Modern.az

Prezidentliyə namizəd Zahid Oruc: “Tramp qədər maliyyəmiz yoxdur”  

Prezidentliyə namizəd Zahid Oruc: “Tramp qədər maliyyəmiz yoxdur”   

Aktual

21 Mart 2018, 13:03

Martın 19-dan etibarən Azərbaycanda aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin təşviqatı başlayıb. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.


Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc Modern.az saytına bu mərhələdə görüşləcək işlərdən danışıb:

“Bildiyiniz kimi ötən seçkilərdən fərqli olaraq bu dəfə efir məkanında təbliğatın qrafiki dəyişdi və bu, namizədlərin öz arzusu ilə baş verdi. Əvvəlki illərdə bir gündən bir olmaqla həftənin birinci, üçüncü, beşinci günlər çıxışlar televiziyada, ikinci, dördüncü və altıncı günlər isə radioda gerçəkləşib. Bu isə öz növbəsində real olaraq cəmiyyəti əhatə etməyə imkan vermirdi. Amma hazırki seçkilərdə bütün namizədlər belə bir razılaşma protokolu imzaladılar ki, debatların vaxtı həftənin ilk üç günü olsun. Qarşıdakı dörd gün ərzində isə bölgələrə getmək,insanlarla canlı ünsiyyət qurmaq, görüşlər keçirmək imkanı olsun.Açıq desəm, təşviqat qrafikini tərtib edirik. Yaxın günlərdə bunu mediaya da bildirəcəyik və arzu edənlər tədbirlərə qatıla biləcəklər. Əlbəttə, bu imkan verir ki, daha çox canlı görüşlər olsun, insanlar problemlərini, narazılıqlarını bildirsin. Əslində belə də olmalıdır. Doğrusu, 21gün təbliğat zamanı ölkəni əhatə etmək mümkün deyil. Amma hazırkı dövrdə biz əsas məsələləri cəmiyyətə çıxarmağa düşünürük. Seçicilərin düşüncələrinə təsir edib rəğbət qazanmaqdan daha çox ölkənin gələcək həyatında siyasi gündəmin formalaşmasında iştirak etmək bir namizəd kimi məqsədimdir.O cümlədən gələcək hökümətin formalaşması prinsipinə təsir göstərməkdir. Hədəfimizə görə qrafikimizi müəyyənləşdirmişik”.


Zahid Oruc deyib ki, böyük meydanlarda görüş seçki komandası tərəfindən götür-qoy olunur:

“Keçən dəfə biz “Məhsul” stadionunda sonda bir aksiya keçirmişdik. Böyük ehtimalla belə bir variant mövcuddur. Amma nəzərə alaq ki, biz rayonlara daha çox üz tutacağıq. Mümkündür ki, bəzi görüşləri rəsmi ayrılmış yerlərdə keçirək. Digər tərəfdən, bölgələrdən xüsusilə Naxçıvanın strateji önəmi bizim üçün çoxdur. Nəzərə almalıyıq ki, bu illər ərzində Naxçıvan inkişaf edib, yenidən qurulub. Ən önəmlisi Türkiyə və Azərbaycanın dayağına çevrilib, son illər Ermənistan üçün daha artıq təhlükə doğurur. Ona görə də təşviqat zamanı Naxçıvana getmək də planlarımız içindədir”.


Deputat qeyd edib ki, seçki prosesinə qoşulanlar mütləq öz imkanlarını səfərbər etməlidir:

“Bu cəhətdən bizim də seçki fondumuz yaradılıb. Bunu rəsmi olaraq Beynəlxalq Bankda açdığımız hesabla reallaşdırmışıq. Bu səbəbdən aksiyaları elə bir səviyyədə aparacağıq ki, təşkilati işlərin qurulması və digər məsələlərə maddi vəsaitimiz çatsın. Bu baxımdan bəlli bir smentamızı hazırlamışıq. Hər halda ABŞ prezidenti Donald Tramp qədər maliyyə vəsaitimiz yoxdur. Bilirsiniz, ayrılan maddiyyatın da kvotası var, 10 milyondan artıq ola bilməz. Hər bir halda seçkilərə ayırdığımız pul bəllidir və sonda hesabımıza nə qədər vəsaitin daxil olduğunu, nə qədər pul xərclədiyimizi deyəcəyik”.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi