Modern.az

“Türk Ordusunun Afrin əməliyyatı Azərbaycan Ordusu üçün əyani dərslik, nümunə oldu”  

“Türk Ordusunun Afrin əməliyyatı Azərbaycan Ordusu üçün əyani dərslik, nümunə oldu”   

19 Mart 2018, 16:18

Bu il yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başladı. “Zeytun budağı” adlanan əməliyyat çərçivəsində dünən Türkiyə və Azad Suriya Ordusu Afrin şəhərini nəzarətə götürüb. Bununla da Afrin terrorçulardan tam olaraq azad edilib.

Milli Məclisin deputatları bu dəfə Modern.az saytına  Türkiyə və Azad Suriya Ordusu Afrinin terrorçulardan azad edilməsindən danışıblar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Afrinin mərkəzini nəzarət altına almaqla Türkiyə ordusu mənsub olduğu dövlətin regional gücünə böyük töhfələr verib. 

"Biz məhv edilən terroçuların sayını və dağıdılan istehkamları saymaq istəmirik. Əməliyyatın ən böyük nəticəsi məhz siyasi və təhlükəsizlik baxımından misilsizdir. Elə bu gün Türkiyə prezidenti Rusiyanın yeni prezidentini qələbə münasibətilə təbrik edəndən sonra Moskvadan da eyni atəşli salyutu öz ünvanına gözləyəcək.  Çünki Rusiya və Türkiyə hərbi müttəfiqliyi təkcə Suriyanın gələcəyi üçün deyil, bütövlükdə regional geopolitikanın əsas məhək daşına çevrilməlidir”.


Deputat bildirib ki,Türkiyə ordusunun qalibiyyətini həm də Azərbaycanın uğuru kimi qəbul edə bilərik.

“Çünki qərar verilincə, onu ilk müdafiə edən bizlər olduq. Mehmetciklərin hava hücumu, artilleriya qüvvələrinin çox çətin relyefdə necə uğurla hərəkət etmələri, yerli xalqın dəstəyini qazanmaq üçün həyata keçirilən humanitar missiyalar həqiqətən də hərb sənətinin unudulmaz səlnamələridir və bizlər üçün örnəkdir. Azərbaycan ordusu üçün Afrin əməliyyatı əyani dərslikdir. Bu, təkcə mənəvi fəxarət ünvanı deyil, həm də Türk igidləri ilə birgə qarşıdakı zamanda hər sətri öyrəniləcək döyüş tarixidir.  Şəhidlərin ruhunu anmaq üçün əsgərlərin ifadə etdiyi əzəmətli raporu yaylım atəşin altında dinləmək hər kəsi qürurlandırır, güc və qüvvət verir. Azərbaycan Afrin uğurunu işağal altında olan hər bir evi, kəndi, qəsəbəsi üçün təkrarlamağı bacarmalıdır”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib ki, bəlkə də Türk ordusu Afrini bir az gec terrorçulardan azad etdi:

“Amma o əməliyyyatlar çərçivəsində demək olar ki, bir sivilin də burunu qanamadı. Budur Türk ordusunun böyüklüyü. Hesab edirəm ki, biz bu məsələni düzgün təbliğ etməliyik. Çünki Türk ordusunun gücü, mahiyyəti anlaşılmalıdır. Türklər bütün dünyaya göstərdilər ki, insanlığa dəyər vermək nə deməkdir. Kimliyindən asılı olmayaraq hər bir kəsin qayğısına qalmaq nə deməkdir. Hətta orada türklər tərəfindən vuruşan kürdlər də böyük bir anlayış ortaya qoydular ki, biz türklə düşmən deyilik. Biz sadəcə başqasının əlində vasitə olaraq türkə qarşı çevrilən kürdü qəbul etmirik. Bu anlayış çox önəmliydi”.

Deputat qeyd edib ki, Türkiyə dövləti Afrini terrorçulardan azad edəndən sonra, ora işğal zonası kimi baxmadı.

“Afrini yerli əhaliyə təhvil verdi.  Bununla da Türkiyə göstərdi ki, başqaları kimdi orada hərbi  rejim və üsul-idarə qurmur. Orada əhalinin özünü idarə edəcək demokratik bir təchizat qurur. Hesab edirəm ki, bu da olduqca önəmlidir. Çanaqqala döyüşünün 103-cü ildönümündə bu qələbənin əldə edilməsi ruhani bir anlam verir. Türk ordusunun bu qələbəsi bizim üçün də nümunə olmalıdır. Yaxşı hazırlaşsaq, təşkilatlansaq, hədəfə doğru yürüməyi bacarsaq, bizim də həll olunmamış problemimiz qalmaz”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayevin sözlərinə görə, Türkiyə ordusu çoxdan Afrini terrorçulardan azad etməliydi:

“Sadəcə məqam yetişmirdi. Türkiyənin burada milli maraqları var. Türkiyəni bu gün ittiham edirlər ki, bu boyda əraziyə görə niyə bu qədər şəhid verib. Hesab edirəm ki, Türkiyə bu müharibədə əlindən gələni edir. Bu çox böyük qələbədir. Fikrimcə, Türkiyə ordusu Afrini bir həftə öncə terrorçulardan azad edə bilərdi. Ancaq yəqin bu da milli maraqlardan irəli gələn bir məsələdir ki, Türkiyə nöqtəni məhz martın 18-də Çanaqqala zəfərinin 103-cü ildönümündə qoydu. Bu, bəlkə də tarixdə, yaddaşlarda qalsın deyə seçilmiş bir proqramıydı. Amma bütün hallarda bu Türkiyə dövlətinin, millətinin, ordusunun şanlı qələbəsidir”.

 

Deputat bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın nəhəng liderlərindən biridir.

“Hesab edirəm ki, gələcəkdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında universitetlərdə, dərsliklərdə məlumatlar olacaq. Bu zəfər də daxil olmaqla onun ən böyük uğuru ondan ibarətdir ki, Türkiyə bu gün ilk dəfə olaraq dünya miqyasında üçüncü güc kimi ortaya çıxıb. Rusiya və Amerika bütün gücləri sıxışdırıb aradan çıxarırdılar. Türkiyədəki sonuncu dövlət çevriliş cəhdi də onun dünyada 3-cü güc kimi ortaya çıxmasına yönəlik bir cəhd idi. Bu gün isə Türkiyə dünyada 3-cü ən böyük gücdür. Mən bu zəfər münasibətilə qardaş ölkəni təbrik edirəm. Ən böyük arzum odur ki, biz də Qarabağda qalibiyyət əldə edək və Türkiyə millət vəkilləri də Azərbaycanın Qarabağ qələbəsi haqqında açıqlama versinlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi