Modern.az

Ağstafada   tank əleyhinə mina tapıldı

Ağstafada   tank əleyhinə mina tapıldı

20 Mart 2018, 23:59

Martın 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ağgöl kəndində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan  Modern.az-a verilən  məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hərbi hissənin yaxınlığına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar olunub və zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən martın 20-dək Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 8 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbiristanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2390 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28 795 kvadratmetr ərazi yoxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...