Modern.az

Deputat Prezidentin xəbərdarlığını təsadüf saymır: “Bəzi nazirlərin hətta köməkçisi adamı rədd edir”

Deputat Prezidentin xəbərdarlığını təsadüf saymır: “Bəzi nazirlərin hətta köməkçisi adamı rədd edir”

7 Aprel 2018, 11:24

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bir daha məmur özbaşınalığına toxunub.

“Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Mənim regionlara dalbadal səfərlərimdən sonra yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir. Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq. Çünki artıq dediyim kimi, Azərbaycanın regionlarında infrastruktur məsələləri, sosial infrastrukturla bağlı məsələlər praktiki olaraq tamamilə həll edilib. Ötən 15 il ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib. Yəni, sosial infrastruktura çox diqqət yetiririk. Qarşıdakı dövrdə əsas məsələlər idarəetmə ilə, sosial ədalətlə, pozuntularla, bəzən rast gəlinən məmur özbaşınalığı ilə bağlı olacaq” - deyə prezident İlham Əliyev bildirib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a da bildirib ki, məmur özbaşınalığı hallarına hələ ki son qoyulmayıb.

“Belə hallar çox olur. Mənə elə gəlir ki, bunun köklərindən biri sovet ənənələrinin davamıdır. Məmurların süründürməçiliyi, özlərini yuxarı tutmaları, aqressiv rəftarları davam edir. Digəri isə müstəqilliyin ilk illərindən gələn ineksiya və ətalətin davam etməsidir. Bəzən hakimiyyət formalaşanda heç də ən keyfiyyətli adamlar vəzifədə olmur. Təsadüfi adamlar  da olur.  Məmurlar inzibati vəziyyətdən sitifadə edərək, özlərinə şərait qururlar. Elə bir imkanlara malik olurlar ki, əhalini saymırlar. İnsanlara yuxarıdan aşağı baxırlar. Belə hallara rast gəlinir. Təbii ki, bu məsələdə ölkə başçısı haqlıdır. Məlumdur ki, bir çox hallarda ən yüksək səviyyələrdə məmurlar, nazirlər cəzalandırılıb. Barələrində cinayət işi başlanılanlar da var”.

Deputat hesab edir ki, prezident seçkilərindən sonra ölkədə  institutsional dəyişikliklər olmalıdır.

“Ən yüksək səviyyələrdə kadr dəyişiklikləri olmalıdır. Mən düşünürəm ki, bu dəyişikliklər məmur özbaşınalığı ilə bağlı vəziyyəti xeyli yaxşılaşdıracaq. Gürcüstanda biz bu halı müşahidə etdik. Orada aşağıdan yuxarıya doğru islahatlar aparıldı . Və korrupsiyanın, inhisarçılığın kökü kəsildi. Məmurlar nəzakətli olmağa başladılar”.


Tahir Kərimli bildirib ki, deputatlar da bəzən məmur özbaşınalığı ilə bağlı çətinliklər çəkir.

“Nəzakətlə davranan nazirlərimiz də var. Səhiyyə naziri Oqtay Şirəliyev dəfələrlə ağır xəstələrin müalicəsinə yardım edib. Daxili İşlər Naziriliyi hər zaman məktublara cavab verir . Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da ona ünvanlanan müraciətlərə diqqətlə yanaşır. Amma adlarını çəkmək istəmədiyim bir sıra nazirlər var ki, özləri bir tərəfə, onların köməkçisi adamı rədd edir. Əgər deputat belə vəziyyətdədirsə, adi vətəndaşın vəziyyəti görün necədi. Rayonlarda da belə hallar mövcuddur. Hesab edirəm ki, bunlar haqda  daha ciddi mübarizə aparılacaq. Artıq vaxtdır. Azərbaycanda dinamizm çox artıb. Münasibətlər artıq aktiv fazalara keçib. Məmur özbaşınalığının qarşısının alınması çox vacibdir. Cənab prezident ictimai şuraların yaradılması haqqında tapşırıq verib”.

 

Deputat hansı sahələrdə məmur özbaşınalığına rast gəlindiyini açıqlayıb.

“Məhkəmələrdə əvvəllər məmur özbaşınalığına daha çox rast gəlinirdi. Elektron məhkəmə sistemi bir çox özbaşınalığın qarşısını alır. Kommunal təsərrüfat sahələri, nazirliklərin yerli rayon şöbələrində bu hallara daha çox rast gəlinir. Çünki bunlar əhalinin ən çox təmasda olduğu sahələrdi. “ASAN Xidmət” məmur özbaşınalığını, süründürməçiliyi xeyli aradan qaldırıb. Hesab edirəm ki, bir sıra sahələri “ASAN Xidmət”ə vermək lazımdır” . 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir