Modern.az

Kreml Cənubi Qafqazda müharibənin fitilini ÇƏKİR

Kreml Cənubi Qafqazda müharibənin fitilini ÇƏKİR

3 Aprel 2018, 17:07

Cənubi Qafqaz regionunda Azərbaycan-Ermənistan münasibətləri hər kəsə bəllidir. Xarici siyasətində qeyri-konstruktiv olan Ermənistan rəsmi şəkildə olmasa da, onun dəstəklədiyi qruplar Gürcüstanda təxribatla məşğul olurlar.

 

Ermənilər Gürcüstana da ərazi iddiaları irəli sürürlər. Bu mənada ermənilərin kompakt yaşadığı Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsi daha təhlükəlidir.

 

Ekspert çevrələrində bildirirlər ki, Samsxe-Cavaxetiyadakı durum  Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Dağlıq Qarabağ münaqişəsi, üstəgəl, ermənilərin Gürcüstanda təxribatları Cənubi Qafqaz üçün nələr vəd edir?

 

Politoloq  Zərdüşt Əlizadə  Modern.az saytına deyib ki, Cənubi Qafqazda  Rusiyanın qərarı olduğu təqdirdə müharibə başlaya bilər:

 

“Gürcüstan Rusiyaya hücum edə bilməz, amma Rusiyanın bunu etməsi mümkündür. Azərbaycan-Ermənistan münasibətləri qaynar fazaya yalnız o zaman keçə bilər ki, Rusiya əmr etsin. Nə Azərbaycanın, nə də Ermənistanın əlahiddə müharibəyə başlamaq qərarı verməsi mümkündür. Odur ki, Cənubi Qafqaz regionun bu günü də, gələcəyi də Rusiyadan asılıdır. Fərqi yoxdur, müharibə olacaq və ya olmayacaq. Bu region üçün qərarları Rusiya verir”.

 

Politoloq Qabil Hüseynli qeyd edib ki, dünya Cənubi Qafqaz regionunun problemlərinə etinasızdır:

 

“Beynəlxalq təşkilatlar bu regionun problemlərini ədalətli, beynəlxalq normalar çərçivəsində həll etməyə meylli deyillər. İrəli sürdüyü təkliflər də o qədər ürəkaçan  deyil. Bu nöqteyi-nəzərdən bölgədə bəzi güclər bu bölgənin özünün arxa bağçası hesab edərək buradakı status-kvoya nəzarət edir. Gizlətməyək ki, bu, Rusiyadır. Bu ölkə həm ATƏT-in Minsk qrupunun həmsədridir, həm də bölgədə dövlətlərdən birinin öz himayəsinə alıb, orada hərbi bazalarını yaradıb. Həmin dövləti digərləri üçün təhlükə elementi kimi istifadə edir. Azərbaycan torpaqlarının işğal edilməsi də Rusiyanın əlaltısı Ermənistan vasitəsilə həyata keçirilib. Dünya baş vermiş hadisələrdə Ermənistanın, eləcə də onun qəyyumu Rusiyanın yanlış addımlarını söyləmək istəmirlər. Əgər regionun barıt çəlləyi olmasını istəmirsənsə, o zaman həqiqəti deyin ki, erməninin ağlı başına gəlsin və danışıqlar prosesində konstruktiv rol oynaya bilsin”.

Q.Hüseynli bildirib ki, əksər ölkələr qızışdırma mövqeyində dayanıblar:

“Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanması Dağıstanın Kaspiysk şəhərinə köçürmək istəyir.  Buna nə ehtiyac var? Təbii, məqsəd Xəzər dənizinə nəzarət etməkdir.  Bu da çox təhlükəli tendensiyadır. Cənubi Qafqazda ciddi problemlər var və bunlar bir dövlətin digər dövlət tərəfindən himayə edilməsi, ona lobbiçilik edilməsi nəticəsində yaranıb. 

Rusiya Ermənistana yeni silahların alınması üçün faizsiz kredit ayırıb. Nə qədər Ermənistana pulsuz silah vermək olar və məqsədləri nədir? Bölgəni barıt çəlləyinə çevirən əlbəttə, Rusiyadır.

Yaxın gələcək üçün Cənubi Qafqaz regionu təhlükə vəd edən regiondur. Bu məsələdə region dövlətlərinin təqsiri bəlkə də azdır, lakin onları himayə edən dövlətlərin təqsiri daha çoxdur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi