Modern.az

Akademik Böyükkişi Ağayev vəfat edib

Akademik Böyükkişi Ağayev vəfat edib

4 Aprel 2018, 11:58

Tanınmış alim, cərrah, pedaqoq, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının müdiri, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.


Modern.az-ın məlumatına görə, Böyükkişi Ağayev 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda anadan olmuş, 1944-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) Müalicə fakültəsinə daxil olmuşdur. Hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərən B.Ağayev tələbəlik illərində gecələr təcili cərrahlıq xidməti üzrə çalışmışdı.

1949-cu ildə institutu başa vuran alim Səhiyyə Nazirliyinin sərəncamı ilə Sabirabad rayon xəstəxanasına cərrah-həkim təyin edilmişdi. O, 1954-cü ildə müsabiqə yolu ilə 2-ci Moskva Tibb İnstitutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olmuş, 1958-ci ildə Həştərxan Tibb İnstitutunun cərrahiyə kafedrasında assistent vəzifəsinə təyin olunmuşdu.

B.Ağayev “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş,1967-ci ildə professor elmi adına layiq görülmüşdü. O, 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi.

Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. 1959-60-cı illərdə Azərbaycan Tibb İnstitutunun 5-ci kurs tələbələrinə hərbi-tibb cərrahlığı üzrə mühazirələr oxumuşdur. 1960-cı ildə B.Ağayev Azərbaycan Elmi Tədqiqat Onkoloji İnstitutunda baş elmi isçi vəzifəsinə təyin olunmuş, onkoloji xəstəliklərin inkişafı zamanı su-duz və hormonal mübadilədə baş verən dəyişikliklərin öyrənilməsi və müalicə üsullarının təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparmışdı. Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərmişdi. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyədən mühazirələr" dərsliyinin birinci hissəsini,1982-ci ildə ikinci hissəsini yazıb çap etdirmişdi. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlamışdı.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təklifin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə etmişdir.

Akademik B.Ağayev 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasına rəhbərlik edirdi. Onun elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu, böyük həcmli cərrahi əməliyyatlarda orqanizmin daxili sabitliyinin saxlanılmasında su-duz mübadiləsinin, böyrəküstü vəzinin funksiyasının tənzimlənməsinin rolu və s. təşkil etmişdir.

Alim tibb üzrə bir sıra cəmiyyətlərin və elmi şuraların üzvü idi. Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq o, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuşdu. Həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.


Görkəmli alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

Allah rəhmət eləsin!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər