Modern.az

Paytaxt məktəbi Bakı Türk Liseyindən önə keçdi

Paytaxt məktəbi Bakı Türk Liseyindən önə keçdi

Aktual

9 Aprel 2018, 13:05

Bəzən dövlət məktəblərində təhsil səviyyəsinin seçilmiş və ya özəl lisey və gimnaziyalardan zəif olması ilə bağlı yalnış təsəvvürlər yaradılır. Amma əksərən bunun belə olmadığını da təsdiq edən kifayət qədər əsaslar var.

 

Məsələn, ali məktəblərə yüksək göstəricilərlə qəbul olan abituriyentlərin böyük əksəriyətinin dövlət ümumi təhsil məktəblərinin yetirmələri olduğu göz önündədir. Burada bir məqamı da nəzərə alsaq ki, seçilmiş və ya özəl lisey və gimnaziyalarda uşaqlar da sözün həqiqi mənasında SEÇİLMİŞ olurlar. Hətta bu məktəblərin bəzisində tədris göstəriciləri zəif olan şagirdlər liseydən kənarlaşdırılır. Modern.az xəbər verir ki, dövlət ümumi təhsil məktəbləri isə heç bir xüsusi seçim aparmadan bütün şagirdlərin oxuması, inkişafı üçün səy göstərir və nəticələr də deməyə imkan verir ki, son illərdə bu məqsədə nail olunmaqdadır.

 

Bütün bunlara nümunə olaraq, bugünlərdə bütün ölkə gündəmini tutan xəbəri misal göstərə bilərik. Belə ki, dünyanın 5 nüfuzlu universitetinə (sonradan daha bir universitetdən də müsbət cavab gəldi) qəbul olmuş paytaxt məktəblisi İlkin Bayramlı da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. O, yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

 

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə, Amerikanın Kolqeyd, Çexiyanın Çarles, Bekçikanın Leuven Katolik universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.

Bu gün yayılmış daha bir xəbər də, dövlət məktəblərinin bir sıra hallarda üstün olduğunu deməyə əsas verir. Belə ki, məktəblilərdən ibarət komandalar arasında intellektual yarışmanın nəticələrinə görə, Bakı şəhər 117 nömrəli tam orta məktəbin komandası Bakı Türk Liseyindən (Türkiyə Dəyanət Vəqfi) üstün olub.

Məlumat üçün qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 117, 207, 211 nömrəli tam orta məktəblərin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdlərindən ibarət komandalar “Hazırcavablar” intellektual teleoyununda iştirak edib. Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və digər bölmələr üzrə sualları cavablandırıblar. 

 

Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu həftədə bir dəfə AzTv-də yayımlanır.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini, ayrı-ayrı fənlərə olan marağını və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onları yeni məlumatlar toplamaq üçün axtarışlara sövq etmək, məktəblilərin yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

Bu məlumatın diqqətçəkən tərəfi ondadır ki, bəzən övladlarının məktəb seçimində həssaslıq göstərən valideynlər, uşaqların təhsil nailiyyətlərində ancaq məktəb amilini diqqətə alırlar. Əslində isə məktəb mühiti vacib amil olsa da, valideyn tələbkarlığı, uşaqların çalışqanlığı və məktəb, müəllim amilləri birlikdə səmərəli nəticə verə bilər. Bunların vəhdətdə olduğu halda uşağın hansı məktəbdə oxumasının həlledici məsələ olmadığı tam aydınlığı ilə ortaya çıxır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər