Modern.az

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - II Yazı

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - II Yazı

4 Aprel 2018, 17:00

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan dilinin ruhu, təbiəti Azərbaycan ərazisindəki ən qədim yaşayış məskənlərindən qidalanır. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarının nəfəsi dilimizin ruhuna hopubdur. Azıx mağarası ibtidai insanların formalaşdığı bir ərazi olmaqla Azərbaycan dilinin genetikasında öz izini qoruyur. Azərbaycan dilinin ruhu və təbiəti Azərbaycan ərazilərində 1,7-1,8 milyon il bundan əvvəl yaşamış ilk ibtidai insanlara aid olan arxeoloji və paleontoloji materiallardan qidalanır. Eyni zamanda ən qədim dövlətçilik ənənələrinə malik olan bir millət olmaqla 5 min illik dövlətçilik tarixindən qaynaqlanır. Tarixi liderlərimizin hər birindən güc alır: Cavanşirdən (hakimiyyət illəri: 642-681), Babəkdən (ərəb əsarətinə qarşı azadlıq mübarizəsinin başçısı: 816-838), Şəmsəddin Eldənizdən (hakimiyyət illəri: 1136-1175), Şeyx İbrahim Dərbəndidən (hakimiyyət illəri: 1382-1417), Uzun Həsəndən (hakimiyyət illəri: 1468-1478), Şah İsmayıl Xətaidən (hakimiyyət illəri: 1501-1524), Şah I Abbasdan (hakimiyyət illəri: 1587-1629), Nadir Şah Əfşardan (hakimiyyət illəri: 1736-1747), Fətəli xan Əfşardan (hakimiyyət illəri: 1747-1763), Cavad xandan (hakimiyyət illəri: 1786-1804), Qubalı Fətəli xandan (hakimiyyət illəri: 1758-1789), Azərbaycan Xalq Cümhuriyyətindən (23 ay ömür sürmüşdür), Müstəqil Azərbaycan Dövlətinin banisi ulu öndər Heydər Əliyevdən, Prezidentimiz İlham Əliyevdən.

Azərbaycan dili hərbiçilərimizdən – Bakıda Bakıxanovlardan, Qazaxda Şıxlın­skilərdən, Vəkilovlardan, Naxçıvanda Kəngərlilərdən istedadlı general­ları­mız­dan – Səməd bəy Mehmandarovdan, Əliağa Şıxlinskidən, Hüseynxan Naxçı­van­skidən, İbrahim ağa Usubovdan, Həmid Qaytabaşıdan, Kazım Qacardan, Cavad bəy Şıxlınskidən, Həbib bəy Səlimovdan, Cəmşid Naxçıvanskidən və digərlərindən güc alır.

Azərbaycan dili müxtəlif istilalara (ərəb, fars, monqol və s.) qarşı vuruşmuşdur. Eyni zamanda milli-tarixi faciələrimizdə – 1803-1813 və 1826-1828-ci illərdə Azərbaycanın iki hissəyə bölünməsində, 1918-ci il ermənilərin törətdikləri soyqırımda, 1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olunduqda, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdikdə, 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldükdə, 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıda və respublikanın digər yerlərində dinc əhaliyə qarşı soyqırımı, törətdikdə, 1992-ci il fevralın 26-da rus ordusunun köməyi ilə ermənilər Xocalı soyqırımını həyata keçirdikdə milləti bir amal, məqsəd ətrafında birləşdirmək, millətin ruhunun sınmasının qarşısını almaq yolunda ən böyük silah olmuşdur. Bir sözlə, Azərbaycan dili Azərbaycan xalqının yaşadığı tarixi taleyi yaşamış bir dildir. Ona görə də Azərbaycan dilində Azərbaycan xalqının bütövlükdə özü var. Azərbaycan dilində Azərbaycan xalqının dünəni, bu günü dil açıb danışır. Bu dil Azərbaycan xalqının həyatını tam şəkildə əks etdirir. Azərbaycan dilində Azərbaycan xalqının həyatı güclü yer aldığına görə dilimiz könül dilidir, ürək dilidir. Könül dili, ürək dili olmaq üçün xalqın özü ilə birgə dili də çətin və ağır sınaqlardan keçməyi bacarmalıdır. Xalqımızın bütün çətin və ağır sınaqlarında dilimiz xalqımızla birgə olmuşdur. Nəticədə xalqımız da, dilimiz də dünya xalqları və dünya dilləri sırasında öz milli xarakterini göstərə bilmişdir. Xalqımız dilimiz üçün, dilimiz isə xalqımız üçün bir memar rolunu oynamışdır. Belə ki, xalqımız dilimizi formalaşdırmış və bu günə gətirib çıxarmış, dilimiz isə xalqımızı yaşatmışdır. Azərbaycan xalqı və Azərbaycan dili qoşa qanad rolunda olmuş, xalqımızın və dilimizin qorunmasında “milli müdafiə cəbhəsi” rolunu oynamışdır. Həmin “milli müdafiə cəbhəsi” Azərbaycan dilinin könül dili, ürək dili olmasını dilimizin taleyinə çevirə bilmişdir. Ona görə də könlümüzə, ürəyimizə yol tapan ədəbi-bədii nümunələri daha tez duyuruq, sevirik və vətənimizin səsi kimi qəbul edirik. Bu mənada Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri vətənimizin səsidir. Bu şeir təfəkkürümüzə, ürəyimizə mənəvi qidadır. Dilimizin üstünə gələnlərə qarşı bir ordu qoşundur. Könlümüzdən keçənləri yüksək bədii şəkildə söyləmək qüdrətində olan Azərbaycan dilinin nəyə qadir olduğunu göstərən poeziya nümunəsidir. Bunu təkcə oxumamalı, həm də əzbərdən bilməliyik. Həmin misralarla ürəyimizdə danışmağı bacarmalıyıq. Bir sözlə könül dilinin, ürək dilinin bariz nümunəsi olan “Ana dili” şeirinin gücünə diqqət yetirək:

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır,
Səndə neçə minillik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Hər bir dilin fonetik, leksik, qrammatik quruluşu barədə tədqiqat işləri aparılmış, bu məsələlər araşdırmaların tədqiqat mövzuları olmuşdur. Ancaq millətlərin tarixi ilə əlaqəli şəkildə dillərin tədqiq olunması ya olunmamış, ya da çox az olmuşdur. Bu istiqamətdə tədqiqatların ya az olması, ya da heç olmaması bəzi dillərin ədəbiyyat və mədəniyyət dili olaraq başqa dillərə boyun əyib-əyməməsinin səbəbini üzə çıxara bilməmişdir. Bəzi qəbilə, tayfa dillərinin millət dilinə çevrilə bilməməsi, hətta başqa dillərin gücündən faydalana bilməməsi səbəbləri tədqiqat mövzusu kimi araşdırılmamışdır. Bəlkə də bəzi dillərin başqa dillərdən faydalanmaq gücü olmadığı üçün onlar kiçik millətlərin, tayfaların dilləri kimi qalmış, onlar məhdud bir dairədə, ərazidə işlənmişdir. Qeyd edək ki, Azərbaycan dili başqa dillərdən zənginləşmək gücü olan dil olsa da, onun işlənmə coğrafiyası dünyanın bir sıra dilləri, o cümlədən beynəlxalq dillərlə müqayisədə məhduddur. Belə ki, Azərbaycan dilinin işlənmə coğrafiyası tarixən geniş olsa da (tarixi ərazilərinin genişliyi ilə əlaqədar olaraq), hal-hazırda konkret ərazisi, sərhədi, coğrafiyası olan Azərbaycan Respublikasının dövlət dilidir. Ancaq dünyanın beynəlxalq dilləri bir ölkədə deyil, bir çox ölkələrdə işlənir. Təbii ki, belə dillər böyük mədəniyyətlərdən faydalanaraq zənginləşmişlər. Beynəlxalq dillər, “imperator dillər” öz zənginliklərinə görə faydalandıqları dillərə də borcludurlar. Ona görə ki, onlar faydalandıqları dillərdən istədikləri qədər, lazım olan qədər sözlər alır, öz mədəniyyətlərini, ədəbiyyatlarını inkişaf etdirə bilirlər. Bu prosesi milli maraqlarına uyğun şəkildə aparırlar. Güclü ölkə zəif ölkəni fəth etdiyi kimi, beynəlxalq dil də, “imperator dil” də zəif dilləri fəth edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan dili nə beynəlxalq dildir, nə də “imperator dil”dir. Ancaq Azərbaycan dili ürək, könül dili olduğu üçün başqa dilləri fəth etmədən lazım olan sözləri alıb, alır və alacaqdır. Onu da qeyd edək ki, Azərbaycan dili söz alış-verişində kifayət qədər gücü, qüdrəti olan dildir. Azərbaycan dili tarixboyu qonşuluğunda olan, eləcə də müxtəlif əlaqələrdə bulunan xalqlardan söz almış və onlara söz vermişdir. Bu cür mədəni əlaqə Azərbaycan dilinin könül dili, ürək dili olmasından irəli gəlmişdir. Həm də Azərbaycan dili sadəcə olaraq könül dili, ürək dili deyil, həm də tarixi-siyasi coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, qədim dövlətçilik ənənəsi olan dildir.

Yeri gəlmişkən onu da qeyd edək ki, ürək dili, könül dili heç zaman ölə bilməz, tarix səhifəsindən silinə bilməz. Ancaq “imperator dil” imperiya dağıldıqdan sonra sıradan çıxar, ölü dilə çevrilə bilər.

 

davamı var...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir