Modern.az

Yandırın çıraqları...

Yandırın çıraqları...

Ədəbi̇yyat

4 Aprel 2018, 20:01

Firuzə Nadir


Qabilin unudulmaz xatirəsinə

 

Qabilədəbiyyatımızın parlaq simalarından idi. O, poeziya, ədəbiyyat üçün doğulmuşdu. Sözün əsl mənasında, söz adamı idi. Və həm də azad fikirli, saf qəlbli, kövrək, ürəyi ovcunun içində olan insan idi. Urəyi kimi şerləri, mahnıları, deyimləri, zarafatları da həyat eşqi ilə dolu idi. “Qarışqa yuvasını belə tapdalamayan”,“Dostun sədasına uça-uça gələn”, “saxta nəzakət”dən uzaq qaçan, yeri səhv düşəndə də inciməyən, Vətəninə, dövlətinə, dostuna-qardaşına, oxucusuna, ən əsası, özünə sədaqət simvolu kimi tanınan Qabilin kiçik şeiri də, böyük əsəri də əsl çağırış idi – insanlığa çağırış. Və düşündürürdü, çünki mayasında Qabil ürəyindən su içən işıq vardı. Yaradıcılığı ilə şəxsiyyəti həmahəng, əməlləri ilə sözü bir olan və bununla öyünən Qabil “Qobustan qayaları” deyirdi özünə. Və bu deyimində də yanılmayıb...


Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-dә Bakıda, sadə ailədə doğulub. İndiki Pedaqoji Universitetdә tәhsil alıb. Moskvada Qorki adına Әdәbiyyat İnstitutunun ədәbiyyat kursunu bitirib. Yardımlıda muәllim kimi işə başlayıb. Sonra “Azәrbaycan müәllimi”, “Әdәbiyyat vә incәsәnәt”, “Kommunist” qәzetlәri, “Azәrbaycan” jurnalı, Azәrbaycan Dovlәt Televiziya vә Radio Verilişlәri Komitәsində işləyib. Amma əsas işi sözə şərəf vermək idi.


İlk şeiri 18 yaşında çap olunub. Sağlığında fəxrlə deyirdi ki, poeziyamızın nəhəngləri Bəxtiyar Vahabzadə və Nəbi Xəzri ilə eyni gündə ədəbiyyata gəlmişik, ilk şeirimiz eyni gündə eyni qəzetdə çap olunub. “Qabil Nikbin”, “Qabil” tәxәlluslәri ilә yazan şair Azərbaycan şeirinə yaraşan ölümsüz nümunələr yaradıb. Kim inanmır ki, Bakı haqqında şeiri yüz illər sonra da eyni məhəbbətlə oxunmayacaq? Çünki bu şerdə Azərbaycanı, Bakını elə yüksək mərtəbədən vəsf edib ki!.. Onu hər zaman sevdirən, aktuallığını heç zaman itirməyən bir şeiri də var: 1969-cu ildə yazılan “Səhv düşəndə yerimiz” şeiri...

 


Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

…Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.

 

Poeziyamızın qaynar təbiətli, coşğunluqla yazıb-yaradan, düşünüb-daşındıran, həm də güldürən, əsərləri ilə elə sağlığında ikən klassikləşən ustad Qabil öz yerini də yaxşı görürdü ədəbiyyatımızda. Əslində, bu, şairin sələflərinə və özünə verdiyi qiymət idi:

 

Nizami kəşf etdiyi

Beş qitəni,

Beş cahanı,

Beş ümmanı yazdı.

Nəsimi bütövlüyü,

Əqidəni, iradəni,

Qanlı

Sübutu yazdı.

Füzuli üfiqləri yandıran ahü-naləmizi yazdı...

Qabil də yeri səhv düşənləri yazdı...

 

Qabilin şeirləri xalqımızın ictimai-siyasi həyatının bədii salnaməsidir. O, müasiri olduğu mühüm ictimai-siyasi hadisələrin heç birinə biganə qalmayıb, mütləq vətəndaş mövqeyini bildirib. 20 Yanvarda "Mən göz yaşlarına dözə bilmirəm" deyib. Ürək ağrısı ilə “Şəhid anası”na təsəlli verib, igid Azərbaycan əsgərinə ədəbiyyatımızın ən gözəl şeirini yazıb. Yaradıcılığının şah әsәri sayılan “Nәsimi” mәnzum romanı 1976-cı ildә Azәrbaycan SSR Dovlәt Mükafatına layiq görülüb. Bu əsəri “onun ölməzliyinin əbədi pasportu” adlandıranlar yanılmayıblar. Şairin Azәrbaycan vә rus dillәrindә 100-dәn cox kitabı çap edilib: “Səhər açılır”, “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər”...

Çox dəyərli mükafatları var Qabilin. Əməkdar İncəsənət xadimi idi. Müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərini özü üçün böyük şərəf, qürur hesab edirdi. Dövlətimin Qabilə diqqət və qayğısı isə, həm də sözə, sənətə, ədəbiyyata hörmət və ehtiramın təcəssümü idi. Ulu öndər Heydər Əliyevin şairə səmimi münasibəti vardı. Bu münasibətdən həddən ziyadə qürur duyurdu Qabil. Azərbaycanın “Şöhrət” ordenini də bu qüdrətli dövlət başçısından almışdı. Qabilin şux, baməzə söhbətləri, mənalı zarafatları dövlət başçısından tutmuş sadə vətəndaşa qədər hər kəsin könlünə sirayət edirdi... 


Qabil 1944-cü ildə aprel ayının 3-də “Gəl baharım” şeri ilə qoşulmuşdu söz adamlarının sırasına. 63 il sonra, 2007-ci il elə aprelin 3-dən 4-nə keçən gecə də 81 yaşında bu dünyaya əlvida dedi. “Taleyin işinə qarışmaq olmaz, Möhləti ömürdən soruşmaq olmaz” deyən şair Qabil Allahın ona yazdığı ömrü dopdolu, mənalı, şərəflə yaşadı. Xalq şairi Fikrət Qoca onu“ötən əsrin şair-əfsanələrindən sonuncusu” kimi xarakterizə etmişdi. Xalq yazıçısı Anar “Qabil itkisi yarpaq itkisi deyil, Azərbaycan ədəbiyyatı sarayından düşən qızıl bir kərpicdir” demişdi...

“Mənim təbiətən sadəliyim, təmiz ömür yaşamağım, yazılarım, yazı-pozum mənə həmişə səadət gətirib” deyəndə də haqlı idi. Çünki Azərbaycan ədəbiyyatının şair Qabili kimi tanındı, sevildi. Artıq Azərbaycan ədəbiyyatının Qabil səhifəsi tarixə çevrilsə də, bu səhifə həmişə açıqdır. O, zəngin söz xəzinəsi, gözəl əsərləri ilə hər zaman da bu dünyanın adamı olaraq qalacaq. Xatirəsini anmaq istəyənlər isə kitablarını vərəqləyəcək, bir də məzarını ziyarət edəcəklər. Məzarı isə Fəxri Xiyabandadır. Burada isə ancaq seçilmişlərə yer var. Qabil də Tanrının seçdiklərindən idi. Şairin ruhuna isə elə öz misraları ilə rahatlıq diləyirik:

Əbədiyyət soyuqdur,

O, üşüdür adamı.

Yandırın çıraqları,

Ruhlar isinsin barı...

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!