Modern.az

Cəmiyyətimiz etiraz edir, Qafqaz Müsəlmanları İdarəsi pisləyir - Aparıcı ölkələr isə fərqli DÜŞÜNÜR

Cəmiyyətimiz etiraz edir, Qafqaz Müsəlmanları İdarəsi pisləyir - Aparıcı ölkələr isə fərqli DÜŞÜNÜR

3 Aprel 2018, 15:54

Ailələrdə uşaq sahibi olmaq böyük sevinc deməkdir. Lakin bəzi ailələr müxtəlif səbəblərdən bu sevincdən məhrumdurlar. Bu isə hər bir ailə üçün təbii ki, ifadə olunması çox çətin bir problemdir.

 

Səbəblər kimi fərdlərin hər ikisinin və ya birinin sonsuzluğu, potensial ananın sağlamlığı ilə bağlı problemlərlə əlaqədar uşaq daşıya bilməməsi və digər problemləri göstərmək olar. Aydın məsələdir ki, uşaq hər bir ailənin həm sevinci həm də onun gələcək ümididir. Və ailələrdə müşayiət olunan uşaq olmaması ilə bağlı problemlər bu ailələrin çox zaman dağılmasına gətirib çıxarır.

 

Dünyada bu problemdən, yəni, övladları olmayan cütlüklərin uşaq sahibi olması üçün sperma banklarından istifadə olunur. Hələ ki, sperma bankları əsasən kişi sonsuzluğu kimi problemlərə qarşı hesablanıb.

Çünki kişi və qadın yumurtalıqlarının dondurulması hələ ki elmə məlum deyil. Buna görə də alimlər hələ ki yalnız kişi spermalarını donduraraq saxlamaqla kifayətlənirlər. Lakin bu bankların fəaliyyət istiqamətlərini tək dediyimiz bu dondurma ilə məhudlaşdırmaq düzgün deyil. Çünki, hələ də kişi və qadın yumurtalıqlarını donduraraq saxlamaq mümkün olmasa da bu problemləri əasən bu banklar aradan qaldırır.

 

Donorlar əvvəlcədən potensial donor kimi qeydiyyata alınmış şəxslərdən müəyyən olunur. Ya da müraciət edənlərin yaxın qohumlarını da əhatə edən bir axtarış nəticəsində tapılır.

 

Dünyada ilk belə banklar 1964-cü ildə ABŞ-da Ayova-Sitidə və Yaponiyada Tokioda yaradılıb. Hazırda ABŞ, Yaponiya, Rusiya, Belçika, İtaliya, Almaniya, İngiltərə, Danimarka, Çin kimi dövlətlərdə bu müəssisələr kifayət qədər yayılıb.

 

Ümumiyyətlə sperma bankları dedikdə insanların ilkin düşüncəsində böyük banklar nəzərdə tutulur. Bu isə əslində istənilən klinikanın tərkibində cəmi bir otağı tuta biləcək dərəcədə böyük olamayan bir neçə azotla doldurulmuş qablarla təchiz olunmuş laboratoriyalardan ibarətdir.

 

Lakin əsasən müsəlman ölkələrini özündə cəmləyən dünyanın bir çox ölkələrində bu tipli müəssisələr qanunla qadağandır. Bu əsasən etik səbəblərlə bağlıdır. Bu səbəblər özlüyündə bir uşağın normal böyüməsi üçün həm ata, həm də anasının olmasının vacibliyi, həm gələcəkdə ataları anonim saxlandığı üçün bacı və qardaş evliliyinin olmaması kimi bir sıra etik məsələləri cəmləyir.

 

Lakin dərindən düşünəndə bacı-qardaş evliliyindən söhbət gedə bilməz. Aydın olur ki, belə təcrübədən istifadə edən ölkələr bu problemləri aradan qaldırmağın bir üsulunu tapa biliblər. Bunun üçün əgər ata anonim qalacaqsa, xidmət göstərilən və ya müraciət olunan ərazi üzrə bir donorun sperma nümunəsi yalnız bir neçə dəfə istifadə oluna bilir.

 

Məsələn, əsasən 800 minlik əhalisi olan bir şəhər üçün bir donorun sperma nümunəsi yalnız 10 dəfə təqdim oluna bilir. Burada donor sayını da bəzərə alsaq o zaman bu ehtimalın demək olar ki təbii şəkildə rast gəlinən ehtimalla eyni olduğunu söyləmək olar. Bundan əlavə İngiltərə kimi ölkələr bu yaxınlarda qanuna etdikləri dəyişikliklə anonim donor məsələsini ləğv edib.

 

Bu sahədə əsas məsələlərdən biri də donor şəxslərə qarşı gələcəkdə müəyyən iddiaların olmamasıdır. Buna görə də bu cür müəssisələrdə donor kimi çıxış edən şəxslər həm doğulacaq uşaqlar üzərində valideyn hüququndan məhrumdur, həm də bu  şəxslərə qarşı gələcəkdə nə aliment, nə də atalıqla bağlı iddia ola bilməz. Bu kimi problemlərin aradan qaldırılması üçün həm də yuxarıda qeyd etdiyimiz kimi donorların adlarının gizli saxlanılması tədbiq edilir.

 

Sperma  bankları donorlardan spermaları müəyyən məbləğ qarşılığında alırlar. Məbləğ ölkəyə görə əsasən müştərinin anonim olub, olmaması, həmçinin əgər müştəri anonim deyilsə onun məşhurluğuna görə dəyişir. Məsələn ABŞ-da bu məbləğ 15-15000 dollar arası dəyişir.  Rusiyada isə bu qiymətlər əsasən 1000 rubldan başlayır. İngiltərədə isə 950 pound qiymətində dəyərləndirilir. Satış qiymətləri də təbii ki müxtəlifdir. Avropa Sperma Bankında isə açıq məbləğlər qoyulub: anonim 309 avro, anonim olmayan 559 avro, ABŞ-dan anonim olmayan donor sperması 659 avroyadır. Burada unutmaq lazım deyil ki, məşhurlardan alınan nümunələrin qiyməti xüsusi olur.

 

Bu müəssisələrin tətbiqi insanlar üçün müxtəlif problemlərin həlli deməkdir. Buraya ən geniş yayılmışlarından olanı, xərçəng xəstəliyinə görə kimya müalicəsi alan insanın gələcəkdə uşaq sahibi olması şansının demək olar ki tamamilə aşağı düşməsini göstərmək olar. Bu zaman həmin şəxs sperma nümunəsi verərək gələcəkdə yenə də uşaq sahibi olmaq şansı əldə edir.

 

Burada ən diqqətə layiq məsələ sağlamlığı ilə bağlı səbəblərdən uşaq daşıya bilməməsi üçün çıxış yolunun olmasıdır. Bunun üçün üç nəfərin genlərindən istifadə edilir. Burada sperma donoru kimi atanın özü çıxış edir. Bununla qişaya toxunmadan ananın xəstə yumurtasının nüvəsi mayalanır.

 

Daha sonra isə başqa bir qadının sağlam yumurtasının sağlam olan qişası götürülür və bu həmin mayalanmış yumurtanın qişası ilə birləşdirilir. Burada məntiq, yumurtanın qişasının xəstəlikləri, nüvənin isə ananın göz, saç rəngi və s kimi xüsusiyyətlərini  daşıması ilə bağlıdır.

Dünya ölkələri təcrübəsində  sperma banklarının tətbiq olunduğu sahələrdən ən geniş yayılanı heyvandarlıq sahəsində məhsuldarlığın artırılması ilə bağlıdır. Sperma bankları dedikdə ilk növbədə insanların düşüncəsində bu bankların yalnız insanları əhatə etdiyi düşünülür.

 

Bu isə çox yanlış fikirdir. Çünki bu bankların ilkin təyinatı heyvanlar üçün olub. Belə ki, nəsli kəsilmiş və ya kəsilməkdə olan, xüsusi məhsuldarlığı ilə seçilən cinslər bu bankların ilkin müştəriləri olub. Bunun sayəsində həm həmin heyvanların nəslinin kəsilməsinin qarşısı alınır, həm də daşınma xərcləri və həmin bu cinslərin az olması problemi aradan qalxır. Hətta xarici ölkələrdə bu xidmətlər onlayn olaraq da təqdim olunur. Bunun sayəsində də hər kəsin bu üsulla təsərrüfatında məhsuldarlığı artırmaq imkanı olur. Bu cür müəssisələrə keçən il qonşu Türkiyədə açılmış anqor cinsi keçilər üçün sperma bankını misal göstərmək olar.

 

Qeyd edək ki, Azərbaycanda da sperman banklarının yaradılması “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində nəzərdə tutulurdu. Lakin bəzi deputatların və Qafqaz Müsəlmanları İdarəsinin etirazından sonra həmin maddə layihədən çıxarıldı.

 

Milli Məclisin deputatı, genetik alim Kamilə Əliyeva Modern.az saytına müsahibəsində sperma banklarının yaradılmasına belə etiraz etmişdi:

 

“Genetik olduğum üçün, gələcəkdə bunun fəsadlarını gözümün qabağına gətirdiyim üçün düşünürəm ki, sperma bankının yaradılması genetik partlayışa səbəb olar.

 

Birincisi, bizdə süni mayalanma deyəndə insanlarda başqa təəssüratlar yaranır. İndi bu düşüncələr nisbətən dəyişib. Süni mayalanma deyəndə insanlar digər şəxsin spermasının ana bətninə köçürülməsini nəzərdə tuturlar.

Amma bu, tam olaraq belə deyil. Süni mayalanma həm də odur ki, atadan götürülən sperma  süni yolla ananın uşaqlığına yeridilir. Və 9 aydan sonra uşaq dünyaya gəlir. Azərbaycanda nə qədər sonsuz olan ailələr Türkiyəyə üz tuturlar və onlar süni mayalanma ilə uşaq dünyaya gətirirlər. Halbuki, bu süni mayalanma Azərbaycanın özündə də aparılır.

 

Lakin gen bankının yaradılması başqa məsələdir. Bu o deməkdir ki, bir uşağın doğulması üçün həmin bankdan  götürülmüş spermadan istifadə edilir.

 

Müəyyən vaxtdan sonra isə kim qarantiya verə bilər ki, “bacı-qardaşlar” evlənməyəcəklər?! Azərbaycan çox böyük ölkə deyil. Araşdıranda hamı bir-birilə qohumdur. Sperma bankının yaradılması nələrə gətirib çıxara bilər - bunu düşünmək lazımdır. Mən genetik olduğuma görə bu təhlükənin miqyasının geniş olduğunu görürəm”.

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı isə müsahibələrin birində bildirmişdi ki, İslam görüşləri baxımındansüni mayalanma ərin sperması ilə baş verməlidir.

 

“Digər tərəfdən bir sıra ölkələr süni mayalanma üçün xüsusi tibbi bank yaradırlar və müxtəlif insanlar da burda donor kimi iştirak edirlər.

 

Belə bir bankın Azərbaycanda yaradılmasına şübhə ilə yanaşıram. O şübhəm bu gün yox, sabah üçündür. Sabahkı genetik partlayış üçündür.

 

Yəni bu, milli genefonda vurulan ən böyük zərbə ola bilər. Azərbaycan kiçik ölkə olduğuna görə həmin donorların uşaqları sabah bir-birilərinə bacı-qardaş da çıxa bilər. Bu zaman kimin kiminlə evlənməsi bəlli olmayacaq. Bilirsiniz, o qədər qorxunc suallar yaranır ki.

 

Bu, Azərbaycan genofondu üçün həqiqətən fəlakət ola bilər.  Kim kimin donoru oldu, kimdən alındı, kimin üçün saxlanıldı və.s kimi dəhşətli suallar ortaya çıxacaq. Kim zəmanət verə bilər ki, bunlar olmayacaq?. Eyni zamanda donorluq edənlərin sağlamlığına, prosesin məxfiliyinə, genetik qohumluq probleminə kim zəmanət verəcək?”.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir