Modern.az

Yazıçılar Birliyini unudun!

Yazıçılar Birliyini unudun!

Mədəni̇yyət

3 Avqust 2011, 17:24

...Öncədən deyim ki, bu yazı əslində nə Yazıçılar Birliyinin, nə də sözügedən qurumun sədri hörmətli Anarın müdafiəsinə həsr olunmayıb. Çünki nə AYB-nin, nə də Anarın mənim müdafiəmə ehtiyacı yoxdur. Heç mənim də bu günədək onların müdafiəsinə ehtiyacım olmayıb. İnşallah olmaz da... Əgər olsa da belə nə Yazıçılar Birliyindən, nə də onun rəhbərliyindən dəstək gözləmirəm. Ona görə yox ki, Birliyi idarə edən şəxslər daxilən laqeyid, etinasız adamlardır. Əsla yox! Sadəcə bu qurumun mayası belə tutulub. Burada heç vaxt haqlını dəstəkləmək, məzlumun, əzilənin, gücsüzün arxasında dayanmaq ənənəsi olmayıb. Yalnız gücün və güclünün yanında dayanmaq, onu müdafiə etmək və bundan yararlanmaq ənənəsi olub Yazıçılar İttifaqında və... Birliyində. Məhz bu səbəbdən də AYİ və AYB-nin divarları arasında heç vaxt azad söz, azad ədəbiyyat yaranmayıb. Hətta bu qurumun rəhbərliyində təmsil olunan yazarlar da gerçək ədəbiyyata az-çox aidiyyatı olan əsərlərini bu divarlardan və bu divarların yaratdığı mənəvi-psixoloji basqıdan kənarda yaradıblar.

...Mənə görə, Yazıçılar Birliyində ad, şöhrət, mənzil, maşın, ictimai status əldə etməyin yolu 77 il öncə, yarandığı tarixdən necə idisə bu gün də elədir. Təbii ki, zamanın tələblərinə uyğun müəyyən kosmetik və neokosmetik dəyişikliklərlə...

Bu baxımdan, Azərbaycan Yazıçılar Birliyindən nə isə gözləmək, ummaq, bu qurumda nə zamansa fundamental olaraq nələrinsə dəyişəcəyinə ümid bəsləmək sadəcə sadəlöhvlükdür. Ciddi ədəbiyyatla məşğul olmağı arzulayan istənilən şəxs bu sevdadan əl çəkməli, müstəqil şəkildə, yalnız öz imkanlarına güvənərək hərəkət etməlidir.

Kəsəsi, Yazıçılar Birliyini unudun! Yox əgər bacarmasanız, ən azı buna cəhd göstərin...

...Yaranmış vəziyyətə görə də nə Anarı, nə Fikrət Qocanı, nə də bu qurumun rəhbərliyində təmsil olunan, yaxud olunmaq istəyində bulunan və olunacaq bir kimsəni günahlandırmaq niyyətində deyiləm. Bu gün Yazıçılar Birliyinə müxalif mövqedə dayanan istənilən şəxsi bu qurumun rəhbərliyinə gətirsən, o da ən yaxşı halda (Allahın bu qurumla bağlı ümidləri hələ də qırılmayan kəslərə rəhmi gələrsə) AYB-nin indiki idarəçilərinin davranışlarından bir addım uzağa gedə bilməyəcək.

Anar şübhəsiz ki, böyük ziyalıdır! Fikrət Qoca da həmçinin... Hər iki şəxs Şamo Arif kimi qəzəb və kin dağarcığının yanlarından diyirlənib keçə bilməyəcəyi qədər böyükdürlər və onların hər hansı bir mağara adamının səviyyəsinə enib, onunla söz savaşına çıxmalarına təəssüflənirəm.

...Daha öncə də qeyd etdiyim kimi AYB mənə lazım deyil. Heç mən də AYB-yə lazım deyiləm. Hər ikimiz illərdir ki, bir-birimizin üzünü belə görmədən rahatca yaşayırıq. Amma mənim üçün maraqlı olan başqa bir məqam var - son 10 il ərzində AYB ətrafındakı qalmaqallar səngimir. Hansı qəzeti varaqlayırsan, hansı internet səhifəsini açırsan AYB və onun müxaliflərindən yazır. Ortalıqda olan ittihamların da böyük əksəriyyəti təqaüdlə, mənzillə..., eləcə də digər istək və iddialarla bağlıdır. Ədəbiyyatdan söhbət getmir. Çünki hər iki tərəfdə təmsil olunan şəxslər Yazıçılar Birliyinin bir kimsəni şair, nasir, yaxud dramaturq edə bilməyəcəyinin dərk edəcək qədər idrak sahibləridir. Dava yorğan davasıdır. Amma bu davanı izləyəndə, istər-istəməz "yorğan"ın böyüklüyü barədə düşünmək məcburiyyətində qalırsan. Yorğan davasının yaratdığı mənzərəyə görə, ölkəmizin müxtəlif bölgələrini təmsil edən say-seçmə qoyunların yunundan tutulmuş bu örtük çox nəhəngdir. Nəinki Qarabağın, Zəngəzurun, Göyçənin, Vedibasarın, Borçalının, Dərbəndin və hətta Güney Azərbaycan torpaqlarının da üzərini örtməyə yetər. Bundan sonra isə... nə poeziyaya ehtiyac qalır, nə nəsrə, nə də dramaturgiyaya... Lay-lay yetərlidir. Sabir demişkən

Lay-lay, bala lay-lay,
Yat, qal dala laylay...

...Yazıçılar Birliyini və onun rəhbərliyini dəyişməklə isə heç nəyə nail olmaq mümkün deyil. Ədəbiyyata münasibət dəyişməlidir! Məsələn, Şamo Arif atası Süleyman Rəhimovun davasını aparır. Amma Süleyman Rəhimovun yazdıqlarını bu gün nəinki dünya oxucusunun, hətta sıradanbir azərbaycanlının qarşısına qoysan, daş atıb başını tutar. Süleyman Rəhimovu heç sovet dövründə də oxuyan yox idi... İndi Şamo Arifə görə Süleyman Rəhimov dahidir. Olsun! Belə düşünmək onun haqqıdır. Lakin rəhmətlik Süleyman Rəhimovun yazdıqları "a"- dan "z"- dək sovet ideologiyasına xidmət edib. O ideologiyanın dəfnindən isə nə az, nə çox düz 20 il keçir. İndi bu Yazıçılar Birliyi, yaxud hər hansı hökumət qurumu Süleyman Rəhimovun əsərlərinin adını nə qoyub çap etdirsin...

Baxın, bir tərəfdən fəxri adların, imtiyazların azad ədəbiyyata maneə olduğunu, insanları asılı vəziyyətə saldığını iddia edirik, digər tərəfdən, daha doğrusu özümüzə və doğmalarımıza münasibətdə sovet sisteminə xas olan bütün imtiyazların qorunub saxlanılmasını istəyirik. Belə olmur! Ya ondan olmalısan, ya da bundan... Azadlıq tam, bütöv bir məvhumdur. Yarım azadlıq olmur. Yəni, ya azadsan, ya da azad deyilsən...

İmzalarına sayğı bəslədiyim və ümumiyyətlə tanımadığım yazarların bir hissəsi Yazıçılar Birliyini dövlət tərəfindən ayrılan vəsaitləri təyinatı üzrə xərcləməməkdə, həm də bu vəsaitlərdən onlara pay düşmədiyinə görə ittiham edirlər. Doğrusu Yazıçılar Birliyinin büdcəsilə heç zaman maraqlanmamışam. Bildiyim qədər, bir o qədər də çox deyil. Hər halda bunun mənim üçün bunun heç önəmi yoxdur. Amma məni düşündürən məsələ ittiham sahiblərinin özlərini azad ədəbiyyatın nümayəndələri hesab etməlidir.

Mənə görə, bütün bunlar neobolşevizmin ağ-qara təzahürlərindən uzağa getməyən, sərhədləri özəl maraqların təminatına qədər olan qondarma inqilabçılıqdan doğan bəsit davranışlardır. Vəssalam!

Ədəbiyyata münasibətin dəyişməsi üçün isə yenidən "araba təkəri" icad etməyə lüzum yoxdur. Bu "təkər" yüz illərdi ki, Avropada "fırlanır" və hər hərəkətində yeniliklər gətirir.

Ədəbiyyat biznesə çevrilməlidir! Model budur. Olduqca sadə!

Dövlət-Yazıçılar Birliyi-Yazar münasibətlərini Naşir-Yazar-Bazar (azad iqtisadiyyat) münasibətləri əvəz etməlidir.

...Yazıçılar Birliyini isə unudun getsin! Ciddi deyirəm...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir