Modern.az

Professordan həkim reklamlarına SƏRT TƏPKİ: “Ayıbdır, əsl həkim bunu özünə rəva görməz!”  

Professordan həkim reklamlarına SƏRT TƏPKİ: “Ayıbdır, əsl həkim bunu özünə rəva görməz!”   

28 Mart 2018, 13:19

Böyük sürətlə həyatımıza daxil olan internet artıq gündəlik rejimimizin bir parçasına çevrilib. Təbii olaraq hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Kimisi işilə bağlı, kimisi özünüreklamla bağlı, kimisi də sadəcə vaxt “öldürmək” üçün... Son vaxtlar isə sosial şəbəkələrdə həkim reklamlarının sayı artıb. Təbii ki, həkimlərin daxil olduğu əməliyyatlar, ona müraciət edənlər üzərindən apardığı reklam kampaniyaları daha çox pasiyent cəlb etməyə hesablanıb. Pasiyent çoxaldıqca, həkimin qəbulu, müayinə qiymətləri də “şişməyə” başlayır.

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a deyir ki, diplomunu pulla alınmış həkimlərin sayı həddindən çoxdur:

“Azərbaycan Beynəlxalq Universitetindən və digər bəzi “təhsil ocaqları”ndan müxtəlif yollarla diplom alan, anatomiyanı bilməyən, dərin savada malik olmayan xeyli adamın qəbuluna getsəz, düşə bilməyəcəksiniz. Bu gün insanlarda falçılıq təfəkkürü var. Sosial şəbəkələr, televiziyalar, radiolarda kifayət qədər o cür “həkimlər”in reklamı gedir. Efirlərdə elə həkimlər reklam olunur ki, adam baxmağa utanır: “bir nömrəli həkim”, “dünyada analoqu olmayan həkim”. Təqdimatın özü belə gülüş doğurur. Amma bu cür reklam “işbaz həkimlər”in xeyrinə işləyir. Ad çəkmirəm, onsuz da hamı bilir. Bu yaxınlarda televiziya verilişlərinin birində hansısa həkim haqqında danışılırdı. Verilişdə iki aparıcı vardı. Biri o birinə irad tutdu ki, “niyə həkimin reklamını aparırsan? Gəlsin pulunu ödəsin reklam edək onu”. Vəziyyət budur”.

 


“Təbabətin ulduzları” yetişir

 

Professor deyir ki, reklamın əsası korporativ maraqdır:

“Apar pulunu ödə, hansı özünü həkim adlandıranı desən məşhurlaşdırsınlar. Təəssüf ki, avam camat buna inanır və reklamara uyurlar. Sosial şəbəkələrdə hər gün bir həkim reklamı qarşımıza çıxır. Reklam olunan da ona etimad edənlərin üzərində eksperiment apara-apara “həkim”ə çevilir və olur “təbabətin ulduz”u. Bu gün kifayət qədər “təbabət ulduzları” yetişir. Siz mənim bircə yerdə rekalmımı görübsünüzmü? Ayıbdır. Həkim bunu özünə rəva görməz.

Düzü bir müddət əvvəl diabet xəstələrilə bağlı maarifləndirici roliklər hazırlamaq istəyirdim. Yəni problem yaranan kimi xəstələrin ayaqları amputasiya olunmasın və s. Amma o cür reklamları gördüyümdən, qorxdum ki, insanlar bunu özünüreklam kimi qəbul edəcək. Ona görə çəkindim”.

 

“İstənilən həkim kefi istəyən vaxt Azərbaycanda əməliyyata girir”

 

A.Qeybulla bildirir ki, bütün bunlar qanunlardakı boşluqlardan irəli gəlir:


“Qanunvericilikdə elə boşluqlar var ki, bunun sayəsində istənilən ölkədən gələn həkim rahatlıqla bizim ölkədə fəaliyyət göstərir. İstədiyi vaxt gün təyin olunur, gəlir əməliyyat edir, pulunu cibinə qoyub gedir. Bizim həkimlər gedib Türkiyə, yaxud başqa ölkələrdə əməliyyat edə bilər, yaxud hansısa xəstəni sadəcə müayinə edə bilərmi? Yox, çünki qanunlar buna imkan vermir.

Həkimlərin, dərmanların, tibb müəssisələrinin reklamı tamamilə qadağan olunmalıdır. Hansısa həkim çıxıb deyir ki, “bu mənim öz müalicə üsulumdur”.
Sən kimsən axı, öz üsulun da ola?! 20 ildən çoxdur ki, Amrikada robot cərrahlığı tətbiq olunur. Həkim otaqda oturur, əməliyyatı robot icra edir. Bizdə heç robot yoxdur. Biz necə cərrah kimi özümüzü dünya ölkələrilə müqayisə edə bilərik? Utanmaq lazımdır. Bütün bunların hamısı avam camaata hesablanan reklamlardır ki, bu sahədə xeyli uğur əldə edirlər”.

 

Həkim baş verənlərə görə Səhiyyə Nazirliyini ittiham edib:

“Nazirlik hara baxır?! Bu məsələyə ciddi nəzarət etməlidir. Təəssüflər olsun ki, qanunlarda boşluqlar var. Bundan da sui-istifadə halları yetərincədir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi