Modern.az

Azərbaycan həqiqətlərini ABŞ-da yayan gənc: “Ermənilərin birtərəfli məlumat axınına maneə yaranıb” - MÜSAHİBƏ

Azərbaycan həqiqətlərini ABŞ-da yayan gənc: “Ermənilərin birtərəfli məlumat axınına maneə yaranıb” - MÜSAHİBƏ

Mədəni̇yyət

20 Mart 2018, 09:43

Yusif Babanlı 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbi Sumqayıt şəhəri Təbii Elmlər Gimnaziyasında bitirib. "Azadlığa Dəstək Aktı" (Freedom Support Act) tərəfindən maliyyələşdirilən "Gələcəyin Liderləri Mübadiləsi" proqramı çərçivəsində keçirilən müsabiqədən uğurla keçərək, 1995-1996-cı illərdə təhsilini Amerika Birləşmiş Ştatların Missuri ştatının Seynt Luis şəhərində davam etdirib.

ABŞ-da məktəbi bitirdikdən sonra, 1996-cı ildə Qərb Universitetinin Regionşünaslıq fakultəsinə qəbul olunub, 2000-ci ildə həmin universitetdən Amerikaşünaslıq üzrə bakalavr dərəcəsi alıb. Ali təhsilini ABŞ-da davam etdirərək, 2002-ci ildə Missuri ştatında yerləşən Lindenwood Universitetində Siyasi Elmlər üzrə ikinci bakalavr dərəcəsini, 2005-ci ildə isə Maliyyə üzrə magistr dərəcəsini alıb. 2017-ci ildə dünyanın konfliktologiya üzrə ən nüfuzlu tədris müəssəsi sayılan Corc Meyson Universitetinin nəzdində fəaliyyət göstərən "Münaqişə təhlili və həlli" məktəbini bitirib, Münaqişə təhlili və həlli üzrə magistr (Master of Science) dərəcəsini alıb.
Modern.az onunla müsahibəni təqdim edir:

-         Yusif bəy, siz karyerasında uğurlar əldə etmiş bir gəncsiniz. Odur ki, fikirləriniz və əgər varsa, verəcəyiniz bir resept gənclərimiz üçün əhəmiyyətli və maraqlı ola bilər. Bu uğurların sirri nədir, əsasında nələr dayanır?

-         İnsanın həyatda əldə etdiyi hər bir uğur onun əhatə edən bir çox faktorlardan asılıdır. Uğur əldə etmək üçün standart bir resept yoxdur. Zənnimcə, hər bir insan uğura sahib olmaq üçün, həyatında, karyerasında dəqiq məqsəd və bu məqsədə nail olmaq üçün aydın yol müəyyən etməlidir. Eyni zamanda, məqsədə nail olmaq üçün həmin yolda bu prosesə təsir göstərə biləcək gözlənilməz hallara və hadisələrə uyğunlaşmağa və adaptasiya etməyə hazır olmaq lazımdır. Ən əsası isə məqsədə sadiq qalmaq, heç vaxt dönməmək və bu yol boyu improvizasiya etməyə qadir olmaq lazımdır, çünki həyat hər zaman və hər vəziyyətdə qeyri-standart olduğuna və sürprizlərlə dolu olmağına görə gözəldir. Təhsil uğura nail olmaqda əsas vasitədir. Bu, o deməkdir ki, yeni zirvələri fəth etmək üçün, insan öz təhsil potensialını hər zaman artırmağa çalışmalıdır. Dünyada, cəmiyyətdə müşahidə olunan tərəqqiyə uyğunlaşıb, inkişaf etmək lazımdır.

 

-         Dediyiniz kimi, yaxşı təhsil uğurlu karyera üçün çox mühüm baza rolunda çıxış edir. Orta və ali təhsil illərinizi necə xatırlayırsınız? Nələrə xüsusi olaraq diqqət etmisiniz?

 

-         Bildiyiniz kimi, Azərbaycanın təhsil sistemi Qərb ölkələrdə mövcud olan təhsil sistemindən fərqlənir. Azərbaycanın orta məktəblərində ümumi təhsilə üstünlük verilirsə, ABŞ-da məktəbin son illərində azad seçimə daha çox yer verilir. Yəni, tədris proqramının baza tələblərini qarşıladıqdan sonra, şagirdə özünə daha maraqlı görünən fənnləri götürməyə icazə verilir. Bu şagirdin öz maraqlarına uyğun inkişaf edib, ona maraqlı olan sahəyə yönəltmək üçün edilir. Məsələn, illik tədris proqramında hüquqa marağı olan şagirdin bilik bazasını humanitar fənnlərlə dolğun edib, təbii elmlərə aid olan fənnləri azaltmaq olur. Orta məktəbin axırıncı sinfini ABŞ-da oxuduğuma görə, bu mənim də həyatımda müəyyən rol oynayıb. Onu da qeyd edim ki, əldə olunan bilik, xüsusilə də indiki zamanda, informasiya mübadiləsinə əsaslanır. Yəni əvvəllər informasiya birtərəfli, ancaq müəllimdən tələbəyə leksiya formatında çatdırılırdısa, hazırda bu təhsil prosesi təkmilləşib və daha çox seminar formatında keçirilir. Bu, o deməkdir ki, tələbələr internet, əlçatan ədəbiyyat vasitəsilə, informasiya mübadiləsinə daxil olurlar və biliklərini yoldaşları və müəllimləri ilə bölüşürlər. Bu, həm də o deməkdir ki, tələbə yalnız professor tədris etdiyi məlumata arxalanmır, əlavə olaraq kənar mənbələrdən də məlumat əldə edir. Hər halda, ABŞ-da bu formata daha çox üstünlük verilir və bu proses öz bəhrəsini verir. Dolayısı ilə, müəllim tələbə üçün yalnız birtərəfli məlumat vermə deyil,  tələbəni yönəltmə və tələbələr arasında informasiya mübadiləni asanlaşdırması rolunu oynayır. Mən də təhsilimi əsasən bu formada aldığıma görə, təhsil müəssəsində aldığım təhsildən başqa, digər informasiya mənbələrinə də müraciət etmişəm.

Mən Qərb Universitetində təhsil aldığım illəri  indi xoş hisslərlə xatırlayıram. Bu təhsil müəsisəsinin çox peşəkar və istedadlı müəllimləri və administrasiyası var idi. Bununla yanaşı, universitetdə oxuyan tələbələr də yüksək biliyə və mədəniyyətə malik olan insanlar idi. Bu da öz növbəsində universitetdə yüksək bilik almağa imkan yaradırdı. Qeyd edim ki, o zamanlar Qərb Universitetində oxuyan tələbələrin böyük hissəsi ABŞ-da, Böyük Britaniyada və digər qərb ölkələrində orta təhsili almış tələbələr idi.
 

-         ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi və idarə heyətinin üzvüsünüz, "Hyuston azərbaycanlıları” təşkilatının həmtəsisçisi və vitse-prezidenti, eyni zamanda Azərbaycan-Amerika Şurasının direktorlar şurasının üzvü olmusunuz. Bu təşkilatlar ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsində, eləcə də Azərbaycan həqiqətlərinin amerikalılara çatdırılmasında nə kimi işlər görə bilir?

 

-         Ümumiyyətlə, istənilən diaspor təşkilatının yaranması müsbət haldır. İcma üzvlərini bir araya gətirməkdə bu təşkilatlar əsaslı rol oynayır. Hazırda qeyd etdiyiniz təşkilatlardan ABŞ Azərbaycanlıları Şəbəkəsi fəaliyyətini aktiv  şəkildə davam etdirir. Bu təşkilatı biz 2007-ci ildə digər fəallar Adil Bağırov və Bədir Məmmədli ilə birlikdə təsis etdik. Təşkilat ümumamerika miqyaslı birinci layihəmiz oldu. Bu, təşkilatın həmtəsisçilərinin, direktorlar şurası üzvlərinin könüllülüyünə əsaslanan çox uğurlu layihədir. Buraya ABŞ Azərbaycan İcmasının nümayəndələri ilə yanaşı, həm də məshəti türkləri, amerikalılar, yəhudilər, ruslar, beloruslar, özbəklər, türkmənlər, Birləşmiş Ştatların bir sıra başqa etnik icmalarının nümayəndələri daxildir.

Biz yazılı kampaniyalar keçirilməsi ilə fəaliyyətə başladıq. Bu kampaniyalar indi də davam edir. Fəaliyyətimizin elə birinci ilində ilk nəticələr göründü – ABŞ qanunvericiləri müvafiq qətnamələr və qərarlar qəbul etdilər. Düzdür, həmin qətnamələri qlobal qələbə adlandıra bilmərik, lakin onlar hər halda müəyyən nəticələr verəcək sonrakı qətnamə və sənədlər üçün bir növ təməl oldu. Biz qanunvericilərlə, siyasi xadimlərlə, səfirlərlə görüşlər təşkil edirik. Bu halda bizim nail olmağa çalışdığımız ən başlıca məqsəd amerikalıları, o cümlədən qərarlar qəbul edilməsi onlardan asılı olan şəxsləri Ermənistanın təcavüzkar siyasəti, dinc sakinlərə qarşı törədilmiş cinayətlər, Xocalı, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban qırğınları, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatlandırmaqdır. Lakin bizim fəaliyyətimiz ABŞ-dakı Azərbaycan icması üçün vacib olan başqa məsələlərə, o cümlədən immiqrasiya, vergitutma və başqa məsələlərə də şamil edilir.

Bizim fəaliyyətimizin əsas istiqamətlərindən biri də ABŞ-Azərbaycan münasibətlərinin inkişafına kömək etmək, Azərbaycanın enerji və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində ABŞ üçün əhəmiyyəti, ölkədəki bütün etnik azlıqlara tolerant münasibət barədə Amerika ictimaiyyətini məlumatlandırmaqdır. Biz başqa diaspor təşkilatları, məsələn, yəhudi icması ilə sıx əlaqə saxlayırıq. Direktorlar Şurasının üzvləri arasında Qarabağ müharibəsi veteranları, Azərbaycanın Qarabağ regionundan məcburi köçkünlər, İrandan olan etnik azərbaycanlı immiqrantlar da var. Amerikalı siyasi xadimlərlə görüşlərdə onlar da iştirak edirlər.

 

-         Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ABŞ-ın ictimai fikri necədir?

-         Son 25 ildə Ermənistan-Azərbaycan münaqişəsi haqqında ictimai fikir məhdud məlumat əsasında qurulub. Belə ki, erməni lobbisinin maddi imkanlarını və icma üzvlərinin sayını, habələ ABŞ-da 80 ildən artıq mövcud olduğunu nəzərə alsaq, Amerikada ictimai fikir əsasən ermənilərin 1990-cı illərdə yayımladığı yanlış məlumatlara əsaslanır. Buna görə son 15 ildə, Azərbaycandan Amerikaya mühacir edən insanların sayının artması və nəticədə Azərbaycan icmasının fəallığının artması nəticəsində, ermənilərin birtərəfli məlumat axınına maneə yaranıb. Bu səbəbdən, ictimai fikir tədricən dəyişməyə başlayıb. Amerikalılar aydın görürlər ki, beynəlxalq sərhədlərin güc hesabına süni şəkildə dəyişdirilməsi dünyada inkişaf və sabitliyə maneə yaradır. Vaşinqton kimi böyük şəhərlərdə siyasəti başa düşən və ümumiyyətlə, beynəlxalq əlaqələri tədqiq edən insanlar anlayırlar ki, qeyri-müstəqil Ermənistan başqa böyük dövlətin müstəmləkəsidir və o böyük dövlətin və ya dövlətlərin regionda siyasətini həyata keçirir. Bu siyasət post sovet məkanında, bir neçə dövlətin ərazisində regional münaqişələr vasitəsilə həyata keçirilir.

 

-         Fotolarınız arasında Lütfizadə ilə birgə çəkilmiş şəkil də var. Mərhum həmyerlimizlə əlaqələriniz, görüşləriniz olurdumu?

 

-         Dahi azərbaycanlı alimlə mən bir dəfə görüşmüşəm. O da, 2014-cü ildə Berkli Universitetində keçirilən konfrans zamanı. Amma Lütfi bəy elə bir insan idi ki, adamla tanış olan kimi, ona isinirdi. Elə təsəvvür yaranırdı ki, çoxdan tanışıq. Lütfi Zadə Azərbaycanı çox sevirdi. Bunu onun nitqlərində, onun azərbaycanlılarla ünsiyyətdə olduğu zaman görmək olurdu. Alimin dünya elminə töhfəsi çox böyük olub. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır