Modern.az

Prezidentliyə namizəd: “Təşviqata Facebook-dan başladıq”

Prezidentliyə namizəd: “Təşviqata Facebook-dan başladıq”

19 Mart 2018, 15:01

Xəbər verdiyimiz kimi, bu gündən etibarən növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat başlayıb.

Namizədlər bu mərhələdə hansı  işlərin görülməsini planlaşdırırlar?


Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev Modern.az
saytına açıqlamasında artıq xalqla ilk təmas yaratdığını qeyd edib:


“Bu gün  xalqla ilk təmasım şəkilləri paylaşmaq oldu. Biz aprel şəhidlərinin ailələrini , Qarabağ , 20 Yanvar şəhidlərinin, Həzi Aslanovun məzarını, Şəhidlər Xiyabanını  ziyarət etdik. O cümlədən türk şəhidliyini - Əbülfəz Elçibəyin məzarına baş çəkdik. Bununla da kampaniyamıza start verdik. Növbəti mərhələdə plakatlar və digər təşviqat materialları ilə, “Facebook”da gündəlik olaraq görüşlərimizlə, videomüraciətlərlə  xalqın qarşısına çıxacağıq”.

 

Razi Nurullayev qeyd edib ki, təşviqat mərhələsində həmçinin böyük meydanlarda görüşlər də nəzərdə  tutulub:

“Bununla bağlı həftəiçi qərar veriləcək. Hansı regionlarda böyük görüşlərin keçirələcəyini müəyyən edəcəyik. Həmçinin, Naxçıvanda da təşviqat prosesini aparacağıq. Amma bunu təbliğat materialları ilə edəcəyik. Amma bizim ora getməyimiz hələ ki sual altındadır. Çünki təbliğat-təşviqat zamanı bildiyiniz kimi çox qısadır. Təşviqat mərhələsinin böyük hissəsi televiziya çıxışlarına həsr olunduğundan hər yerə gedib-gəlmək olmur. Bu baxımdan imzkan olduğu halda Naxçıvana səfər etmək niyyətim var”.


Müsahibimiz deyib ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda  da insanların köməkliyi ilə təşviqat aparmaq mümkündür:


“Bizə müəyyən maliyyə  köməkliyi edən olub. Təbii, bu, çox cüzi miqdar təşkil edir. Düşünürəm ki,  bəlkə də maddi vəsaitlərimizi bir qədər də artıra bildik. Yəni mövcud resurslarımız var. Partiyamızın üzvlərinin, təəssübkeşlərinin, dost-tanışların yardımı ilə təşviqat mərhələsini aparmağa çalışacağıq. Amma hazırda əsas məsələ  internet vasitəsilə nəsə edə bilməkdir. Sosial şəbəkələr vasitəsilə kampaniya apara bilirik. Bu baxımdan bütün diqqətimizi ancaq bu sahəyə yönəltmək istəyirik. Çünki daha böyük təbliğat-təşviqat aparmaq üçün ciddi maliyyə vəsaiti lazımdır. Bunu da ancaq dediyim kimi imkanlarımız  çərçivəsində etməyə çalışırıq”.

Qeyd edək ki, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir