Modern.az

“Azərbaycan Avropaya yeni fəlsəfə gətirdi”

“Azərbaycan Avropaya yeni fəlsəfə gətirdi”

Aktual

3 Aprel 2018, 10:03

“Azərbaycan 2011-ci ildə Qoşulmama hərəkatına üzv olub. Qoşulmama hərəkatına bu müddət ərzində Azərbaycanın üzvlüyü əsasında Azərbaycanın mövqeyi Qoşulmama hərəkatına üzv dövlətlər tərəfindən dəstəklənib. Azərbaycan hərakatın təməl prinsiplərinə və onun məqsəd və məramlarına sadiqliyini öz fəaliyyəti ilə sübut edib”.

 

Modern.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Qoşulmama hərəkatının bundan əvvəl Şarm-əl Şeyxdə, Tehranda, Venesuelada və digər ölkələrdə keçirilən tədbirlərində Azərbaycanın mövqeyini, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Azərbaycanın ərazi bütövlüyü və suverənliyi əsasında həllinə çağıran xüsusi bəyənatlar qəbul olunub.

 

“Qoşulmama hərəkatı müasir beynəlxalq münasibətlərdə önəmli rol oynayır və soyuq müharibə dövründə bloklara qoşulmayaraq, öz ölkələrində xarici ölkələrin hərbi bazaların mövcudluğunu qəbul etməyərək beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermiş mühüm platforma olub. Qoşulmama hərəkatının məqsəd və məramlarının, onun prinsiplərinin yenidən beynəlxalq müstəvidə təşviq edilməsinə böyük ehtiyac var”.

 

Hikmət Hacıyev deyib ki, Qoşulmama hərəkatı BMT Baş Asamblemiyasından sonra dünya dövlətlərini bir araya gətirən ən vacib strukturlardan, ən çox saylı strukturlardan biridir.

 

“Bu strukturda 120 ölkə təmsil olunur. Azərbaycan Respublikası 1989-cu ildə keçmiş Yuqoslaviyanın süqutundan sonra Qoşulmama hərəkatının məqsəd və məramlarını, fəlsəfəsini yenidən Avropa məkanına gətirən dövlətdir. Bu gün Avropa qitəsinin özündə cərəyan edən proseslər, yeni hər bir siyasi blokların meydana gəlməsi bütün bunları bir daha sübut edir ki, Qoşulmama hərəkatına yenidən Avropa məkanında böyük ehtiyac var.

 

Qoşulmama hərəkatının təməl prinsiplərini Bandunq prinsipləri təmsil edir. Bandunq prinsiplərinin də əsas qayəsini məhz dövlətlərin ərazi bütövlüyünə, suverənliyinə hörmət, onların daxili işlərinə qarışmamaq kimi təməl prinsiplər təşkil edir. Ona görədə hesab edirik ki, Qoşulmama hərəkatının nazirlər toplantısına ev sahibliyi etmək, o cümlədən 2019-cu ildə Qoşulmama hərəkatının sammitinə, 2019-2022-ci illərdə isə Qoşulmama hərəkatına sədrlik Azərbaycana beynəlxalq müstəvidə olan hörmətin, ölkəmizin artan nüfuzunun və Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrin təzahürüdür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi