Modern.az

Prezidentliyə namizəd: “Təşviqat üçün maddi imkanlar çox məhduddur

Prezidentliyə namizəd: “Təşviqat üçün maddi imkanlar çox məhduddur

Aktual

20 Mart 2018, 10:32

Artıq  növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqat başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

Namizədlər bu mərhələdə hansı  işlərin görülməsini planlaşdırırlar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Modern.az saytına açıqlamasında deyib ki, artıq Azərbaycanın bütün rayonlarında məntəqələrin lövhələrinə portretlər vurulmağa başlayıb:

“O cümlədən xüsusi kitabçalar paylayacağıq, təxminən 50 min civarında. Bunlar birbaşa bizim proqramımızla bağlıdır. Həmçinin, üzərində portretlər  və şüarımızın əks olunduğu xüsusi avtomobillər hazırlatmışıq. Bunlar da təbliğat vasitəsi kimi şəhərdə istifadə oluncaq. Təbii ki, televiziyada canlı və pulsuz efir vaxtından, eləcə də radiodan istifadə etmək fikrimiz var. Müəyyən kütləvi informasiya vasitələrində, dövlət qəzetlərində bizə ayrılan yerlərdə yazılar dərc olunacaq. Artıq bununla əlaqəli materiallarımız hazırdır. Üzümüzə gələn günlərdə təqdim edəcəyik”.

Deputat qeyd edib ki, rayonlardan  xüsusilə Naxçıvanda təşviqat işləri aparılacaq:

“Biz  orada kitabçalarımızı paylayıb, portretlərdən istifadə edəcəyik. Böyük meydanlarda görüşlə bağlı isə bir neçə yerlər müəyyənləşdirmişik. Bunlar Sumqayıt, Şirvan və başqa  məkanlardır. Lakin bu, hələ də müzakirə mövzusudur, hələ zamanımız var”.

F.Quliyevin sözlərinə görə, təşviqat üçün maddi imkanlar çox məhduddur:

“Bizim maddi imkanlarımız çox olsaydı, pullu efir vaxtlarından istifadə etməyə çalışardıq və daha ciddi təbliğat proqramı qurardıq. Çünki seçkilər partiya üçün  kifayət qədər önəm kəsb edir. Bu sayədə partiya həm öz gücünü yoxlayır, həm də öz fikirlərini cəmiyyətə aşılayır. Amma biz imkanlarımıza görə hərəkət edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar