Modern.az

İcra başçısı “Şəhid bulağı”nı sökdürür - Kəşfiyyat komandirinin xanımı kömək istəyir - ŞİKAYƏT  

İcra başçısı “Şəhid bulağı”nı sökdürür - Kəşfiyyat komandirinin xanımı kömək istəyir - ŞİKAYƏT   

3 Aprel 2018, 10:13

Göyçay rayonun Potu kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün, şəhid ailəsi Nailə Ənircan qızı Quliyeva Modern.az saytına şikayət məktubu ünvanlayıb. Şikayətçi icra başçısının şəhidin ruhuna hörmətsizliyindən gileylənib. Nailə Quliyeva haqsızlıqla əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan kömkək istəyib.

Məktubda bildirilir:

“Mənim həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Vilayət Rüstəmov Ağdərə-Kəlbəcər  döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyat komandiri olub. Ermənilərin atdığı top mərmisi posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub. Həmin vaxt onun meyiti ələ gəlməz olduğundan bizə göstərmədilər. Döyüşçü yoldaşları onu elə orada dəfn etdilər.

Kəlbəcərin işğalı zamanı özüm də ağır yaralanıb əlil olmuşam.

1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq.Həyat yoldaşım şəhid Vilayət Rüstəmovun qəbri işğal altındakı  torpaqda olduğu üçün onu ziyarət edə bilmirik.
Buna görə qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə “Şəhid bulağı” inşa edək. Dövlətin ailəmizə verdiyi “şəhid pulu” ilə həmin bulağı inşa etdirdik. Bulağın tamamlanma işləri hələ yekunlaşmayıb.

Dünən 2 aprel 2018-ci il tarixdə - Kəlbəcərin işğalının 25-ci ildönümü yad edilən bir vaxtda Göyçay rayonunun icra başçısı Mehdi Səlimzadə bir qrup işçisini evimizə göndərib ki, “Şəhid bulağı” sökülsün. Dedilər ki, burada “Şəhid bulağı” inşa etmək olmaz, mütləq sökülməlidir.
İcra başçısı Mehdi Səlimzadənin bu tapşırığı mənə bir anlıq erməni vəhşiliyini xatırlatdı. Mən bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm. Bu bulağı öz vəsaitimiz hesabına inşa etdirdik ki, ziyarət etməyə qəbri olmayan həyat yoldaşım şəhid Vilayət Rüstəmovun xatirəsini əbədiləşdirək. Çünki o, Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib, orden və medallarla təltif olunub. Biz bununla fəxr edirik, qürur duyuruq.
Ancaq şəhidin ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadə isə qanunsuz fəaliyyəti ilə fəxr edən kimi davranır. Cəmi  2-3 kvadrat metr yer nə böyük ərazi olub ki, onu şəhidə çox görür? Özü isə 2 ildə az qala Göyçayın yarsını zəbt edib. Bazar-dükanlar açır, insanları incidir, narazılıqlar yaradır.

Mən mətbuat vasitəsi ilə şəhid ailələrinin himayədarı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayaraq, icra başçısı Mehdi Səlimzadənin “Şəhid bulağı”nın sökülməsi barədə verdiyi tapşıdığın qarşısını almağə xahiş edirəm”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu