Modern.az

Bu qeyri-əxlaqi sözlərin ağır bədəli ola bilər – Aynur Camalqızı

Bu qeyri-əxlaqi sözlərin ağır bədəli ola bilər – Aynur Camalqızı

Aktual

23 Mart 2018, 15:38

“Siyasi mübarizə” apardığını iddia edən bəzi şəxslərin etikadan, əxlaqdan kənar ifadələrlə sosil şəbəkələrdə “müraciətləri” heç bir halda, heç kim tərəfindən normal qarşılana bilməz. Əksinə, həmin ifadələri işlədən insanın əxlaqı, kimliyi, mahiyyəti haqda təsəvvürlərin yaranmasına səbəb olur.

 

Bu sözləri Axar.az-a açıqlamasında “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Azərbaycan Prezidentinin köməkçisi və PA-nın şöbə müdiri Əli Həsənovun bu mövzuda müraciətini dəyərləndirərkən deyib. A.Camalqızı bildirib ki, heç kim Əli Həsənov və yaxud onun təmsil olunduğu komandanın üzvündən bircə dəfə də olsun, əxlaqdankənar ifadə eşitməyib:

 

“Amma qəribədir ki, özlərini opponent hesab edən və ölkədən xaricdə məskunlaşan bir neçə insan etikadan və əxlaqdan tam kənar sözlərdən maksimum istifadə yarışına giriblər. Onlar bilirlərmi ki, bu işlətdikləri sözləri onların ana-bacıları da eşidə, dinləyə, oxuya bilər? “Xalqım” deyə müraciət etməyə cəsarət etdikləri şəxslərə o söyüşləri necə eşitdirə, oxuda bilərlər?”

 

 

A.Camalqızı qeyd edib ki, hər işlənən söz insanın öz əxlaqının ifadəsidir:

“Həzrət Əli deyirdi ki, hər kəs dilinin altında gizlənib. Bu insanlar elə ifadələr işlədirlər ki, onların əslində başkəsən terrorçudan mahiyyət etibarilə heç bir fərqinin olmadığı üzə çıxır. Xalqın böyüklüyü təkcə yaratdığı maddi abidələrlə deyil, həm də minillərlə formalaşdırdığı əxlaqla, mənəvi bütövlüklə, milli dəyərlərlə ölçülür. Onların seçdikləri özünüifadə əslində xalqımızın əxlaqi-mənəvi abidələrinə yönələn terrordur, Azərbaycan kişisinin yüzillərdir ana-bacısının qulağı eşitməməsi üçün qoruduğu, buna görə hətta savaşa qalxdığı, canından keçdiyi pislikdir. Bu özünüifadəni sosial şəbəkədən xalqın üzünə püskürmək hamının təhqiridir, Azərbaycan kişisinə həqarət, öz ailəsinə hörmətsizlikdir”.

 

Holdinq rəhbərinin sözlərinə görə, xalqın qoruduğu elə dəyərlər var ki, onun yolunda qan da tökülür:

“Bu ifadələr münasibətlərin arzulamadığımız bir məcrayə yönəlməsinə səbəb ola və ciddi fəsadlar doğura bilər”.

A.Camalqızı bir müddət öncə media ilə bağlı keçirilən tədbir zamanı da bu məsələni qabartdığını xatırladıb:

 

 

“Ölkədən kənarda yaşayan bu şəxslər heç olmasa yaşadıqları ölkənin siyasi münasibətlərini əxz etsinlər. Türkiyə siyasi mühiti Azərbaycanda ən çox izlənən arenadır və ordakı ritorikanı hər kəs çox gözəl bilir. Qardaş ölkədə hətta ən sərt ifadələrlə tənqid zamanı belə opponentlər bir-birinə “sayın...” (hörmətli) sözünü işlədirlər və bununla öz əxlaqlarını, siyasi mübarizəni şəxsi müstəviyə keçirmədiklərini nümayiş etdirirlər. Ancaq çox təəssüf ki, bir neçə azərbaycanlı öz əxlaqlarını sosial şəbəkəyə daşımaqla xalqımız, dövlətimiz haqda olduqca mənfi rəy yaradılmasına çalışır. Bu, əlbəttə, yolverilməzdir və buna bir an tez son qoyulmalıdır”.

A.Camalqızı həmçinin qeyd edib ki, bu şəxslər ayrı-ayrı antiazərbaycan qurumlarının əlində bilərəkdən və ya bilməyərəkdən vasitəyə çevrildiklərinin fərqində olmalı, ölkə siyasətinə şəxsi zəmində aqressiv və qisasçılıq hisslərinin gətirilmə cəhdlərində rol almamalıdırlar:

 

 

“Etiraf edək ki, heç bir şəxs – vəzifəsindən və kimliyindən asılı olmayaraq – bu ağır sözləri həzm etməz. Təsadüfü deyil ki, millət vəkili Siyavuş Novruzov siyasi proseslər bitəndən sonra bu məsələyə bir insan, bir azərbaycanlı kimi qayıdacağını dedi. Əgər məmurlar siyasi ab-havanın qisasçılıq müstəvisinə keçməsinin qarşısını almaq üçün aşırı dözüm nümayiş etdirirlərsə, bundan sui-istifadə etmək və pislikləri üfürməkdə davam etmək olmaz və bu, çox təhlükəli tendensiyadır. Dəyərlərimizi sınağa çəkmək, onu aşındırmağa cəhd göstərmək insanın məhvinə gətirib çıxarır. Hər bir ziyalı buna qarşı çıxmalı və dəyərlərimizin qorunmasına çalışmalı, bu pisliyin qarşısını almaqla əslində siyasi mühitimizin gələcəyini xilas etməlidirlər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi