Modern.az

Etibar Məmmədov siyasətə qayıtmaq istəmir - MÜSAHİBƏ  

Etibar Məmmədov siyasətə qayıtmaq istəmir - MÜSAHİBƏ  

2 Aprel 2018, 14:28

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov 63 yaşı tamam olur. Etibar Məmmədov 1955-ci il aprelin 2-də Bakı şəhərində doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Burada eks-prezident Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib.
Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.
1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri olaraq partiyanın ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb. E. Məmmədovun 2 oğlu, 1 qızı var. 

Modern.az saytı ad günü ilə əlaqədar Etibar Məmmədovla qısa söhbət edib.

 

- 63 yaşınız tamam olur. Doğum gününüzü necə qeyd edəcəksiniz? 

 

-Doğum günümü evdə ailəmlə qeyd edəcəm. Bu gün oğlumun da doğum günüdür, ona görə evdə ailə arasında keçiririk. Qonaqlar həm mənim, həm də oğlumun doğun gününə gəlirlər.

- Uzun illər aktiv siyasətdə olmusunuz. Yenidən siyasətə qayıtmaqla bağlı fikriniz varmı?

- 2004-cü ildən aktiv siyasətdə yoxam, siyasi proseslərə də müdaxilə etmirəm. Amma bütün siyasi prosesləri izləyirəm və hərdən bir bəzi məsələlərə münasibət də bildirirəm. 

- Həyatınızın geridə qoyduğunuz hissəsində yaddaşınızda qalan hadisələr varmı?

- Təbii ki, bir çox hadisələr var ki, onları unutmaq mümkün deyil. Siyasətə gəlməyim və siyasətdə iştirak etməyimin ən böyük nəticəsi mənim üçün həyat məqsədim olan Azərbaycanın müstəqilliyi idi. Mənim fikrimcə Azərbaycanın müstəqillik qazanması hər bir azərbaycanlı üçün önəmli yer tutur.

- Yəqin ki, doğum günlərinizdə sizə hədiyyələr verilib. Sizin üçün ən dəyərli hədiyyə nə olub?

- Mənim üçün ən dəyərli hədiyyə dostlarımın, yaxınlarımın məni yada salaraq təbrik etməsidir. Doğum günlərimdə xatirə qalacaq bir çox hədiyyə verilib, amma onları bir-birindən ayırmağa ehtiyac yoxdur. Hədiyyənin böyüyü-kiçiyi olmur, əsas odur ki, kimsə sənə diqqət ayırır.

- Geridə qoyduğunuz illərdə edə bilmədiyiniz hansısa bir işə görə təəssüfləndiyiniz anlar olubmu?

- Hər bir insanın həyatında təəssüf elədiyi anlar olur. Məndən asılı olan və asılı olmayan baş vermiş hadisələr yaşanıb. Olub ki, nələrisə etmək istəmişəm, amma edə bilməmişəm. İnsan varsa səhvləri də, təəssüfləndiyi anlar da olur. Əsas odur ki, insan bütün bunlardan nəticə çıxarmağı bacarsın.

 - Hazırda növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi gedir. Necə dəyərləndirirsiniz?

- Seçki prosesini izləyirəm. Amma hansısa aktivlik görmürəm. Sanki Azərbaycanda seçki keçirilmir...

- Azərbaycan Milli İstiqlal Partiyasının sədrliyinə geri dönmək barədə barədə düşünürsünüzmü?


 - Xeyr. Bir dəfə istefa vermişəm, bu barədə yenidən danışmağa ehtiyac yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi