Modern.az

Azərbaycan vətəndaşlığını itirənlər və vətəndaşlıqdan məhrum edilənlər...  

Azərbaycan vətəndaşlığını itirənlər və vətəndaşlıqdan məhrum edilənlər...   

Ölkə

30 Mart 2018, 10:44

Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb. Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.

Maraqlıdır, Azərbaycanda vətəndaşlığın itirilmə və ya məhrum edilmə halları istiqamətində tendensiya necədir?

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az saytına bildirib ki, vətəndaşlıqdan məhrum edilmə və vətəndaşlığın itirilmə terminləri fərqli müstəvilərə aid edilən anlayışlardır:

“Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir:

1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;

2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;

3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;

4) Bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.

Qanunun 17-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən qismində cəlb edilibsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir”.

A.Allahverənov  həmçinin vətəndaşlığının itirilməsi üçün əsas hesab edilən amillərdən də söz açıb:

 

 “Bu Qanunun 18-ci maddəsinə görə isə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:

1) Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;

2) Azərbaycan vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;

3) Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;

 4) Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

Azərbaycan vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir”. 

Ekspert  bildirib ki, şəxslər hərbi birləşmələrdə iştirak etdikdə, qeyri-qanuni silahlı qruplarda təmsil olunduqda vətəndaşlıqdan məhrum edilir:

“Həmçinin şəxs könüllü surətdə vətəndaşlıqdan imtina edə bilər, bu da vətəndaşlığa xitamın verilməsi və ya vətəndaşlığın itirilmə halları kimi dəyərləndirilir. Təbii ki, qanunvericilikdə bu məsələlər öz əksini tapıb. Məsələn, dini ekstremizmi təşviq etmək, xarici ölkələrin ərazisində fəaliyyət göstərən hərbi birləşmələrdə qulluq insanların vətəndaşlıqdan məhrum edilməsinə əsas yaradan hallardır. İstənilən halda həmin şəxsin oradakı fəaliyyəti nəzərdən keçirilir, günahının dərəcəsi də müəyyən olunur. Çünki bəzi hallarda şəxs hansısa dini ekstremist qruplaşmada təmsil olunsa da, bu, öz iradəsinə zidd ola bilir. Yəni bütün bu məsələlər müvafiq qurumlar tərəfindən dərindən araşdırılır. Lakin bu bir qədər həssas mövzudur”.

A.Allahverənov qeyd edib ki, adətən xarici ölkələrdə yaşayan vətəndaşlar öz istəkləri ilə vətəndaşlıqdan imtina edirlər:

“Ümumiyyətlə isə vətəndaşlıqdan məhrum edilmə hallarında artım müşahidə edildiyini demək olmaz. Əksinə, Azərbaycan ərazisində vətəndaşlığı əldə edən şəxslərlə vətəndaşlığını itirən şəxslər arasındakı balansa nəzər salsaq, görərik ki, statistika məhz birincilərin xeyrinədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir