Modern.az

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - I Yazı

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - I Yazı

Ədəbi̇yyat

30 Mart 2018, 17:01

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor

 

Təkcə torpaqdan deyil, dildən də pay olmaz. Bu mənada Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirini dilə də aid etmək olar.

Biz yaxın olmuşuq qədimdən, yaxın. 
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.


Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.


Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?


Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən. 


Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!


Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də, Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr

Yəni bütün dünya öz vətəninmiş?..


Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..


Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur… yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!


Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim...


Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?


İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə «hay» verim!


«Dığalar» yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!


Millət dilinin və dilindəki sözlərin sahibi olmalıdır. Əgər belə olmazsa, onda millət başına nə gələcəyini bilməz. Ona görə də hər bir kəs öz milli dilini sevməli, sevməkdən əvvəl onu duymalı və anlamalıdır. Sevgini, duyğunu, düşüncəni milli dil vasitəsilə tapmalıdır. Azərbaycan dilini sevməkdən sevdirməkdən əvvəl milləti sevmək, millətin yaratdığı milli dəyərləri, milli ədəbiyyatı, milli əsərləri sevmək, anlamaq, dərk etmək lazımdır. Bunun üçün millətimizin tarixini, yaşadığı əraziləri, bu ərazilərdə yaratdıqları mədəniyyətləri, həmin mədəniyyətlərin xarakterini və mahiyyətini bilmək böyük önəm kəsb edir. Ona görə ki, bunları bilməyən kəslər milli düşüncə ruhundan uzaqlaşır, təhrifli düşüncə ilə yaşayır, məqsəd və amalları xətalara yol açır. Millətinin tarixini, yaşadığı əraziləri, bu ərazilərdə yaratdıqları mədəniyyəti bilən hər bir kəs təkcə dilini sevməyəcək, həm də milli kimliyinə inanacaq, öz milli mənsubluğuna güvənə biləcəkdir. İlk mənbələrdən, qaynaqlardan məlumatlı olmaq təkcə tarix barədə məlumatlı olmaq deyil, həm də tarixə çevrilmişləri, tarixləşmişləri bilmək və bunların içərisidə özünü tanımaqdır. Gəlin bu suallara cavab tapmaqla özümüzü dərindən öyrənək və özümüzə güvəncimizi artırağın. Hər birimiz Midiyalılar, Sasanilər dövrünün tarixini bilirikmi? Bunu bilmək yalnız tarixçilərin işi deyil, həm də hər bir millət övladının işidir. Millətin hər bir övladı Azərbaycanın İslamdan öncə tarixi-siyasi coğrafiyasını tarixçi alim kimi deyil, millət övladı kimi bilməlidir. Azərbaycanın İslamdan öncə tarixi-siyasi coğrafiyasını öyrənmək üçün Midiyalar və Sasanilər dövrünün tarixini öyrənməyə diqqəti artırmalıyıq. Eyni zamanda Azərbaycanın İslamdan sonra tarixi-siyasi coğrafiyası əsasında ərəb xilafəti dövründəki Azərbaycanı öyrənməliyik. Ona görə ki, həmin dövrlərdə mövcud olan Azərbaycan ərazilərində dilimiz də mövcud olubdur. Dilimizin ruhu, təbiəti, möcüzəsi həm də bu ərazilərdən qaynaqlanıbdır. Məsələn, “Mən yenidən Sare şəhərindən Dur-Atanate şəhərinə çıxıram. Arraphalılar Dur-Atanatedən Dur-Taliti şəhərinə hərəkət edirlər. (Mən) yenidən Dur-Talitidən Azari şəhərinə yönəlirəm” mətnindəki Azari şəhərinin və qalasının türk boylarından olan azərilərin adı ilə adlanmasını tarixçilər təbii hesab edirlər. Deməli, burada azərilərin ruhu var. Yaxud “Ərəblərin hücumu ərəfəsində inzibati vahid olan Azərbaycan ərazisi Həmədan, Əzhər, Zəncəna uzanırdı”, “Azərbaycanın ərazisi Bərdə torpaqlarından Zəncana qədərdir. Varsan Azərbaycanın son nöqtəsidir. Azərbaycanın hüdudu Araza qədərdir” fikirləri təkcə Azərbaycanın tarixi-siyasi coğrafiyası üçün gərəkli deyil, həm də Azərbaycan dilinin formalaşmasında tarixi torpaqlarımızın önəmli rol oynadığını diqqət mərkəzinə çəkməkdir. Tarix elminə məlum olan “Azərbaycan böyük ölkə olub, cənubunda Həmədan, şimalında isə Dərbənd yerləşir” fikri də təkcə Azərbaycanın tarixi-siyasi coğrafiyasını, xəritəsini bərpa etmək baxımından deyil, həm də dilinin qidalandığı coğrafiyanı bərpa etmək baxımından əhəmiyyətlidir. Bu mənada Azərbaycan dili həm də Azərbaycanın İslamdan sonrakı tarixi-siyasi coğrafiyasından – ərəb xilafəti, Arran, Şirvan, Xarəzmşahlar, Teymurilər, Səfəvilər, Əfşarlar, Zəndlər dövrü tarixindən qidalanır. Səfəvilər dövrü tarixinə aid 1707-1725-ci illərdə İranda olmuş Polşalı keşişin yazdığı “Səfəvi dövləti Şah İsmayıl Xətaidən Şah Təhmasibəcən 12 məmləkətə sahib idilər: birincisi Əraq-i əcəm, ikincisi Xuzistan, üçüncüsü Loristan, dördüncüsü Farsnan Kirman, beşincisi Məkran, altıncısı Simnan, yeddincisi Qəndəhar, səkkizincisi Zabulistan, doqquzuncusu və onuncusu Xorasan və Mazəndəran, həm də Gilan, onbirincisi və onikincisi Azərbaycandan ki ibarətdir İrəvan və Şirvana və Gürcüstanla Dağıstan (mətn tam deyil – B.X.)” məlumatı Səfəvilər dövlətinin tarixi-siyasi coğrafiyası üçün deyil, həm də Azərbaycan dilinin tarixən işləndiyi ərazilərin coğrafiyasını müəyyən etmək baxımından böyük əhəmiyyət daşıyır.


Davamı var... 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi