Modern.az

REAL hərəkatından “Real” TV-yə İTTİHAM: “Adımızı götürməkdə Mirşahinin məqsədi nədir, özü desin”

REAL hərəkatından “Real” TV-yə İTTİHAM: “Adımızı götürməkdə Mirşahinin məqsədi nədir, özü desin”

5 Aprel 2018, 17:31

Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin  fəaliyyətə başlamasından az vaxt keçir. Xəbər televiziyası kimi fəaliyyət göstərən TV-nin adı sosial şəbəkələrdə bəzi müzakirələrə səbəb olub.  Bəziləri iddia edir ki, “Real” TV Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatın - REAL hərəkatının adını götürməklə yanlışlığa yol verib.


Elə REAL hərəkatının icraçı katibi Natiq Cəfərli də belə düşünür. O, Modern.az saytına açıqlamasında deyib ki, televiziyaya bu adın seçilməsi heç də  təsadüfi deyil:


“Bizim təşkilatın adı artıq 8 ildən çoxdur ki, Azərbaycan ictimaiyyətinə tanışdır və brendə çevrilib. Bu baxımdan yeni yaranan televiziyaya “Real” adının seçilməsi güman ki, düşünülmüş şəkildə atılan addımdır. Amma bizim hüquqi cəhətdən heç bir irad bildirməyə imkanımız yoxdur. Çünki REAL qeydiyyatdan keçmiş siyasi təşkilat deyil. Neçə illərdir müraciətlərimizə baxmayaraq, bizi qeydiyyata almırlar. Amma hamıya aydındır ki, televiziyaya bu adın qoyulması bizim təşkilatla bağlıdır. Lakin məqsəd nədir, açığı, bunu deməkdə çətinlik çəkirəm. Əminliklə deyə bilərəm ki, ad birbaşa bizim təşkilatla əlaqəlidir. Bəlkə də fikirlərdə qarışıqlıq yaratmaq məqsədləri var”.

N.Cəfərli qeyd edib ki, yeni televiziyanın fəaliyyəti hər bir halda müsbət hadisədir:

“Azərbaycanda nə qədər çox media qurumu olsa, normal informasiyalar verilməyə başlansa, daha yaxşı olar. Ümid edirəm ki, televiziya adını doğruldacaq və real  xəbərlərə, diskussiyalara yol açacaq. Bu yolda yalnız onlara uğurlar arzu edə bilərik. Lakin “Real” adının hansı məqsədlə seçildiyini yaxşı olardı ki, təsisçi Mirşahin Ağayev desin. Bu, bizim üçün də maraqlı olardı”.


N.Cəfərli “Real” TV-ni izləmədiyini deyib:

“Televiziyada ciddi səs-küyə səbəb olan reportajlar da olmayıb ki, maraqlanıb baxaq. Hələlik mənə elə gəlir ki, “Real” TV ciddi ictimai diqqət cəlb edə bilməyib. Gələcəkdə rezonans doğuran hansısa müsahibə, reportaj və ya verilişlər olsa, o zaman internet üzərindən televiziyanı izləyə bilərəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?