qlaukoma da var, o da əməliyyat olunmalı idi. Sovet dövründə bunlar o qədər də çox xərc tələb etmirdi. Ancaq həkimim bildirdi ki, mirvari suyu dəyişdirilməlidir. Gözün bülluru dəyişdirilməlidir. Bu bülluru ABŞ-dan sifarişlə gətirdir. Ucuzu da var, bahalısı da – 5 dollardan 100-dək. 

-      Hansını istəyirsən? – deyə soruşdu. İmkansız olsam da göz kimi vacib orqana biganə qala bilməzdim.

-      Əlbəttə lap yaxşısını, - deyə pıçıldadım.


Əməliyyat günü məni xəstəxanaya apardılar. Əvvəlcə gözümə bahalı bir iynə vurdular – rus pulu ilə 100 rubla. O vaxt bu çox baha məbləğ idi. Çarəm yox idi. Amma iynənin içindəki vaksindən xəbərim olmadı. Ucuz idi, bahalı idi, bilmədim. Sonra məni yarıqaranlıq bir otağa saldılar (növbəm çatanda). Çarpayıda uzandırıb üstümə mələfə örtdülər. Sol gözümü tənziflə bağladılar. Başımın üstündə həkim, assistent, tibb bacıları durmuşdular.


Sözün düzü, “Dyadaya”dan gözüm su içmirdi: onun əlləri əsirdi. Görəsən bıçağı əlində necə tutacaq? Keyləşdirici iynə işini görmüşdü. Bircə onu eşidirdim ki, “Dyadya Vanya” mahnı oxuyur, qızlar da ona qoşulurlar. O tez-tez (üç-dörd dəfə) “o bahalı bülluru gətirin” deyirdi. Bu məndə şübhə oyatsa da, səsimi çıxarmadım.


Ertəsi günü bu barədə söhbət etdik.

-      Dyadya, siz dünən bir  neçə dəfə bahalı büllur barədə danışdınız. İndi mən haradan bilim, o büllur ucuz idi,yaxud yüz dollarlıq idi?

Tutuldu.

-      Yox, sən bilə bilməzdin, bu bizim öz vicdanımıza qalırdı.

-      Deyəsən gözümü bıçaqla kəsən də başqası idi, eləmi?

-      Hə, yaşa dolmuşam, əllərim əsir. Ona görə də köməkçim ...


Əməliyyatdan beş ay, bir il, üç il keçdi. Gözlərimdə nəinki bir yenilik hiss etdim, əksinə görməyim bir az da tutqunlaşdı.


Başqa bir həkimə müraciət edərək bu prosesləri yenidən davam etdirdim. Vəziyyətim düzəldi.


Xəstənin heç nədən xəbəri olmur. Oğlan uşağı dünyaya gətirəndə anaya qız uşağı göstərirlər. Ağır ağrılar keçirən ana bunu necə ayırd edə bilərdi. Böyrək əməliyyatı aparanlar “lap daş karxanasıdır” deyib bir ovuc daşı xəstəyə göstərirlər. O yazıq nə bilsin ki, bu daşlar onun böyrəyindən çıxıb, yoxsa başqalarının.


Təbabətdə aşkarlıq olmadığından indi də belə hallar təkrarlana bilər. Xəstənin sahibini nəinki cərrahiyyə otağına, heç reanimasiya otağına da buraxmırlar, başqa çür müşahidə də apara bilmirlər. Belə olduqda isə dələduzluq əl-qol açır, vicdan da itir, insaf da.

Aşkarlığın təmin olunmasının yolunu bəlkə də tibb işçiləri bilirlər, amma bunu aşkarlamaq istəmirlər. Çünki xeyir eləmir...

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı