Modern.az

Boşanmış qadınlar - Kiminə həmdəm, kiminə sevgili...

Boşanmış qadınlar - Kiminə həmdəm, kiminə “sevgili”...

Mədəni̇yyət

27 Mart 2018, 15:06

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62 923 nikah və 14 514 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

Rəsmi məlumatlara görə, 2016-cı ildə 68 773 nikah, 12 764 boşanma, 2015-ci ildə 84 912 nikah 12 088 boşanma halı qeydə alınıb.

Statistikadan da göründüyü kimi, ilbəil boşanmaların sayı artmaqdadır. Boşanma səbəbləri isə fərdlərə görə dəyişir. Kimisi xəyanət, kimisi dolanışıq, kimisi xəstəlik bəhanəsilə ailəsini dağıdır. Hamının da özünə görə haqlı saydığı səbəbləri var...

Məsələyə kompleks yanaşıldıqda isə hər şeyin kökündə güvənsizliyin, etibarsızlığın olduğu aşkar görünür. Bu etibarsızlığın göstəricisi kimi həyat yoldaşının mobil telefonuna gələn zənglərdən tutmuş, sosial şəbəkə profilinə qədər hər şeyi “senzura”dan keçirənləri misal göstərmək bəs edir. Olan isə ailələrə olur...

Qədimdən formalaşmış sterotiplərə görə, cəmiyyətdə boşanmış qadınlara münasibət birmənalı deyil. Kimisi ona həmdəm olaraq yaxınlaşır, kimisi də potensial sevgili kimi...

 

Boşanmış qadın və potensial seks obyekti ...

 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, boşanmış qadına münasibət bütün əksər cəmiyyətlərdə olduğu kimi, bizdə də müxtəlifdir:


“Boşanmış qadına normal baxanlar da var, potensial seks obyekti kimi yanaşanlar da. Elələri də var ki, boşanmış qadına “hər cür təklif etmək olar” düşüncəsiylə yanaşır. Amma əvvəlki illərdə olduğu kimi, tabular yoxdur. Əvvəllər boşanma zamanı hamı bir ağızdan deyirdi “günahkar qadındır”. Amma indi nisbətən vəziyyət sabitləşib, hər boşanmada qadının günahkar olması sindromu qismən aradan götürülüb. Əvvəllər boşanmış qadınla kimsə evlənməzdi. İndi bir çox ailələr var ki, bunu normal qəbul edir və həmin qadını linç etmirlər. Oğlunu boşanmış qadınla evləndirir, ədəb-ərkanla toy çaldırır. Əvvəl subay oğlan boşanmış qadını nə qədər sevsə də, onunla nikaha girməsi bir o qədər mümkünsüz idi. Evlənənlərə də yaxşı kişi kimi baxmırdılar. Çünki qohum-əqrəba tənəsi vardı. Onlar da istəklərindən vaz keçirdilər. Amma indi boşanmış qadın üçün mübarizə aparan, evlənən, oğul-uşaq sahibi olanlar da var. Qeyd etdiyim təkcə şəhər üçün deyil, kəndlər üçün də keçərlidir. Amma hələ ki bu məsələyə razılıq verməyən təbəqə də var”.

 

Qadınlar fədakar obrazından çıxır...

 

Müsahibimizin sözlərinə görə, indiki qadınlarda əvvəlki dözümlülük, fədakarlıq yoxdur:

“İndi bir problem çıxan kimi qadınlar onun tez həll olunmasını istəyir. Hansısa kompromisə getmək, hansısa problemi birgə həll etmək yoxdur. Problem çıxan kimi onu boşanmaqla həll etmək istəyirlər. Bəzi hallarda müdaxilələr də olur ki, bu, boşanmaya rəvac verir. Amma onu çözmək, araşdırmaq, uşaqların müqəddəratı kimi məsələlər tərəfləri düşündürmür. Emosiyalar və aqressiya idarəedici funksiya daşıyır. Ona görə də hazırda kifayət qədər təcrübəli mütəxəssislərə ehtiyac var ki, problemli ailələr ora üz tutsunlar”.

 

Mayası inamsızlıqla yoğrulan ailələr

 

Hüquq müdafiəçisi bildirir ki, ailələrin dağılmasının əsas səbəbi inamsızlıqdan irəli gəlir:

“Qadınların həddindən artıq azadlığa meylli olması, internetdən istifadə etməsi boşanma səbəbləri sırasında göstərilir. Amma bunlar əsas səbəblər deyil. İndi boşanmaların əsas səbəbi qarşılıqlı inamsızlıqdır. Nikaha girən şəxslər arasında bir-birinə qarşı kifayət qədər inamsızlıq var, ailələrin əksəriyyətinin təməli şübhə ilə yoğrulub. Bu da münasibətlərin gərgin qalmasına səbəb olur. Əvvəllər sabit və davamlı ailə barədə düşünülürdüsə, indi qadın da kişi də təməlindən ailədə inamsızlıq və alternativlər axtarışındadır. Həm qadın, həm də kişi bir-birinə qarşı kifayət qədər etibarsızlıq nümayiş etdirir. Əgər ailədə güvən varsa, o ailəyə kənar müdaxilə olsa belə, onu birgə aşacaqlar. Güvən olmayanda onsuz da təməli olmayan bir şey uçmağa-dağılmağa doğru gedəcək.

 

Ümumiyyətlə, bu dəqiqə cəmiyyətdə nəinki ər-arvad, hətta bütün təbəqələr arasında inamsızlıq var. Müdir işçisinə inanmır, işçi müdirinə inanmır, yaxud xəstə həkimin müəyyən etdiyi diaqnoza şübhə edir və s. Təbii olaraq da cəmiyyətdə baş verənlərin hamısı ailələrə transfer olur. Şübhə qorumaq demək deyil. Əgər münasibətləri qorumaq istəyirsənsə, hər şeyi əvvəlcədən izah edə, müzakirə apara bilərsən. Bütün bunlar yoxdur”.

 

“Qadağalar yalana aparır”

M.Zeynalova hesab edir ki, istənilən məsələ ilə üçün qoyulan qadağalar gizlinlərə yol açır:

“Bəziləri istəmədiyi şeyləri qadağa formasında tətbiq edir. İnsanlara nəyi qadağan edirsən, ona meylli olurlar. Elə kişilərdə də qadınlarda da olur ki, “evləniriksə, sən sosial şəbəkədə olmayacaqsan” şərti qoyulur.

Yaxud görürsən kişi özü aktiv sosial şəbəkə istifadəçisidir, amma həyat yoldaşına bunu qadağan edir. Niyə? Pisdir? Pisdirsə, sən də istifadə etmə. Yox, işin gərəyi istifadə edirsənsə, onu da bu cür istifadəyə yönəlt. Hətta elə ailələr də var ki, qadına mobil telefonu qadağan edir. Hansı ki, indiki dövrdə yaxınımızın mobil nömrəsinə zəng çatmayanda biz nigaran qalırıq. Fərqli psixologiyaya sahib insanlar var.

Olur ki, yeni evlənəndə qadın bu cür qadağalara razılaşır. Amma sonra cəmiyyətin bir üzvü kimi hər şeydən kənarda qaldığını hiss edəndə gizli telefon istifadə etməyə başlayır, özünə saxta Facebook profili açır. Bunlar aşkarlananda isə aqressiya artır, münasibətlər qopma nöqtəsinə gəlir. Bəzi hallarda qadınlar başqa profillərdən öz ərinə yazıb yoxlayır. Əksərən də kişilər öz arvadlarının “toruna” düşür. Bu da şübhənin, güvənsizliyin təzahürüdür. Belə insanlar daim şübhə ilə yaşayır, daim “məni satacaq”, “məni aldadacaq”, “mənə xəyanət edəcək” düşüncəsilə öz-özünü yeyib-bitirir. Şüurlu insan düşünməlidir ki, bunu etmək istəyən adam istənilən şəraitdə içində varsa, edəcək. Sən ona qadağa qoyduqca, daha da prosesi qəlizləşdirirsən. İnsan daim “məni aldadırlar” fobiyası, narahatlığı, qorxusu ilə yaşayır. Bir də insalarda paylaşmamaq problemi var. İnsan bütün hislərini, problemlərini paylaşdıqca rahatlıq tapır. Lap hansısa kişi sənin yoldaşına mesaj yazıb. Öz qadınını linç etmədən öncə bir dinlə. Bəlkə qadının o yazan adamdan xəbəri yoxdur. Bəlkə hər şey sən düşündüyün kimi deyil. Yox bizdə dinləmək mədəniyyəti də yoxdur. Ana uşağını məktəbə aparır, müəllim deyir “telefonla əlaqə saxla”. Evdə kişi də telefonu yasaqlayıb. Bu ana övladının müəlliməsilə necə ünsiyyət saxlasın?! Bilirsiniz hər şey damla-damla böyüyür. Boşanmaları konkret nə iləsə bağlamaq olmaz. Geyimdən tutmuş, azadlıq anlayışına, sosial şəbəkədən istifadəyə, iqtisadi asılılığa qədər hər şey münasibətlərə təsir edir. Yaxud ailə qurulmazdan əvvəl obraz yaradır insan beynində. Yaşayıb o obrazı fərqli ampluada görəndə xəyal qırıqlığına uğrayır. Bunları da nəzərə almaq lazımdır.Ailə bir səbəbdən və təktərəfli dağılmır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi