Modern.az

Söyüş söyməyin, ayıbdır! - Tanınmış jurnalistdən ETİRAZ

Söyüş söyməyin, ayıbdır! - Tanınmış jurnalistdən ETİRAZ

Ədəbi̇yyat

27 Mart 2018, 20:08

Seymur Verdizadə

Ötən həftə bir məqalə yazmışdım: “Mübariz İbrahimova da qəhrəman deyirik, efirdə arvadını axtaranlara da…” Yazmışdım ki, həyat yoldaşının arxasınca studiyaya üz tutan adamlara qəhrəman deyib, bu sözü gözdən salmayın. Qəhrəman anlayışı ancaq Mübariz İbrahimov kimi canını Vətən uğrunda fəda edən igid oğullarımıza şamil olunmalıdır…

Burda nəyi səhv demişəm? Yoxsa, siz fərqli düşünürsünüz? Təəssüf ki, fərqli düşünənlər oldu. Məlum oldu ki, aparıcı saytlardan biri həmin məqaləni özünün İnstaqram səhifəsində yerləşdirəndən sonra qızğın müzakirələr başlayıb. Mən xəbər tutanda 200 adam məqaləyə münasibət bildirmişdi. Xoş söz deyən, təşəkkür edənlərlə yanaşı, ağız
büzən, söyənlər də vardı. Məsələn, bir oxucu belə yazmışdı: “Bu jurnalisti dövlət yemləyir. Sifətindən müftəxor adama oxşayır”. Hansı ki, “Reytinq” qəzeti ilə yollarımızı ayırdığımız ötən iki ildə heç bir yerdən stabil əməkhaqqı almamışam…

Başqa bir oxucu isə daha da irəli getmişdi: “Bu jurnalisti efirdə tez-tez görürəm. Çox murdar adamdır”.

Bu rəyləri oxuyanda məyus oldum, dərdə-qəmə batdım. Pərtliyimi sezən həmkarım bu dəfə öz məqaləsi barədə yazılan rəyləri mənə göstərdi. Bilirsiniz, nələr yazmışdılar? Yox, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, mən heç əsgərlikdə də bu cür ağır söyüşlər eşitməmişəm…

“Söyüş makinası” yenə işə düşüb. Bu cür hallar əvvəllər də baş verirdi, amma indi “istehsal prosesi” daha da sürətlənib. Ağzını açan söyüşlə danışır. Milli-mənəvi dəyərlərimiz gözümüzün qabağında deqradasiyaya uğrayır. Özünü ziyalı hesab edən insanların susmağa haqqı yoxdur. Özümüzü karlığa, korluğa vura bilmərik!

Mən siyasi ambissiyası olmayan azad yazaram. Bakının ən ucqar qəsəbəsində ikiotaqlı evim, Allahın bəxş etdiyi bir ovuc nemətlə qane olan iki övladım avr. Ən böyük arzum övladlarımın azad, firavan bir ölkədə yaşaması, cəmiyyətdə öz qabiliyyətlərinə uyğun vəzifə tutmasıdır. Bu arzumun ibadət və itaət yolu ilə deyil, ədalət yolu ilə həyata keçməsinə çalışıram. Övladalrının gələcəyini düşünən bir valideyn kimi onlara çatmalı olan var-dövlətin ayrı-ayrı məmurlar tərəfindən talan edildiyinin fərqindəyəm. Müti adam olmadığım üçün bu eybəcərliyə göz yummuram. Araşdırır, tədqiq edir, sanballı arqumentlər toplayır, sonra isə məqalələr yazır, öz etirazımı ictimailəşdirirəm. Senzura ilə 20 il əvvəl vidalaşdığımız üçün düşüncələrimi qələmə almağıma heç kim mane olmur. Daşkəsənin icra başçısı Əhəd Abıyev istisna olmaqla indiyə kimi heç bir məmur mənə göz ağartmayıb. Onu da jurnalist dostlarımın köməyilə ədəb çərçivəsində yerində oturtmuşam. Hətta bir vaxtlar məni təhqir edən tərbiyəsiz müğənniyə belə söyüşlə cavab verməmişəm. Çünki söyüş söyməyi bacarmıram. Dost-tanış da təsdiq edər: 43 yaşa gəlib çatmışam, amma indiyə kimi bir dəfə də dilimdən söyüş çıxmayıb. Söyüş pis vərdişdir. İnsan bu vərdişə, adətən, uşaqlıq illərində yiyələnir. Biz uşaq olanda üzərimzidə ciddi nəzarət avrdı. Əgər bir dəfə dilimizdən pis söz çıxsaydı, dilimizi çəkib boğazımızdan çıxarardılar…

Bir dəfə canlı efirdə Vasif Məhərrəmliyə belə demişdim: bizim elə bir imkanımız yoxdur ki, övladlarımızın başının üstündə əliavtomatlı mühafizəçilər qoyub, onlara yelbeyin şou əhlini izləməyi qadağan edək. İndi biz nə edək? Həm ölkə daxilində, həm xaricdə nifrin yağdıran məsuliyyətsiz adamların ifraz etdikləri söyüşləri görməməsi, eşitməməsi üçün övladlarımızın informasiya texnologiyaları ilə təmasına qadağa qoyaq? Yoxsa, evlərimizdəki mobil telefonları, planşetləri, kompüterləri Xəzər dənizinə ataq?

Hamı abrına qısılıb. Çünki ən mədəni formada etiraz edənlər belə şərlənir, təhqir olunur, küçə söyüşlərinə “qonaq edilir”. Sabah təhqir olunacağım təqdirdə necə cavab verəcəyim mənim özümə də məlum deyil. Qadın şəklinin araxsında gizlənən “kişi” ilə necə kişi kimi mübarizə aparmaq olar?

İnformasiya texnologiyalarının verdiyi üstünlükdən yararlanıb, insanları təhqir edən, onların şərəf və layəqatəni alçaldan adamlara bir məsləhətim var: söyüş söyməyin, ayıbdır! Çünki ağzınızdan çıxan o nalayiq ifadələri hamıdan əvvəl ətrafınızdakılar eşidir, yazdığınız o söyüşləri birinci özünüzünkülər oxuyur… (Missiya.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar