Modern.az

Din xadimləri, ilahiyyatçılar URVATSIZLAŞIB

Din xadimləri, ilahiyyatçılar URVATSIZLAŞIB

5 Aprel 2018, 10:32

Zaman-zaman müxtəlif məzhəb və təriqətlərin dini liderləri həmin məzhəbə qulluq edən insanlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Elə vaxt olub ki, iki təbəqə, iki bölgə arasında yarana biləcək qanlı toqquşmanı dini lider bir kəlmə ilə yekunlaşdırıb. Bunun əksi olan hadisələr də təbii ki, az baş verməyib. Mahiyyət odur ki, müsəlman ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da dini lider xüsusi nüfuz sahibi olub.

 

Lakin  XXI əsr cəmiyyətində din adamlarının nüfuzu sual altındadır. Əksəriyyət onların sözlərinə, fikirlərinə etinasız yanaşır. Səbəb isə din xadimlərinin XXI əsrin tələblərinə cavab verməyən və reallıqdan uzaq açıqlamalarıdır.

 

Vaxtikən Azərbaycan mühitində böyük nüfuz sahibi olan din xadimlərinin varlığından bəhs etmək mümkün olsa da, indi vəziyyət tamamilə başqadır.

 

İlahiyyatçı  Elşad Miri Modern.az saytına açıqlamasında bildirib ki, hər kəs ətrafına uyğun olaraq bir fikir formalaşdırır və elə zənn edir ki, bu gün  filankəslərə qarşı münasibət belədir:

 

“Əgər tutaq ki, hazırda şeyxülislama münasibət mənfidirsə, keçmişdə də mənfi olub. Sadəcə olaraq indi başqalarına yönələn insanlar var ki, onun sözlərinə daha çox önəm verirlər, nəinki, şeyxülislama. Digər tərəfdən bu gün Azərbaycanda  şeyxülislamın dinlə bağlı hansı çıxışları var? Yaxud hansı xütbəsi var ki, kimsə də onun sözünə etibar etsin və ya etməsin.

 

Din adamları ilə ilahiyyatçılar fərqli anlayışlardır. Hər kəs din adamı ola bilər, amma ilahiyyatçı yox. Bu gün təəssüf ki, ilahiyyatçılar din adamları kimi təqdim olunur.

 

Bu aspektdən yanaşanda hazırda insanlar daha çox özləri düşünməyə başlayır, sosial medianın səbəb olduğu araşdırmalara meyllik olur, kimdənsə asılı olmaqdansa, Quran kitabın özünə müraciət etməyə çalışırlar. Hər hansı məsələ varsa, onunla əlaqəli kitabda əks olunan şəkillərə, yaxud videolara baxır. Bu baxımdan təbii ki, din adamlarının sözlərinə münasibətdə əvvəlki effekt yoxdur. Əvvəllər cənnət-cəhənnəm deyib, insanları qorxudurdular. Amma reallıq odur ki, bu gün hansısa məsələ ilə bağlı fikirlər səslənərsə, ona dərhal reaksiya verilir. Buna görə də istər-istəməz artıq din adamlarının  düşüncələrinə etinasız yanaşma halları mövcuddur”.

 

İlahiyyatçı  qeyd edib ki, dinə münasibətin dəyişməsində də bir neçə məsələ var:

 

“Məsələn, mənim çevrəmdəki insanlar artıq dinə ikitərəfli  yanaşırlar. Biri var, insanların uydurduqları din. Həmin şəxslər məsxərəyə qoyulan din forması ortaya qoyurlar.

 

Digər qismin isə ağılla, şüurla gəldikləri din anlayışı olur. Yəni onlar görürlər ki, dində həqiqətən filan məsələ ola bilməz. Araşdırıb və ya bilənlərdən soruşub həqiqət bildiklərinə çatırlar. Çünki həqiqət dinə, elmə, fəlsəfəyə görə ayrı ola bilməz. Həqiqət birdir. İnsanın ürəyi, ağlı, vicdanı da həmin həqiqət üzərindədir.

 

Digər formada isə, həmin din xadimləri insanları özlərindən asılı vəziyyətə salaraq onlardan bəhrələnməyə çalışırlar. O cümlədən din hər kəsin fərdi şəkildə anlayıb, araşdırıb yaşaya biləcəyi məfhum ikən, bu gün ancaq din xadimlərindən asılı vəziyyətə gəlib, onların dedikləri ilə oturub-durma anlayışının inkişaf etdiyinin şahidi oluruq”.

 

Elşad Miri  deyib ki, ilahiyyatçıların nüfuzu olmasa yaxşıdır:

 

“Yəni bu gün nüfuz hər hansı din xadimlərinin hərəkətləri ilə ölçüləcəksə, buna heç ehtiyac da yoxdur. Nüfuz insanın  sözün əsl mənasında insan olmasıdır. Nüfuz düzgün ədəb-ərkanla, əxlaqla, başqalarına qarşı davranışlarla bağlı olmalıdır. Yoxsa kiminsə nüfuzu ona verilən ordenlə, vəzifə ilə ölçülməməlidir. İnsanlıq hər şeydən öncə gəlir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı