Modern.az

“Ermənistanın heç bir şansı yoxdur, müharibədə Azərbaycan qalib gələcək” – Gerasimovun həyəcan təbilinə REAKSİYA

“Ermənistanın heç bir şansı yoxdur, müharibədə Azərbaycan qalib gələcək” – Gerasimovun həyəcan təbilinə REAKSİYA

29 Mart 2018, 14:06

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasında elmi-praktik konfrans olub. Konfransda Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çıxış edib.

 

General çıxışı zamanı  Qafqaz regionundakı problemlərə də toxunub. “Müxtəlif teatrlarda zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbassda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar- və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Və bütün bunlara hazır olmaq lazımdır”- deyə bildirib.

 

V.Gerasimov qeyd edib ki, məhz bu ssenarini nəzərə alaraq ehtiyat qoşunların manevrlərinin  və bir nöqtədən başqa nöqtəyə atılmasının təmin edilməsi, habelə onların zərbə altından çıxarılması üçün qoşunların strateji və taktiki mobilliyi ilə bağlı tələblər sərtləşdirilir.

 

Politoloq  Eldar Namazov Modern.az saytına açıqlamasında bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun çıxışı daha çox Rusiya auditoriyasına hesablanıb:

 

“Yəni baş qərargah rəisi onu dinləyən insanları  ordunun güclənməsi istiqamətində, büdcəsinin artırılması ilə bağlı addımların atılması üçün Rusiyanın hər bir şeyə hazır olduğuna inandırmağa çalışırdı.

 

Bu, “Rusiya ətrafında eyni zamanda münaqişələr, konfliktlər yaranarsa, ölkə özünü sığortalamağa, reaksiya verməyə hazırdır” mesajıdır.

 

Biz bunu özümüzə bir hədə  kimi də qəbul edə bilərik. Lakin Gerasimovun sözlərindən daha vacibi Rusiya və Ermənistanın da daxil olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyinin açıqlamasıdır.

Həmin rəhbərlik bu yaxınlarda açıq-aydın bildirdi ki, Dağlıq Qarabağdakı qondarma  rejim bu təşkilatın üzvü olmadığından Rusiyanın  həmin əraziyə heç bir təsiri ola bilməz. O cümlədən  qeyd edilib ki, Dağlıq Qarabağda müharibə başladığı halda Rusiyanın müdaxilə etməyə heç bir hüquqi əsası yoxdur.

 

Bax bu, həqiqətdir və bizi maraqlandıran konkret məsələdir. Gerasimovun sözləri isə ümumi və fəlsəfi xarakter daşıyırdı və  başqa məqsədlər üçün deyilmişdi”.

 

E.Namazov  deyib ki, buna baxmayaraq Azərbaycanla Ermənistan arasında müharibənin başlama ehtimalı real görünür:

 

“Həm ABŞ, həm də Rusiya ekspertləri hesab edirlər ki, hər iki dövlət arasında müharibənin olma ehtimalı çox böyükdür. Eyni zamanda dünya, o cümlədən Rusiya ekspertləri aprel döyüşlərindən sonra belə qənaətə gəlib ki, Azərbaycan ordusu  hər şeyə qadirdir və savaş başladığı halda ermənilər məğlub olacaqlar. 

 

Bu yaxınlarda Rusiyanın aparıcı hərbi analitik mərkəzinin bir kitabın nəşri ilə bağlı açıqlama vermişdi. Onların hazırladığı kitab artıq saytlarda da yerləşdirilib. Böyük kollektivin uzun müddət apardığı araşdırmaların əks olunduğu kitabda açıq qeyd edilib ki, Ermənistan ordusunun heç bir şansı yoxdur və müharibə olarsa, Azərbaycan qalib gələcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi