Modern.az

Milli Məclisin deputatı: “Bütün təxribatlar Londonda hazırlanıb” - QALMAQAL

Milli Məclisin deputatı: “Bütün təxribatlar Londonda hazırlanıb” - QALMAQAL

3 Aprel 2018, 17:32

“Rusiyadan qovulan xarici diplomatlara bağlı onu deyə bilərəm ki, Qərb ölkələri Rusiyaya təzyiq göstərir. Heç kəsə sirr deyil ki, Rusiya prezidenti Vladimir Putinin xarici siyasətdə sərt addımları və bəzi qüvvələrin xoşuna gəlmir. Onlar Rusiyada güclü lider görmək istəmirlər”.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin deyib.


Mixail Zabelinin fikrincə, keçmiş kəşfiyyat polkovniki Sergey Skripal və qızının zəhərlənməsi hadisəsi Londonda hazırlanıb.


“Hesab etmirəm ki, prezident seçkiləri öncəsi Rusiya lideri belə bir göstəriş verə bilər. Digər tərəfdən isə Sergey Skripal və qızı uzun illər idi ki, Londonda yaşayırdı və onlara nəsə etmək istəyirdilərsə, çoxdan edərdilər. Həm də ki, Sergey Skripal və qızını öldürmək üçün heç bir əsas yox idi”.


Azərbaycanın Rus İcmasının sədri bildirib ki, Londonun hadisədən sonra verdiyi açıqlamanı heç bir faktla təsdiq etmək mümkün deyil.


“Hesab edirəm ki, zəhərlənmə faktını təsdiq etmək üçün uzun müddət araşdırmalar aparılmalıdır. Ona görə də Avropa Birliyinin rusiyalı diplomatları qovması qərarını məntiqsiz hesab edirəm. Mən televiziyada Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışını izlədim. O, diplomatiya qaydalarına uyğun olaraq eyni sayda avropalı diplomatı Rusiyadan qovdu. Hazırda isə Avropa – Rusiya münasibətlərinin daha da pisləşəcəyi barədə fikirlər səsləndirilir. Düşünürəm ki, Avropa və Rusiya lederləri bu gərginliyi daha da artırmamalıdırlar”.

 
Mixail Zabelin bildirib ki, Avropa Birliyi və Rusiya arasında baş verən hadisələr Azərbaycan üçün də önəmlidir.


“Çünki Rusiya bizim strateji tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycanın Avropa Birliyi ilə yüksək əlaqələri mövcuddur. Şükürlər olsun ki, Azərbaycan bu məsələdə neytarldır. Hesab edirəm ki, Azərbaycan dövləti düzgün xarici siyasət yürüdür. Azərbaycan prezidentinin siyasi addımlarını ancaq təqdir etmək olar. Bununla belə, Azərbaycan parlamentinin digər üzvləri kimi,  mən də hesab edirəm ki, Londonda baş verənlər təxribat idi”.


Xatırladaq ki, keçmiş kəşfiyyat polkovniki Sergey Skripal və qızı Londonda zəhərləndikdən sonra Avropa Birliyinin 26 ölkəsi 100-ə qədər rus diplomatını ölkədən qovmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu