Modern.az

Azərbaycanda əvvəlki prezident seçkiləri - 7 marafonun namizədləri və NƏTİCƏLƏRİ  

Azərbaycanda əvvəlki prezident seçkiləri - 7 marafonun namizədləri və NƏTİCƏLƏRİ   

Ölkə

9 Aprel 2018, 10:29

Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə 2 gün qalıb. Budəfəki prezident seçkisi Azərbaycanın müstəqillik tarixində sayca 8-ci olacaq. Bu seçkilərdə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan 8 namizəd prezident olmaq uğrunda mübarizə aparacaq.

Modern.az saytı indiyə kimi Azərbaycanda keçirilmiş prezident seçkiləri və onların nəticələri barədə qısa informasiyanı oxuculara bir daha xatırladır. 

Azərbaycan Respublikasında ilk prezident seçkiləri 1991-ci ilin sentyabrın 8-də keçirilib.

Bu seçki Azərbaycan Respublikası prezidenti postuna rəsmi şəkildə keçirilən ilk və vahid partiya sistemi ilə keçirilən sonuncu seçki olub.

1990-cı ildən etibarən Azərbaycan SSR-in prezidenti olan Ayaz Mütəllibov vahid namizəd sistemi ilə keçirilən seçkilərdə yeganə namizəd kimi qeydə alınıb. Seçkilərdə qeydə alınmış seçicilərin 85.7%-i iştirak edib.  Rəsmi məlumatlara görə, Ayaz Mütəllibovun prezident seçilməsinə lehinə olanların sayı 3.275.837 nəfər, əleyhinə olanların sayı isə 48.866 nəfər olub. Beləliklə, Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti seçilib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəilliyi elan edilib.

1992-ci ildə Azərbaycanda ilk demokratik prezident seçkiləri keçirilib.

Seçkidə  namizədlər - Azərbaycan Xalq Cəbhəsindən Əbülfəz Elçibəy, Azərbaycan Demokratik Ziyalılar İttifaqından Nizami Süleymanov, "Azərbaycanda Demokratik İslahatlar uğrunda" ictimai hərəkatından İlyas İsmayılov, Azərbaycan Xalq - Demokrat Qrupundan Rafiq Turabxanoğlu, öz təşəbbüsü ilə isə Yaqub Məmmədov olub.

Rəsmi məlumatlara görə, seçicilərin 59,4 %-nin etdimadını qazanan Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy Azərbaycanın 2-ci prezidenti seçilib.

1993-cü ilin oktyabrın 3-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinə səbəb  1993-cü ildə iyunun 4-də  Gəncə qiyamından sonra prezident Əbülfəz Elçibəyin Bakını tərk edərək  Ordubadın Kələki kəndinə getməsi və nəticədə faktiki hakimiyyətini itirməsi olub.

Avqusta keçirilən referendum (29 avqust, 1993-cü il) Elçibəyin de-fakto hakimiyyətsizliyinə de-yure son qoydu.
Oktyabra təyin olunan prezident seçkilərinə (3 oktyabr, 1993-cü il) 3 namizəd qatılıb - Yeni Azərbaycan Partiyasının sədri və Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Kərrar Əbilov və biznesmen Zakir Tağıyev.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Heydər Əliyevin tam üstünlüyü ilə başa çatıb. Rəsmi məlumatlara əsasən Heydər Əliyevə seçicilərin 98,8%-inin etimadını qazanıb, seçici fəallığı isə 97,6% həddinə çatıb.

1998-ci ilin oktyabrın 11-də Azərbaycanda sayca 4-cü prezident seçkiləri keçirilib.

Seçkidə  namizədlər - Yeni Azərbaycan Partiyasından Heydər Əliyev, Azərbaycan Milli İstiqlal Partiyasından Etibar Məmmədov, Müstəqil Azərbaycan Partiyasından Nizami Süleymanov, Azərbaycan Kommunist Partiyasından Firudin Həsənov, Qeyrət Partiyasından Əşrəf Mehdiyev, Azərbaycan Sosial Rifah Partiyasından Xanhüseyn Kazımlı olub.
Seçkilərdə 3.358.465 seçici iştirak edib. Seçkilərdən əvvəl qələbəyə əsas favorit kimi göstərilən Heydər Əliyev səslərin 77.6%-ni (2,556,059 səs) toplayaraq qələbə qazanıb.

 

2003-cü ilin oktyabrın 15-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.

Seçkidə  namizədlər – Yeni Azərbaycan Partiyasından İlham Əliyev, “Bizim Azərbaycan Bloku”ndan İsa Qəmbər ,Vahid Azərbaycan Milli Birlik Partiyasından Lalə Şövkət, Azərbaycan Milli İstiqlal Partiyasından Etibar Məmmədov, Ədalət Partiyasından  İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasından Sabir Rüstəmxanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev olub.
Seçkilərdə qeydə alınmış seçicilərin 71.5%-i (3.046.401 vətəndaş) iştirak edib. Seçkilərdə YAP-ın prezidentliyə namizədi İlham Əliyev səslərin 76.8%-ni toplayaraq qalib gəlib.

 

2008-ci ilin oktyabrın 15-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.

Seçkidə  namizədlər  – Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Ümid Partiyasından İqbal Ağazadə, Böyük Quruluş Partiyasından Fazil Mustafayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə Qulamhüseyn Əlibəyli, Liberal-Demokrat Partiyasından Fuad Əliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev olub.

Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75.64%-i (3.700.634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək, ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb. O, seçicilərin 87,34 faiz səsini toplayıb.


2013-cü ilin oktyabrın 9-da
Azərbaycanda sayca 7-ci  prezident seçkiləri keçirilib.

Seçkidə 10 namizəd iştirak edib.  Bunlar Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Ümid Partiyasından İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasından Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasından Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, öz təşəbbüsü ilə  Zahid Oruc,  İlyas İsmayılov, Sərdar Cəlaloğlu, Milli Şuradan Cəmil Həsənli olub.

Seçici fəallığı 72.31 % olub. İlham Əliyev seçicilərin 84,54%-nin etimadını qazanaraq 3-cü dəfə seçkilərin qalibi olub.

 

Bu il - 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu sayca Azərbaycanda keçiriləcək 8-ci prezident seçkiləri olacaq.Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı