Modern.az

“Yaxın Şərqin sultanı” adı Ərdoğanı çox xoşhal edib... (MÜSAHİBƏ)

“Yaxın Şərqin sultanı” adı Ərdoğanı çox xoşhal edib... (MÜSAHİBƏ)

3 Avqust 2011, 10:41

Qabil Hüseynli: “Regional güc kimi Türkiyəyə nə pay düşəcək, bəlli deyil”

Politoloq hesab edir ki, Ankara “yeni dünya düzəni” layihəsinin aktiv icraçısına çevrilib

Modern.az saytı politoloq, Prezidentin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri Qabil Hüseynli ilə müsahibəni təqdim edir

- Qabil bəy, son dövrlərdə Türkiyə xarici siyasətində əsas diqqətini ərəb ölkələrinə yönəldib. Sanki Türk dünyası deyilən bir anlam Ankara üçün ərəblərlə müqaisədə arxa plana keçib. Bu tendensiyanı necə izah edə bilərsiniz?

- Zənnimcə burda həqiqət payı var. Türkiyənin xarici siyasəti həmişə ehtiyatlı və bir qədər ürkək olub. Amma son dövrlərdə Türkiyə siyasətində bir fəallaşma, özünü regional güc kimi isbat etmə əlamətləri təzahür etdirir. Bu ən çox ərəb dünyasına yönəlik bir siyasətdir və özünütəsdiqdə ərəb dünyasına yönəlik siyasətdə daha çox təzahür edir. Məsələn, Misir inqlabı zamanı Türkiyə Misirdə xeyli fəal idi, Liviyada gedən proseslərə Türkiyə fəal sürətdə müdaxilə edir, Suriyada gedən proseslərə münasibətdə ora qoşun yeritmək kimi fikirlər belə, daxili müzakirələrdə özünə yer tapmışdı. Ankara Fələstin problemi ilə uzun illərdir ki, məşğul olur və hətta buna görə İsraillə münasibətləri pozmaq dərəcəsinə çatıb.  Bu səbəbdən ərəblər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana “Yaxın Şərqin sultanı” kimi bir ad veriblər. Ərdoğan da bundan çox xoşhal olur və bu mənada ərəb dünyası ilə ilişgilərə çox böyük önəm verir.  Türk dünyasına qarşı münasibətə gəlincə, düzdur Türkiyə Azərbaycanla münasibətlərə müəyyən diqqət ayırır. Amma Türkiyənin xarici siyasət potensialının böyük bir hissəsi məhz ərəb dünyasına doğru yönəldilir və orada müəyyən siyasi dəyərlərin həyata keçməsi üçün sərf edilir.

- Bunun səbəbini nə ilə izah etmək olar?

- Qərb tərəfindən “yeni dünya düzəni” deyilən bir anlayış var. Bu anlayışa əsasən qloballaşan dünyanın dəyərləri, ilk növbədə demokratiya və insan haqları ilə bağlı olan dəyərlərin bütün dünyada yerləşdirilməsi, Qərbin siyasi sisteminə bənzər  sistemlərin və idarəetmə metodlarının bərqərar edilməsi və s. daxildir. Türkiyə özünün  cəhdləri ilə Qərbin bir növ bu məkanda, müsəlman dünyasında sözçüsu və Qərbin bəzi niyyətlərinin həyata keçirmək missiyasını öz üzərinə götürməyə çalışır və bəzi yerlərdə də buna nail olur. Bu nöqtəyi - nəzərdən Türkiyənin sürətlə İsraillə yaxınlaşdırılması və İsrailin Türkiyədən üzr istəməyə hazırlaşması da dediyimiz məqsədlərin reallaşdırılmasına, Qərbin Yaxın Şərq projesinin gerçəkləşdirilməsinə yönəldilib. Mənim zənnimcə Yaxın Şərq projesində Türkiyəyə regional güc kimi önəmli  bir yer ayrılır.

- Xarici siyasətdə əsas məqamlardan biri nəsə götürmək məsələsidir. Bu, dünyanın hər yerində təbii qəbul olunur. Sizcə Türkiyə burdan  öz payını götürə biləcəkmi? Yoxsa Türkiyənin bu siyasətinin iflasa uğraması təhlükəsi qaçılmazdır?

- Qayda belədir: əgər əvvəldən proseslərə daxil olursansa, sonradan danışıqlar stolu ətrafında sənə yer ayırırlar. Yox proseslərə gec daxil olursansa və yaxud heç  daxil olmursansa, onda danışıqlar stolu ətrafında sənə stul çatışmır. Türkiyə proseslərə, məsələn Livyaya əvvəl bir qədər  ehtiyatla yanaşdı və  sonra sürətlə bu proseslərin içərisinə daxil oldu, Suriya ilə proseslərə əvvəlcədən daxil olub, Misir proseslərinin içərisində idi. Mən demirəm Türkiyənin danışıqlar stolu arxasında stulu olmayacaq. Danışıqlar stolu arxasında Türkiyəyə yer ayrılacaq və  Ankara bərabərhüquqlu tərəf kimi danışıqlar stolu ətrafında iştrak edəcək. Amma regional güc kimi ona nə düşəcək, onun payı nə olacaq, onu söyləmək çətindir. Türkiyə bu proseslərə təzə qatıldığına görə, bu proseslərdə təzə iştrak etdiyinə görə, yəqin ABŞ, Böyük Britaniya və  Fransa kimi pay sahibi olmayacaq.

- Bu fəallığı Türkiyənin İraq müharibəsində buraxdığı səhvlərin nəticəsi saymaq olarmı?

- Türkiyə İraq məsələsində çox ciddi səhvlərə yol verdi. Bunun  hesabına da  İraq türkmənlərini   bəlada qoydu və eyni zamanda kürdlərin İraqın Şimalında müstəqil dövlət yaratmasına imkan verdi. Müstəqil olmasa da, müstəqilliyə yaxın bir dövlət quruldu. Türkiyə strategiyası o zaman Ərdoğan və onun adamları tərəfindən bəyənildi, amma sonradan onlar başa düşdülər ki, bu siyasət yanlış siyasətdir və Türkiyənin statusuna uyğun nəticələrə  gətirib çıxarmır. Çünki hər yeni bir hərəkatdan sonra Türkiyənin ətrafında ona düşmən olan qüvvələr daha da fəallaşırlar. Türkiyə sözsüz ki, İraq hadisələrindən ciddi nəticələr çıxartdı və indi  həmin bölgədə baş verən proseslərdə fəal iştrakçıya çevrilib.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub