Modern.az

Avropa salonlarında çalınan Qəbələ pianoları… (FOTOLAR)

Avropa salonlarında çalınan Qəbələ pianoları… (FOTOLAR)

Reportaj

3 Avqust 2011, 12:46

RLS və  “Jalə” suları ilə tanınan rayonda buraxılan “Beltmann” markalı musiqi aləti 25000 manata satılırmış

Qərb müsiqi aləti piano zaman-zaman Şərq aləmində də populyarlaşaraq özünü elitar sayan ailələrin məişətinə daxil ola bilib. Vaxtilə varlı ailələrin evlərində pianonun olması onlar arasında bir elit göstərici sayılıb.
İtalyan sözü olan “piano” “ahəstə səslə çalmaq” deməkdir. Bu klavişli musiqi aləti ilk dəfə 1700-cü ildə İtaliyanın Florensiya əyalətində Bartolommeo Kristofori tərəfindən hazırlanıb. Alət sonralar ayrı-ayrı şəxslər tərəfindən bir qədər təkmilləşdirilib.
Bu gün dünyada bir sıra məşhur piaonu markaları tanınır. Bunlardan “Grotrian steinweg”, “Carlibah”, “Zimmerman” (Almaniya), “Hoffmann czerny” (Avstriya), “Challen” (İngiltərə), “Yamaha” (Yaponiya),  “Carl fisner”, “Acrosonic” (ABŞ), “Belarus” (Belarus), “Çayka”, “Lirika” (Rusiya), “Erhard”, “Pleyel”, “Gaveau” (Fransa), “Doina” (Rumıniya), “Petroff” (Çexiya),  “Calicia” (Polşa) markalarının adını çəkmək olar.

Yaxın tarixdən başlayaraq Azərbaycanda da piano istehsal olunur – Qəbələdki “Gilan” piano fabrikində. Fabrikin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun rəhbəri olduğu “Gilan holdinq” şirkətlər qrupuna daxil olduğu bildirilir.

“Gilan” fabriki 2009-cu ilin sentyabrında 3 pianonun hazırlanması ilə fəaliyyətə başlayıb. Burada “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələdəki “Gilan” fabrikində istehsal olunur.
Rəsmi məlumatlara görə, piano fabrikin beynəlxalq standartlara cavab verən sexlərində yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikin ildə 1200-1500 piano istehsal edə bilmək imkanı var. Hazırda 120 nəfərin çalışdığı müəssisənin tam gücü ilə işləməyə başlayandan sonra işçilərinin sayının 350-yə çatdırılacağı qeyd olunur.
“Gilan” piano fabrikinin rəsmi açılış mərasimi 2010-cu ilin fevralında olub. O zaman Prezident İlham Əliyevə fabrikdə istehsal olunmuş piano da bağışlanılıb.

Bəs nəyə görə fabrik “Beltmann” markalı pianolar buraxır?

“Gilan” piano fabrikinin saytında verilən məlumata görə, 1901-ci ildə Niderland Krallığında Yohann Beltmannın əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə onun nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstər. 1983-2002-ci illərdə bu fabrikdə 10 mindən çox musiqi aləti istehsal edilib. Sonra müəssisə fəaliyyətini dayandırıb.  
2002-ci ildə Hans Leferink Azərbaycana alman piano fabriki üçün dizayner/istehsalat direktoru və xarici mütəxəssis vəzifəsinə dəvət edilib və 2008-ci ilə qədər Azərbaycanda qalıb. Nəhayət 2008-ci ilin fevral ayında Qəbələdə yeni piano fabrikinin dizaynına başlanılıb. Həmin ilin oktyabr ayında isə Qəbələdə “Gilan” piano fabrikinin konstruksiyasına başlanılıb.  2009-cu ilin sentyabrında fabrikdə 3 pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalı başlayıb.

İndi Qəbələdəki “Gilan” piano fabrikinə həmin o almaniyalı sahibkar -  Hans Lefernik Beltmann rəhbərlik edir. Türkiyənin “Hürriyət” qəzetinə müsahibəsində Hans Beltman fabrikdə hazırlanan pianoların hamısının əl işi olduğunu deyib. Onun sözlərinə görə, fabrikdə xeyli yerli işçi çalışır ki, onların da heç birinin əvvəllər bu sahədə təcrübəsi olmayıb. H.Beltmannın sözlərinə görə, yerli işçilərə bir neçə ay musiqi alətini düzəltməyi öyrədiblər. Beltmann bildirib ki, indiyədək “Gilan” fabrikində 500 ədəd piano hazırlanıb. 

«Biz zəhərli olduğu üçün poliesterlə işləmirik» deyən H. Beltmann qeyd edir ki, Azərbaycana fabrik açmağa dəvət olunan zaman da yeganə şərti bu olub:
«Çünki mən insanları öldürmək istəmirəm. Biz işi tamamlamaq üçün təbii, qeyri-toksik materiallardan istifadə edirik».

Beltmann bildirib ki, “Gilan” piano fabrikinə ağac Almaniya, Çexiya və Avstriya arasında yerləşən kiçik kənddən gətirilir: «Dünyada ən yaxşı ağac oradadır. Tonun əla olması üçün pianinonun taxtası mükəmməl olmalıdır». 
Fabrikdə 330 nəfərlik konsert zalı var. H. Beltmann deyir ki, burada pianino akademiyasının yaradılması da planlaşdırılır. 

Hans Beltmann deyir ki, Qəbələdə buraxılan “Beltmann» pianolarının Almaniyada sərgi zalı var. Daha iki sərgi zalının isə Moskva və Bakıda açılması nəzərdə tutulur.

Məlumtlara görə, Qəbələdə buraxılan “Beltmann” markalı pianolar keyfiyyətinə görə, heç də digər məşhur markalardan geri qalmır.

Bəs qiymətlər neçəyədir? “Gilan” piano fabrikinin saytında “Beltmann» pianolarının qiymətlərilə bağlı heç bir məlumat tapa bilmədik. Bununla belə qiymətlərlərlə maraqlanan əməkdaşımıza məlum olub ki, Qəbələdə buraxılan “Beltmann» pianolarının  qiyməti heç də ucuz deyil – təxminən 20-25 min manat.

Yeri gəlmişkən, müqayisə üçün bildirək ki, bu gün bazarda Rusiya istehsalı olan pianolar 5000-10.000, alman pianoları 20.000, çex pianoları 30.000 dollara satılır.  Qiymətlər alətlərin buraxılış ilindən, markasından asılıdır.

“Gilan” fabriki hələlik 3 cür “Beltmann” pianosu istehsal edir. Fabrik öz məhsullarına 10 il zəmanət də verir.
Məhsul istehsalı zamanı ağac materialı, lak, digər məmulatlar Almaniya, Fransa, Türkiyə, İndoneziya, İsveçrə və İngiltərədən gətirilir.

Sonda onu da qeyd edək ki, iyulun 22-də Qəbələdəki “Qafqaz Resorte” otelinin parkında piano akademiyası müsabiqəsi keçirilib. Müsabiqədə “Gilan”da buraxılan “Beltmann” pianolarında ifa olunub. Müsabiqənin qalibi Andrey Yaroşinski (Rusiya) 30 min dollar, ikinci yeri tutan pianoçular Mizuho Nakada (Yaponiya) və Ketevan Cakarataşvili (Gürcüstan) və üçüncü yerin sahibi Anna Kipiani (Gürcüstan) 10 min dollar pul mükafatı alıblar. Bundan əlavə, müsabiqənin finalında uğurla iştirak etmiş digər gənc pianoçulara həvəsləndirici mükafatlar təqdim olunub. Tofiq Quliyevin “Qaytağı” əsərini ən yaxşı ifa etdiyi üçün Aleksandr Vaşadzeyə (Gürcüstan) 1000 dollar pul mükafatı verilib. Bundan əlavə Fərhad Bədəlbəyli və Dimitri Yablonski gənc pianoçular Nərgiz Kəngərli (Azərbaycan) və Aleksandr Samoilovun (Ukrayna) hər birinə fərdi mükafat olaraq 500 avro verilib.





Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi