18 avqust 2018, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Professor Əli Abasov: “Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır” - MÜSAHİBƏ
Professor Əli Abasov: “Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır” - MÜSAHİBƏ
29.03.2018, 12:21

Əli Abasov: “İŞİD İslamın modernləşmə prosesidir”


“Türkiyə dəfələrlə Azərbaycanı satıb”

 

Modern.az saytının dini, fəlsəfi, elmi mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnsitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor Əli Abasovdur. Onunla söhbəti təqdim edirik.

 

- Əli müəllim, başlayaq Azərbaycanda fəlsəfənin tədrisi ilə bağlı məsələlərdən. Universitetlərlə sizin institut arasında hər hansı əməkdaşlıq varmı?

- Təbii ki, fəlsəfə sahəsində çoxlu problem var. Birinci problem budur ki, biz uzun müddət SSRİ-nin tərkibində olmuşuq. Bu günün özündə də bir çox institut, universitetlərdə fəlsəfə SSRİ dövründəki kimi tədris edilir. Biz akademiyanın Fəlsəfə İnstitutu olaraq çox şeylər etməliyik.

Amma etiraf edək ki, ali məktəblərlə Fəlsəfə İnstitutunun əməkdaşlığı, bağlılığı yox səviyyəsindədir. Bu bağlılıq kiminsə tərəfindən olmalıdır. Hələlik ali məktəblər bunu istəmir. Bizdən də bir hərəkət yoxdur. Axır vaxtlar biz çalışırıq ki, yeni üsul yaransın. Dünyada fəlsəfədə böyük dəyişikliklər gedir. Bu dəyişiklik nəticəsində yeni bir dünya açılır. Görürük ki, dünya kommunizm, marksizm fəlsəfəsi ilə o qədər də bağlı deyil. Bu, təbii bir haldır. Çünki zaman keçir, şərtlər dəyişir. Bu dəyişikliklər mütləq nəzərə alınmalıdır.

Fəlsəfə İnstitutunda müxtəlif şöbələr var. Onlar arasında da hansısa bağlılıq olmalıdır. Bu bağlılıq isə o qədər də güclü deyil. Çoxları yalnız öz mövzuları ilə bağlı işləyirlər. Ona görə də, biz 2010-cu ildən başlayaraq çalışırıq ki, bağlılıq yaradaq.

Biz istədik ki, fəlsəfə ilə bağlı fənlərə yeni interpretasiya verək. Bununla əlaqədar 10 cildlik kitab çıxarmağı qarşıya məqsəd qoyduq. Bunun 8 cildi çıxıb. Hazırda 9-cu cild üzərində işləyirik.

Nəinki bizim institutun əməkdaşları, həm də xaricdən olan alimlər, filosoflar bu kitabların hazırlanmasında iştirak etdilər.


- Azərbaycan cəmiyyətinin fəlsəfəyə münasibəti adekvatdırmı?

- Cəmiyyətdə fəlsəfə qəliz elm kimi qəbul edilir. Bu da normaldır. Hər bir insanın fəlsəfəsi var. Tarix boyu olan fəlsəfi təlimlər bir-biri ilə silsilə yaradır. Ona görə də, fəlsəfə çətindir. Qədim Misirdən, Çindən, Hindistandan olan fəlsəfələr insan təfəkkürünün tarix formasında inkişafıdır. Təbii ki, fəlsəfəni qəbul etmək üçün adam həm də insanlıq tarixini bilməlidir. Bu isə çətin bir şeydir.

İkinci bir tərəfdən, Azərbaycanda Heydər Hüseynovdan sonra fəlsəfə fakültələri bağlandı. 1950-ci illərdən demək olar ki, 1990-cı illərə qədər Azərbaycanda fəlsəfə fakültələri yox idi. Buna görə də, Fəlsəfə İnstitutuna gələnlər ya humanitar, ya da texniki elmlər üzrə təhsil alanlar idi.

Fəlsəfəyə münasibətdə çətinliklər həm də onunla bağlıdır ki, Azərbaycan xalqının qarşısını süni formada alıblar. Milli fəlsəfə ilə bağlı olan cərəyanlar inkişaf etmirdi. Bu formanı dəyişdirmək lazımdır.

SSRİ zamanında ittifaqa daxil olan ölkələrin çoxunda isə fəlsəfə fakültələri var idi. İkincisi, başqa xalqlar Azərbaycan xalqı kimi təzyiq altında deyildi.

İslama, türkçülüyə qarşı xüsusi təzyiqlər var idi. Buna görə 30-cu illərdə bizim milli elitanı repressiyaya məruz qoydular.

O zamanlar bizi bir mərkəzə - Moskvadakı Fəlsəfə İnstitutuna göndərirdilər. Mən özüm də daxil,  iş təcrübəsi keçib geri qayıdırdıq.

 

- Qeyd etdiniz ki, ali təhsil ocaqları ilə Fəlsəfə İnstitutu arasında əməkdaşlıq yox səviyyəsindədir. Bunun səbəbi elmlə təhsilin təyinatının hələ də tam aydınlaşmaması ilə bağlı ola bilərmi?

- Qərbdə belədir ki, universitetlər elm ocaqlarıdır. Orada akademiyalar yoxdur. Və bütün laboratoriyalar, başqa elm ocaqları universitetlərin nəzdindədir. Bu  imkan verir ki, elm və tədris bir-biri ilə bağlı olsun. Bizdə isə belə deyil.

Bizdə elm tədqiqat institutlarında olur. Təhsil isə ayrıdır. Düzdür, bizim alimlərdən çoxu ali məktəblərdə də dərs deyir, lakin sovet vaxtından bəri problemlər qalır.

Zaman-zaman Elmlər Akademiyasının ləğvi ilə bağlı fikirlər səsləndirilir. Qeyd edilir ki, bütün elm universitetlərə verilsin.

Üstəgəl, bizdə elm ocaqları ilə akademiyanı koordinasiya edən orqan var idi. İndi isə bu, yoxdur. Açıq deməliyik ki, hətta koordinasiya orqanının olduğu zamanlarda belə əlaqələr güclü deyildi.

- Fərz edək ki, koordinasiya edən bir təsisat yarandı. Təbii ki, bu da həll yolu olmayacaq. Siz başqa hansı təkliflər verirsiniz?

- Qazaxıstanda elm və təhsil nazirlikləri birləşib. Gürcüstan isə demək olar ki, akademiyanı ləğv edib. Baltikyanı ölkələrdə də belədir.

- Yəni siz də Azərbaycanda Elmlər Akademiyasının ləğvinin tərəfdarısınız?

- Mən demək istəmirəm ki, bizdə Elmlər Akademiyası ləğv olunsun. Hansısa bir təşkilat varsa və işləyirsə, deməli o, kiməsə lazımdır. Buna baxmayaraq islahatlara getmək lazımdır.

Hansısa bir orqan olmalıdır – məsələn koordinasiya şuraları kimi. Formal olaraq var idi, bəlkə indi də var. Amma onun işini biz görmürük.

- Əli müəllim, keçək fəlsəfi məsələlərə. Fəlsəfədə zaman və məkan vacib anlayışlardır. Bizim dərk etdiyimiz ya da gördüyümüz zaman və məkandan kənarda hansısa qüvvə varmı?

- Bununla bağlı bir neçə təlim var. Bir təlimdə deyilir ki, zaman və məkan real fiziki proseslərdir. Digər təlimə görə isə, məkan və zaman bir-biri ilə sıx bağlıdır. Yəni ayrı-ayrılıqda zaman və məkan yoxdur, zaman-məkan sistemi var.

Üçüncü ideya isə belədir ki, zaman və məkan insan şüurunun formasıdır. Qeyd edirlər ki, əsl mənada isə zaman və məkan yoxdur. Maraqlıdır!

Zamana keçəndə görürük ki, onun keçmişi artıq yoxdur. Gələcəyi isə hələlik mövcud deyil. Ancaq indiki zaman mövcuddur.

Hər saniyədən də az bir vaxtda indi indiki zamanlıqdan çıxır. Bu, belə bir sual yaradır: Bəs biz indi harada yaşayırıq? Keçmişdə yaşamırıq, gələcəkdə hələlik deyilik. İndi də 2 dəqiqə keçdikdən sonra keçmiş sayılır. Biz ona da qayıda bilmirik.

- Zaman maşını ilə səyahət üzərində alimlər baş sındırır. Amma bildiyimizə görə, hələ ki  mümkün olmayıb.

- Fizika qanunlarına görə belə bir şey mümkündür. Ancaq real olaraq hələlik reallaşmayıb. Nadir hallarda hansısa eksperimentlər olub, məsələ bununla da bitib. Dünyada bir çox “dəli ideyalar” artıq elmə gəlir. Biz dünyanı o formada başa düşürük ki, insan bu dünya ilə sıx bağlıdır. Artıq anlayırıq ki, nə insanı, nə də dünyanı insandan ayrı salmaq olar.

- Bildirdiniz ki, cərəyanların çoxu elmə gəlirlər. Sizə elə gəlmir ki, bununla da fəlsəfə tarixə çevrilir?

- Fəlsəfə bir ideya, fikir kimi hər dəqiqə irəliyə doğru gedir. Biz nə qədər çox şey öyrəniriksə, dərk edirik ki, bilmədiyimiz şeylər də çoxalır. Bu gün sanki üzvi və qeyri-üzvi dünyada şüur var. Ümumi dünya şüuru var və insan da sanki bunun tərkib hissəsidir.

- Bir çox teoloq, ilahiyyatçı iddia edir ki, yaradıcı qüvvə, yəni Allah zaman və məkanın fövqündədir. Allahmı zaman və məkandan asılıdır, yoxsa zaman-məkanmı hansısa yaradıcı bir qüvvədən?

- Elm özü də bu gün maraqlı ideyalara gəlib çıxır. Vaxtı ilə elm bəyan edirdi ki, dindən nə qədər uzaq olsa, o qədər yaxşı işləyər. Elm, fəlsəfə, din – bunlar üç istiqamətdir. Bu istiqamətlər qədim dövrlərdə bir nöqtədən başlayıblar. Bu gün vaxtı ilə bir-birindən ayrılan istiqamətlər yenidən birləşib. Elm adamları da bu gün Allah ideyasından danışırlar. Təbii ki, onlar Allah ideyasını elmi formada izah edirlər. Filosoflar da Allahdan danışırlar. Din adamları isə bəllidir. Maraqlıdır ki, onlar da inkişaf etdikcə, elmi-fəlsəfi cərəyanları dəstəkləyirlər. Hazırda bu 3 istiqamətlə məşğul olan insanlar birləşirlər.

Vaxtı ilə insanlar elm, fəlsəfə və dinlə məşğul olurdular. Onlara ensiklopedistlər deyirdilər. Hazırkı idrakın səviyyəsi isə bizdən tələb edir ki, yeni ensiklopedik insanlar ərsəyə gəlsin.

- Sualımıza tam cavab ala bilmədik.

- O suala nə din, nə elm, nə də fəlsəfə tam cavab verə bilir. Allahı təsdiq ya da inkar etmək insanın imkanları daxilində deyil. Amma 3 istiqamətdə olan inkişaf onu göstərir ki, hansısa bir qüvvə var. Və bu qüvvə ilə bəşəriyyət bağlıdır. Bütün bəşəriyyətin, insanların təfəkkürü elə bil ki, həmin böyük qüvvənin təfəkkürünün tərkib hissəsidir. Yəni vaxtı ilə bu təfəkkür oradan çıxıb və ora qayıdacaq.

- Dediniz ki, Allahı nə din, nə elm nə də fəlsəfə tam izah edir. Elmlə fəlsəfəni bir kənara qoyuram. Dediyinizdən belə nəticəyə gəlmək olarmı ki, din özü Allahı kifayət qədər yaxşı izah edə bilmir?

- Təbii ki, elədir. İnsanla Allahın arasında heç bir vasitəçi ola bilməz. Yəni, kimsə gəlib izah etməməlidir. Bu yanaşma xüsusilə İslamda belədir. Bir sözlə, bunlar fərdi məsələdir.

İkinci bir tərəfdən isə din həm də sosial institutdur. Din sosial institut olan kimi siyasətlə də, mədəniyyətlə də məşğul olur. İnam insanın ürəyindən gələn şeydir. Bir insan inanırsa ona sübut lazım deyil, inamı onun üçün kifayətdir.

- Bu gün din xadimləri, dinin özü belə elmi işlərə müdaxilə edərək cəmiyyətin fikrini yönləndirmək gücünü özündə saxlayır. Bu mənada dinin təyinatı necə olmalıdır?

- Din xadimlərinin səviyyəsi nə qədər qalxırsa bir o qədər də xalqın səviyyəsi qalxacaq. Biz çalışmalıyıq ki, bizim din xadimləri yüksək səviyyədə savad qazansınlar, dil biliklərini artırsınlar. Din tarix, mədəniyyətlə bağlıdır.

İslam dini özünün tarixi nöqtəsinə gəlib çatıb. Vaxtı ilə xristianlığın keçdiyi yola keçir. Xristianlıq bir zamandan sonra başa düşdü ki, siyasətlə bağlı olmalıdır. Ona görə də özünü siyasətdən ayrı saxladı. Başa düşdü ki, iqtisadi məsələlər ona ləkə gətirir. Buna görə də, çalışdı ki, iqtisadiyyat təbii formada olsun və başqa bir formaya gəlib çatmasın. Xristianlığa görə, insanın qəlbi bir nömrəli problemdir. İnsanları dinə gətirmək o demək deyil ki, onları kilsəyə aparasan. Bu baxımdan kilsələr demək olar ki, boşdur.

Müsəlman aləmində cərəyan edən hadisələr, İŞİD, Taliban, Əl-Qaidə kimi təşkilatlar İslamın bugünkü modernləşmə və tranformasiya prosesləridir. İslam ən gənc din kimi inkişaf edir və onun potensialı digərlərindən yüksəkdir.

- Dediyinizdən belə çıxır ki, xristianlıq İslamdan öndədir. Çünki qeyd etdiniz ki, xristianlığın vaxtı ilə keçdiyi prosesləri İslam indi keçir.

- Zaman etibarı ilə qabaqda olan qoca olur. Qocanın imkanları isə gəncinkindən güclü olmaz. Deməli, qabaqda getmək o deyil ki, sonrakı onun yolunu gedir.

Hər bir dinin öz inkişaf yolu var. Ona görə də demək olmaz ki, İslam xristianlıq gedən yolu təkrarlayır. Amma İslam dünyasında axtarışlar gedir. Müsəlman aləmini götürəndə görürük ki, orada maraqlı və bir-birinə zidd proseslər gedir. Bir tərəfdə Taliban, Boko-Haram, İŞİD və ya digərləri. Digər tərəfdə isə Qətər modeli. Qətərdə yeni bir formada İslamı inkişaf etdirmək istəyirlər. Bildirirlər ki, inkişaf üçün yeganə yol ortaq yoldur. Yəni peyğəmbər vaxtı ilə deyib ki, nə sağa nə də sola radikal dəyişiklik lazımdır. Bunu Quran özü də göstərir ki, orta yolla getmək lazımdır.

- İslamı əlində bayraq edən təşkilatların addımları ilə islami inkişafı eyni kateqoriyaya aid etdiniz. Bu qədər qan tökülür, insanlar edam olunur, bunun nəyi inkişafdır?

- Tarixə baxanda görürük ki, dinlər bütün dünyada bu formalardan keçib. Radikal dindar üçün insanı öldürmək özünü xilas etməkdir. “Mən bu adamı öldürürəm, çünki bu adam öldükdən sonra o biri dünyaya qoşulacaq” əqidəsində olanlar da var. Yəni o radikalın təfəkkürü belə işləyir. O başa düşmür ki, insan öldürməklə cinayət törədir.

- Əli müəllim, başa düşməmək istisna hallar kimi olsa, anlamaq olardı. Amma bu, sistematikdir. İslamın düzgün başa düşülməməsinin səbəbi elə İslamın özü deyilmi?

- Siz mənə 2 adam göstərə bilərsinizmi ki, onlara eyni nağılı verim oxusunlar və eyni nəticəni çıxarsınlar?! Xeyr. Quranı da oxuyan insandır. İnsan da öz hissi, təfəkkürü ilə oxuyur və onu başa düşür. Təbii ki, lap adam öldürən də düşünür ki, bu, Qurana görə düzdür.

 

- Siz özünüz Quranı necə başa düşmüşünüz?

- Təbii ki, Quran sirli bir kitabdır. Maraqlı olan isə budur ki, Quranın yalnız bir variantı günümüzə gəlib çıxıb. Başqa variantları isə ləğv olunub. Maraqlı budur ki, kimlərsə Quranı oxuyub orada möcüzə axtarır.

Oradakı biliklər insana görə deyil. Quranda təfəkkür, qəlb, fikirlə bağlı məqamlar var. Bu mənada Quran sonsuz bir elmdir. Ona görə ki, nə qədər oxuyursan, sənin üçün yeni düşüncələr meydana çıxır. Quran kimi kitabları yazmaq çətindir. Dediyimi necə başa düşürsünüz düşün.

- Yazmaq deyərkən nəyi nəzərdə tutdunuz?

- Bu dünyada elə bir Quran kitabı yoxdur ki, o, insan əli ilə yazılmasın.

- Onda belə qənaətə gəlirsiniz ki, Quran ilahidən gələn vəhy deyil?

- Deyirlər ki, yuxarıda, göydə hansısa bir qüvvə var və Quran da ona uyğundur.
 

- Deyəsən, özünüz bu ideyanı qəbul etmirsiniz.

- İdeyanı o zaman qəbul etmək olar ki, ona inanasan. İnanmaq olar, amma məntiqlə qəbul etmək çətindir.

- Fəlsəfə vəhyə izah verə bilirmi?

- Elm vəhyi də olur. Vəhy fəlsəfədə də olur. Vəhy təfəkkürün dəyişilmiş formalarıdır. Məsələn, birdən-birə görürük ki, bizdə hansısa dəyişikliklər gedir. Birdən-birə ağlımıza yeni ideyalar gəlir. Təbii ki, bunlar elə-belə deyil. Bu, o deməkdir ki, ümumi kosmik bir təfəkkür var. Düşünmək olar ki, o, okean formasındadır və biz də onun damlalarıyıq. Yəni vaxtı ilə o okeanın tərkib hissəsi olmuşuq, qopulmuşuq, gəlmişik və yenidən ora qayıdacağıq.

Bizim beynimizə qəfildən çox maraqlı ideyalar gəlir və anlamırıq ki, bu ideyanın mənbəyi haradır. Sən demə, okeandan hansısa informasiya bizə gəlir. Ya da biz özümüz o okeandan qopub gələndə hansısa formada özümüzdə ideya saxlamışıq.

- Şəxsən məndə sizin haqqınızda aydın təsəvvür yaranmadı. Siz Allahın varlığını qəbul edirsiniz ya yox?

- Birincisi, bu sualı vermək olmaz. Mən təbii ki, Allaha inanıram. Amma Allahı məişət formasında, dini kitablarda yazıldığı kimi yox, daha geniş anlamda qəbul edirəm. Mən özüm seyid nəslindənəm. Təbii ki, inkişaf prosesində məndə çox ziddiyyətli fikirlər var idi. Amma sovet vaxtından bu yana Allah ideyasını qəbul edirəm. Görürəm ki, mənim ideyalarım müasir elm və fəlsəfənin ideyalarına uyğundur. Bu, mənə ləzzət verir ki, yanlış düşünmürəm.

- Bayaq dediniz ki, Quranın bir variantı qalıb. Yəni, Quran dəyişdirilib?

- Sudan alimi Nadim var idi. Sünni idi, şiələrə qarşı idi. O, maraqlı filosof idi. O deyirdi ki, Quranda dəyişiklik etmək olmaz. Lakin elə ayələr var ki, onları sonradan kənara qoyub başqalarına istinad edirlər. Bildirirdi ki, İslam ölkələri də demokratiyaya yol açsınlar deyə, Quranın hansısa ayələrinə daha çox üstünlük verməlidir. Təbii ki, əksər müsəlmanlar onu qəbul etmədilər. Müqəddəs kitablarda dəyişiklik etmək olmaz, onlar tamdırlar. Ancaq insanın fikirləri tam deyil və onu dəyişdirmək olar.

- Çoxu dində islahatın əleyhinədir. Yaxşı, reform olacaqsa necə olacaq? O da dəqiqdir ki, 7-ci əsrin aurasında olan bir kitabın müasirliklə tam uyuşması mümkün deyil.

- Birinci növbədə insanın azadlığıdır. Allah Quranda əmr edir ki, insanlar yalnız ondan qorxsunlar. Bəs bu gün dünyada elədirmi? Elə deyil. Bu gün müsəlmanlar hər şeydən qorxur. Azərbaycanlılar da belədir. Belədirsə, insan azad deyil. Azad olmaq o deməkdir ki, fikirləri, yaşam tərzi azad olmalıdır. Deməli, biz ilk növbədə çalışmalıyıq ki, azərbaycanlılar azad insan olsunlar.

- Azərbaycana müxtəlif təriqətlər, missioner təşkilatların ideyaları idxal olunur. Ən təhlükəlilər hansılardır? Xristian təriqətləri, İrandan gələn siyasi şiəlik yoxsa Səudiyyə Ərəbistanından gələn vəhabilikmi?

- Azad insan üçün heç bir ideya xatalı deyil. Azad insan hər şeyi başa düşür və qiymət qoyur. Deməli bir nömrəli problem hələ də qalır. İkincisi, problem onda deyil ki, kim sənin ölkənə gəlir. Problem ondadır ki, o ideologiyaları kim və necə qəbul edir. Onu düşünmək lazımdır ki, insanlar o ideyaları niyə qəbul edir. Ya pula görə, ya da əsl mənada o ideologiyaya inanır. Bu da ola bilər ki, təsir altında düşənlər bu cəmiyyətdə başqa bir şey görmür. Bunların üçü də təhlükəli tendensiyadır.

Vaxtı ilə deyirdilər ki, 1990-cı illərdə Azərbaycanda 2 min azərbaycanlı xristianlığı qəbul edib. O zamanlar 20-ə yaxın xristian təşkilatı Azərbaycana gəlmişdi. Bu, xəstəliyə bənzəyirdi. Onlar elə bilirdilər ki, müsəlmanları xristian edəcəklər. Əsl mənada isə ora gedən insanların çoxu heç İslama o qədər də bağlı deyildilər.

Azərbaycanda xristianlığı qəbul edənlərin çoxu SSRİ-nin ateizm ideologiyası təsirindən çıxa bilməyənlər idi.

Açıq, demokratik, azad fikirli ölkələr onlara yad ideologiyaların gəlməsindən qorxmurlar. Yalnız terrorist ya da hansısa bir fundamentalist formada ideologiya təbliğ olunanda onun qarşısı alınır.

- Məsələ burasındadır ki, cəmiyyətimizdə təhlükəli cərəyanlara meyil var. Yəni təhlükə olduğu üçün bayaqkı sualı verdik.

- Bəli, mən siz deyəni inkar etmirəm ki! Deməli, cəmiyyətlə məşğul olmaq lazımdır. Bizim bu boyda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Qoyun məşğul olsunlar da, bu işlərlə. Bəs bunlar nə ilə məşğuldurlar? Dini idarələrin, Dini Komitənin işi nədən ibarət olmalıdır? Pul yığmaqdan? Xeyr. Onlar bu təhlükələrə qarşı mübarizə aparmalıdırlar. Mən elm adamı kimi təhlükələr barədə yaza bilərəm. Ancaq mən nə tələb edə bilərəm, nə də imkanım var ki, hansısa tədbir görüm. Bu, mənim işim deyil, səlahiyyətimə daxil deyil. Mən yalnız nəyə görə insanların təhlükəli təriqətlərə meyl etməsinin səbəblərini deyə, yaza bilərəm. Bayaq insanların radikal ideyaların təsiri altına düşməsinin səbəblərini sadaladım. Gəlin başqa bir məqama da diqqət edək. Deyək ki, kimsə vəhabiliyi qəbul edir. O vəhabiliyə keçirsə, o demək deyil ki, yeni din tapır. O həm də yeni sosial yol tapır.

- Yəni, dini idarələr kifayət qədər iş görmürlər?

- Təbii ki. Bu iş varsa, necə ola bilir ki, başqa cərəyanlar ölkəyə daxil olur və insanları təsiri altına alır. Necə iş aparılır ki, Azərbaycandan gedib İŞİD-in tərkibində döyüşürlər? Azərbaycanda İslam Partiyası var. Onlara neçə dəfə cinayət işi qaldırılıb. Onların İranın xüsusi xidmət orqanları ilə bağlılığı var idi.

- Əli müəllim, Qərb insanı ilə Azərbaycan insanını necə müqayisə edərdiniz? Hansı irəlidədir?

- Biri var xalq, biri də var elita. Xalqları bir-biri ilə üzləşdirmək düzgün deyil. Elitaları götürəndə isə görmək olar ki, Azərbaycan elitası o qədər də zəif deyil. Lakin bütün kriteriyalar üzrə götürəndə görərik ki, biz bir az zəifik. Buna baxmayaraq, azərbaycanlılar inkişaf edirlər. Xüsusilə də xaricə gedənlər. Bu günə qədər dünyada hər bir sahədə azərbaycanlıların adları var.

Gəlin, onu da nəzərə alaq ki, biz daim təzyiqlər altında olmuşuq. Müstəqil formada az yaşamışıq ki, imkanlarımız zəifləyib. Vaxtı ilə Türkiyə ilə (Osmanlı) İran arasında qalmışdıq. Sonra Rusiya gəldi. İndi müstəqilik, inkişaf etmişik, amma yenə də ölkəmizə təzyiqlər var. Təsəvvür edin, Azərbaycan əlifbasını 4 dəfə dəyişdiriblər. Bizim tarixi kim necə istəyirdi elə də yazırdı və qəbul etdirirdi. Bakıda 26 Bakı komissarının şərəfinə ucaldılan abidə var idi. Bizim cəmiyyət buna inanırdı.

Müstəqil formada yaşamaq, azad fikirli olmaq çətin məsələdir. Azərbaycanlılar həmişə böyük qardaş axtarıb. Amma bu, düzgün deyil. Bu dünyada böyük qardaş ideyası ilə yaşamaq olmaz. Sən özün-özün üçün böyük qardaş olmalısan.

- Demək istəyirsiniz ki, Türkiyə böyük qardaşımız deyil?

- Türkiyə dəfələrlə Azərbaycanı satıb. Leninin, Atatürkün vaxtında bunlar olub. Rusiya deyirdi ki, Şərqdə inqilab etmək istəyirik və Türkiyə də buna icazə verdi. Onlar rusları buraxdılar və gəlib Azərbaycanı da işğal etdilər. Atatürkün Leninə məktubu var. Yazırdı ki, lazım olsa, Azərbaycanı qurban verə bilərik. Hansı böyük qardaşdan danışmaq olar?!

- Sovet elmi, təhsili yaxşı idi yoxsa indiki?

- Orada yaxşı məqamlar da var idi, pis də. Hər şeyə qara yaxmaq olmaz. Problem onda idi ki, tarix boyu bizi istədiyimiz kimi yaşamağa qoymurdular. Bizə yad olan, qəbul olunmayan marksist-leninist ideyasını gətirirdilər. Bizim ziyalıları məhv etdilər.

Çar Rusiyası 1820-ci illərdə Azərbaycana gələndə 200 minə qədər azərbaycanlı buradan gedib. Bu, hələ 19-cu əsrin əvvəllərində olan bir faktdır. Ən inkişaf etmiş, düşüncəli, ziyalı insanlar çıxıb gediblər. Onlara icazə verilməyib ki, Bakıda, mərkəzdə yaşasınlar. Qafqaz Müsəlmanları İdarəsi yaradılmışdı. Biz düşünürdük ki, SSRİ dağılandan sonra bu idarəni ləğv edəcəklər. Nəyə və kimə lazım idi axı Qafqaz Müsəlmanları İdarəsi?!

Biz görürük ki, Moskvaya sərf edən siyasət SSRİ dövründə davam etdirilib. Sovet ordusu Azərbaycana daxil olanda 40 min azərbaycanlını qırıblar. Bayaq Türkiyə dediniz. Yaxşı Türkiyə bunu da görmürdü?!

1937-ci il repressiyalarından sonra da Azərbaycanın milli elitası dəyişdi.

Sizin sualın ətraflı cavabına keçək. Bu gün Azərbaycanda təhsil sistemi demək olar ki, dağılıb. Azərbaycan təhsilinin dağılması 1980-ci illərdə başlayıb. İslahat adı ilə bir sıra tədbirlər görülürdü və bu, ziyanlı idi. Sovet elm, təhsil sistemi yaxşı ya da pis idi, amma inkişaf etmiş bir forması var idi. SSRİ bu sistemi alman sistemindən götürmüşdü. Bugünkü sistemdə isə test var. Rusiyada test sistemini götürüblər.

Müəllim tələbə ilə danışmalıdır. Test isə buna imkan vermir. Müəllim nəsə deyir, tələbə isə “yaz” deyir. Müəllim də yazır, sonra da, başqa adam da imtahanı yoxlayır. Testlə müəllim-şagird, müəllim-tələbə əlaqələri qırılır.

- Test ləğv olunmalıdır?

- Bəzi yerlərdə qalmalıdır, bəzi yerlərdə isə yox. Baxın, qabiliyyət imtahanları testsiz olur.

- Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətinə daxil olmayan bir çox şeyə müdaxilə etməsi haqqında mətbuatda məlumatlar yayılır. Halbuki, dövlət qurumu deyil. Biz istərdik ki, həmin idarənin fəlsəfəsi haqqında da danışasınız.

- Bu qurum təbii ki, hansısa müsbət işləri də görür. Amma Qafqaz Müsəlmanları İdarəsi vaxtı ilə Azərbaycan xalqının düşmənləri tərəfindən idarə olunub. Sünnilər və şiələr arasında hasar qoyublar. Sovetin dağılma ərəfəsində, 1988-ci ildə bu idarənin kitabı çıxıb. Hamı görürdü ki, SSRİ dağılır, amma onlar təntənəli şəkildə SSRİ sistemindən yazırdı. Şeyx də insandır, 1990-cı ilin qanlı yanvarında, Azərbaycanın rəhbərləri yoxa çıxanda, Allahşükür Paşazadə önə çıxdı. O, Qorbaçova məktub yazdı. Bunlar da bir faktdır və istifadə etmək lazımdır.

- Sözünüzün axırını nəyə gətirmək istəyirsiniz?

- Siz həmişə çalışırsınız ki, söz axıra qədər deyilsin. Şeyx insandır, Qafqaz Müsəlmanları İdarəsi isə təşkilat. Qafqaz Müsəlmanları İdarəsi təşkilat kimi ləğv olunmalıdır. Bu qurum kimə və nəyə lazımdır?!

Yaxşı olar ki, bu idarə saxlanılması ilə bağlı əhali arasında səsvermə keçirsin. Səs verilsin və obyektiv nəticə olsun.

Gəlin, başqa ziddiyyətli məqama baxaq. Bizdə Dini Komitə var, dini icmaları qeydiyyata alır. Amma Qafqaz Müsəlmanları İdarəsinin özü də axı dini təşkilatdır. Qeydiyyatdan keçən kiçik bir dini icma hüquqi baxımdan Qafqaz Müsəlmanları İdarəsi ilə bərabərdir. Amma paradoksa baxın. Qafqaz Müsəlmanları İdarəsi dini icmalara nəzarət etmək istəyir.

- Alim kimi dolanışığınızdan razısınızmı?

- Mən qazanıram. Amma alim yoldaşlarım çox pis vəziyyətdədirlər. Mən şöbə müdiri, professor, fəlsəfə elmləri doktoru olsam da 450 manat maaş alıram Bu, gülməli bir maaşdır. Aşağıda dayanan polis serjantı isə 2 dəfə məndən çox maaş alır. Halbuki, onun ali təhsili yoxdur, müdafiə etməyib. Sovet vaxtında doktorluq işimi müdafiə edəndən sonra 450 rubl alırdım. Bu da o zaman 900 dollar edirdi. O vaxtın 900 dolları isə indinin 2-3 min dolları demək idi. Mən o zamandan pulları kənara qoymağa başladım.

Mən ancaq ona görə yaxşı yaşaya bilirəm ki, başqa imkanlarım var.

- Bizneslə məşğulsunuz?

- Xeyr, bizneslə məşğul olmuram. Sadəcə bir məqalə yaza bilərəm və onu 500 dollara çap edə bilərlər. Ya da hansısa qeyri-hökumət təşkilatlarından qrantlar ala bilərəm.

Mənim pula ehtiyacım yoxdur. Amma başa düşürəm ki, bu, qeyri-ədalətli bir prinsipdir. Serjantla elm adamı heç olmasa, bərabər səviyyədə maaş alsınlar.

Prezident Administrasiyasında, Nazirlər Kabinetində sürücü işləyən adam dövlət qulluqçusu sayılır. Biz alimlər isə yox. Özüm də 5 il Fəlsəfə İnstitutunun direktor əvəzi işləmişəm. Həmin sürücü işləyənlərdən biri mənim tanışımdır. O, 1200 manat pensiya alır. Mən isə 240 manat pensiya alıram. Halbuki, o adam ömrü boyu maşın sürüb. Əgər dövlət alimə bu formada qiymət qoyursa, bu, düzgün deyil.


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kofi Annan vəfat etdi
18.08.2018, 13:56

Kofi Annan vəfat etdi

Axtarışda olan 36 nəfər saxlanıldı
18.08.2018, 13:53

Axtarışda olan 36 nəfər saxlanıldı

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi
18.08.2018, 13:32

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Biləsuvarda motosiklet aşdı, sürücü öldü
18.08.2018, 13:09

Biləsuvarda motosiklet aşdı, sürücü öldü

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq
18.08.2018, 12:55

Sabahın havası - yağış yağacaq, şimsək çaxacaq

İstiqlal mücadiləsi: tarixdən drama
18.08.2018, 12:40

İstiqlal mücadiləsi: tarixdən drama

Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək
18.08.2018, 12:34

Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü
18.08.2018, 12:23

Azərbaycan vətəndaşı Ukraynada yol qəzasında öldü

Polşada turist avtobusu aşdı - 3 ölü, 51 yaralı
18.08.2018, 12:13

Polşada turist avtobusu aşdı - 3 ölü, 51 yaralı

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutuldu
18.08.2018, 12:02

Gəncədə arvadı və qayınatasını öldürən şəxs tutuldu

Keçmiş sərhədçi: “Cəlilabad və Yardımlıda elə kəndlər var ki, ipə-sapa yatmırdılar” – MÜSAHİBƏ    
18.08.2018, 11:47

Keçmiş sərhədçi: “Cəlilabad və Yardımlıda elə kəndlər var ki, ipə-sapa yatmırdılar” – MÜSAHİBƏ  

Salyanda zəlzələ oldu
18.08.2018, 11:33

Salyanda zəlzələ oldu

Məşhəddə 6 nəfər edam olundu
18.08.2018, 11:23

Məşhəddə 6 nəfər edam olundu

Dövlət qulluğuna qəbul imtahanı keçirilir
18.08.2018, 11:13

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Elza Paşinyana şeir yazacaq
18.08.2018, 10:58

Elza Paşinyana şeir yazacaq

Xaçmaz avtovağzalında köşkdən 2500 manat oğurlayan şəxs ələ keçdi
18.08.2018, 10:55

Xaçmaz avtovağzalında köşkdən 2500 manat oğurlayan şəxs ələ keçdi

Qələbə adətkarlığı
18.08.2018, 10:50

Qələbə adətkarlığı

Koçaryan Paşinyanı zəif yerindən vurur – ŞƏRH
18.08.2018, 10:45

Koçaryan Paşinyanı zəif yerindən vurur – ŞƏRH

Kooperasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir
18.08.2018, 10:38

Kooperasiya Universiteti boş qalan plan yerlərinə qəbul elan edir

Genuyada "körpü qurbanları"nın sayı 41-ə çatdı
18.08.2018, 10:36

Genuyada "körpü qurbanları"nın sayı 41-ə çatdı

Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu
18.08.2018, 10:34

Qəbiristanlıqda çətənə becərən şəxs tutuldu

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 
18.08.2018, 10:07

Bulvara girişin pullu olması: “Hava qaralanda gənclərin nə işlə məşğul olduqlarını Allah bilir” 

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu
18.08.2018, 09:59

Ermənistan mövqelərimizi iriçaplı silahlarla atəşə tutdu

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA
18.08.2018, 09:47

Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA

Azərbaycan sərhədçiləri 29 minə yaxın axtarışda olan şəxsi saxlayıb
18.08.2018, 09:36

Azərbaycan sərhədçiləri 29 minə yaxın axtarışda olan şəxsi saxlayıb

Gəncədə kişi həyat yoldaşını və qayınatasını öldürdü
18.08.2018, 09:13

Gəncədə kişi həyat yoldaşını və qayınatasını öldürdü

Çaylarda suyun səviyyəsi dəyişdi
18.08.2018, 09:03

Çaylarda suyun səviyyəsi dəyişdi

Makqreqor-Nurməhəmmədov döyüşünə biletlər cəmi 3 dəqiqəyə satıldı
18.08.2018, 09:01

Makqreqor-Nurməhəmmədov döyüşünə biletlər cəmi 3 dəqiqəyə satıldı

Əslində   
18.08.2018, 01:56

Əslində  

Azərbaycan bu şəhərlərdə ticarət evi açır
18.08.2018, 00:56

Azərbaycan bu şəhərlərdə ticarət evi açır

Filippində təyyarə qəzası
18.08.2018, 00:39

Filippində təyyarə qəzası

Sumqayıtda itin gözünü oydular - VİDEO
18.08.2018, 00:26

Sumqayıtda itin gözünü oydular - VİDEO

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü
18.08.2018, 00:12

Maşın nəvəsindən ayrılmaq istəməyən nənəni sürüdü

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı
17.08.2018, 23:56

İstanbulda 47 azərbaycanlı məhbus aclığa başladı

Ərdoğan yeddinci dəfə baba oldu
17.08.2018, 23:41

Ərdoğan yeddinci dəfə baba oldu

ARXİV