Modern.az

Bizimkilər - “Topxeber.az”ın gəncləri: “Komandamız hələ öz sözünü deməyib” - FOTOLAR

Bizimkilər - “Topxeber.az”ın gəncləri: “Komandamız hələ öz sözünü deməyib” - FOTOLAR

9 Aprel 2018, 12:58

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...


“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Topxeber.az” və “İnce.az” redaksiyasında çalışan gənc jurnalistlərdən bəhs edir.


“İnce.az” saytının əməkdaşı  Nigar Cəfərova
hazırda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin  4-cü kurs tələbəsidir:

“Bakı şəhərində anadan olmuşam. 2003-2014-və illərdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə təhsil almışam. Uşaqlıqdan bütün qızlar kimi həkim ya da müəllimə olmaq xəyalları qurmamışam. Həmişə polis və ya hərbçi olmaq istəmişəm. 9-cu sinifdə oxuyanda fərqinə vardım ki, həmin peşələr mənlik deyil. Bu hiperaktivliklə nə müəllimə, nə də bank işçisi ola bilərdim. Buna görə də sonradan  jurnalistikanı seçdim.

Əvvəllər “qadinevi.az” və “mizah.az” saytlarında çalışmışam. Hərçənd, “mizah.az”la hələ də yollarımız ayrılmıyıb”.



“Saytın adını deyən kimi xatırladım...”

Vakansiyaya müraciət etdikdən sonra gənc jurnalistin yolu  “ince.az” saytı ilə birləşib:

“Vakansiyanı “Feysbuk”da bir tanışım paylaşmışdı, mən də CV atdım və 1 ay sonra çağırıldım. Amil bəy (Amil Hacıyev- “İnce.az” və “Topxeber.az”ın rəhbəri-red.) zəng edib “siz bizə iş üçün CV atmışdız”  deyəndə "o qədər yerə CV atmışam, bilmədim hansısız " söyləsəm də, saytın adını deyən kimi xatırladım və  gəlib “ince.az”da fəaliyyətə başladım. Saytda yeni işləməyə başladığım üçün hələ ki hansısa çətinliklərlə üzləşməmişəm”.

Nigar Cəfərovanın reallaşmasını istədiyi bir arzusu var:

““Youtube” kanalı açıb, bu istiqamətdə fəaliyyətə başlamaq istəyirəm. Türkiyədə və xarici ölkələrdə “onedio”, “mediakraft” kimi şirkətlər daha çox olsa da, bizdə yoxdur. Biz “Youtube”u sadəcə film izləmək, musiqi dinləmək üçün istifadə edirik. Halbuki, bu şəbəkə vasitəsilə  öz biznesimizi qura bilərik”.


“Burada işçini “sıxmaq” kimi bir anlayış yoxdur”


“Topxeber.az” saytının əməkdaşı
 Nihadə Eyyubova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2010-cu il məzunudur:

“Sumqayıt şəhərində anadan olmuşam , orta məktəbi də həmin şəhərdə bitirmişəm. Jurnalistika ixtisasını öz seçimimlə etdim, çünki orta məktəb illərindən bu arzunu reallaşdırmaq istəyirdim. Belə bir istəyimin yaranmasının səbəbkarı Azərbaycan dili və ədəbiyyat müəlliməm olub.

İşimə ilk olaraq, Modern.az saytından başlamışam. Modern.az-ın adını çəkmişkən, deyim ki, Əfqan müəllim hər zaman dadıma çatıb. İstər mövzu seçimində, istər yazılarımın redaktəsi baxımından kömək edib, sağ olsun. Sonradan “Simsar.az” və “AzVision.az” saytlarında çalışmışam. İndi isə bildiyiniz kimi, “Topxəbər.az” saytındayam. İş axtarırdım, CV göndərdim, sonra Amil bəylə görüşdük və yeni işimə başladım”.

Gənc jurnalist deyir ki, komanda şəklində işləməyə yeni başlasalar da, hələ ki çətinlikləri olmayıb:

“Redaksiyamızın əməkdaşları gənclərdir. Mühit ürəyimcədir, çünki burada işçini “sıxmaq” kimi bir anlayış yoxdur. Düşünürəm ki, əməkdaşlar, o cümlədən mən həvəslə işimizi görürük. Ümid edirəm ki, Amil bəy başda olmaqla, saytın digər üzvləri ilə birlikdə uğur qazana biləcəyik”.



“İnce.az”ın digər əməkdaşı
Azadə Bayramovanın ilk seçimi jurnalistika olmayıb:


“1995 - ci il yanvarın 11 - də Goranboy rayonunda anadan olmuşam. Orta təhsilimi Bakı şəhərində almışam və Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə 2017 - ci il məzunuyam.  Düzü, jurnalistika ilk seçimim olmayıb, əvvəl hərbçi, sonra həkim olmaq istəmişəm. Ancaq sonda başa düşdüm ki, jurnalist olmalıyam, vəssalam. Ola bilər, evdəki mühitin də (hər vaxt "Xəbərlər" proqramı izlənilirdi) müəyyən təsiri olub, amma əsas dönüş yaradan səbəb jurnalistika sahəsinin dəqiqliyi, dürüstlüyü, dinamikliyi, sərbəstliyi və azadlığı olub.

İxtisasım üzrə ilk işimə ikinci kursda başlamışam; “Musahibe.az” saytında. Sonra digər saytlarda çalışdım, elə onlardan biri də Modern.az saytıdır”.


“Jurnalistika ilə bağlı  konkret hədəflərim var”

“İnce.az”dan öncə  "Bütöv Azərbaycan" qəzetində çalışan gənc jurnalistin sözlərinə görə, onu sayta birləşdirən yol qrup yoldaşından keçib:


“Çünki sayta jurnalist lazım olduğunu qrup yoldaşım Samir Şirvanzadə mənə demişdi. Sağ olsun ki, deyib. Sevdiklərimin çətinliyini də çəkməyə hazıram, nazını da. İşimə də elə yanaşıram, sevdiyim kimi. Saytda yeni olduğum üçün hələ ki iş şəraitindəki hansısa çətinliyi görmürəm. Komandaya gəlincə, gəncləri başına yığan sayt həm də onlara sərbəstlik verib. Sərbəstlik olan mühitdə kreativlik də olur, maraq da, iş də, işçilər də.

Jurnalistika ilə bağlı  konkret hədəflərim var. Onların nə olduğuna gəlincə isə mən susuram. İndi susuram, çünki reallaşanda susduğum qədər "qışqıracağımı” bilirəm”.


“Topxeber.az” saytının əməkdaşı
 Əminə Tahirova deyir ki, jurnalist peşəsini həmişə sevib:



“1991-ci ildə Qazax şəhərində anadan olmuşam. Bakı şəhəri Xətai rayono 58 saylı orta məktəbdə oxumuşam . Qazax Müəllimlər İnstititunu (indi BDU-nun Qazax filialı, Filologiya fakültəsi) bitirmişəm. BBTM, İnternews, BBC və bir sıra beynəlxalq media şirkətlərinin təşkil etdiyi kurslarda jurnalistika  və marketinq üzrə təhsil almışam. Jurnalistika sahəsinə demək olar ki, təsadüfən gəlmişəm. Əvvəlcə deyim ki, mən orta məktəb illərindən şeir yazıram. Şeir yazmağım da jurnalist olmağıma vəsilə olub. Belə ki, 2009-cu ildə şeir həvəskarları üçün müsabiqə təşkil olunmuşdu. Müsabiqədə 2-ci yeri tutdum. Münsif heyətindən biri, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıldan iş təklifi gəldi. Beləliklə, jurnalistikaya ilk qədəmlərimi qoydum”.


Əminə Tahirova bir neçə aydır ki, “Topxeber.az” saytında fəaliyyət göstərir:

“Hazırda “Topxeber.az” saytının rəhbəri olan Amil Hacıyevlə 2014-cü ildə  televizyaların birində qısa müddət əməkdaşlıq etmişik. Amil Hacıyevin “Topxeber.az” saytında işə başladığını eşitdim, danışdıq və indi  bu saytda fəaliyyət göstərirəm.

Bundan öncə, bir çox peşəkar televiziya işçiləri ilə əməkdaşlıq etmişəm. 2009-cu ildə “Göyəzən” qəzetində müxbir işləmişəm. 2010-cu ilin iyulundan 2016-cı ilə qədər “Region” TV-də “Analitik və İnformasiya departamenti”ndə müxbir, aparıcı və prodüsser vəzifələrində çalışmışam.  2016-2017-ci illərdə Kənan Musayevin rejissoru olduğu “Zaman Adlı Qatar” bədii filmində redaktor işləmişəm”.


“Ən önəmli xüsusiyyətimiz pozitiv olmağımızdır”

Gənc jurnalist hazırda heç bir çətinliklərinin olmadığını  deyir:

“Yəqin ki, sonra da olmaz.  Əslində, komanda kimi fəaliyyətə yeni başlamışıq. Hər şey qaydasındadır. Düşünürəm ki, bizi digər komandalardan fərqləndirən ən önəmli xüsusiyyətimiz pozitiv olmağımızdır. Ən pozitivimiz də Amil Hacıyevdir”.


Ə.Tahirova saytda fəaliyyəti dövründə başına gələn maraqlı hadisədən də söz açıb:


““Topxəbər.az”da işlədiyim müddət elə də çox deyil. Lakin, burda unuda bilməyəcəyim bir hadisə olub. Bilirsiniz ki, Bakımız günü-gündən dəyişir, abadlaşır. Elə bu yaxınlarda Nərimanovda qazıntı işləri ilə əlaqədar olaraq dayanacaqların yeri 2 günlüyə dəyişdirilmişdi. Mən də bunu bilmirdim, lakin, avtobusda sürücü dəfələrlə sərnişinlərə xəbərdarlıq edib. Mənim də qulağımda qulaqcıq olduğu üçün deyilənlərdən xəbərim olmayıb. Bir də baxdım ki, avtobus başqa istiqamətdə hərəkət edir. Avtobusda sürücü ilə dalaşdım. Sürücü də deyir: “Ay xanım, bayaqdan bu barədə 50 dəfə məlumat vermişəm. Mənim nə günahım var?”.  Uzun sözün qısası , “başı alovlu” düşdüm yoluma davam etdim. Bir az gedəndən sonra mənə çatdı ki, yolu tanımıram, hara gedirəm? Bir neçə nəfərdən soruşdum, deyilən istiqamətlərdə getdim, yenə iş yerimi tapmadım. Sonra ağlıma gəldi ki, belə əziyyət çəkdiyimə, işə gecikdiyimə görə taksi ilə gedim. İşə çatdım içəri girəndə baxdım ki, Amil Hacıyev qapının ağzında dayanıb, telefonda nömrəmi yığır.  Baxdı üzümə, telefonunu mənə göstərdi (Həm saatı, həm nömrəmi yığdığını) . Vəziyyəti izah etdim, o da yola verdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır