Modern.az

ABŞ-dan Rusiyaya “qurşaqdan aşağı” ZƏRBƏ

ABŞ-dan Rusiyaya “qurşaqdan aşağı” ZƏRBƏ

10 Aprel 2018, 09:44

ABŞ-ın bu günə kimi tədbiq etdiyi sanksiyalar heç bir zaman bu dərəcədə effektiv  olmamışdı. Bunu həm Rusiya bazarlarındakı vəziyyət, həm də, rəsmilərin çıxışları göstərir. 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ tərəfindən Rusiyaya demək olar ki, hər iki ölkənin sayını itirdiyi qədər sansiyalar tədbiq edilib.

 

Bütün bu sanksiyalara hər zaman pozitiv baxmağa çalışan Putin Administrasiyası  bu dəfə səssizliyini qoruyub saxlaya bilmədi. Bunu  Kreml demək olar ki, “qurşaqdan aşağı” zərbə kimi qiymətləndirdi.

 

Hətta Amerikadan, Avropadan Rusiya diplomatlarının qovulması məsələsi qoyulanda belə Rusiya rəsmiləri öz pozitiv ruhlarını qoruyurdular. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələyə soyuqqanlılıqla yanaşmış,  Rusiyanın ABŞ-dakı səfiri isə bunu oynanılmalı olan bir oyun kimi qiymətləndirmişdi.

 

Bəs indi nə baş verdi?

 

ABŞ rəsmiləri budəfəki sanksiyalarda qara siyahıya salınan şəxslərin və qurumların adlarını açıqlayanda cavablar ardı-arası kəsilmədən gəldi. Hətta bu günə kimi sanksiyalar barədə çox danışmayan və ya bu mövzuya ciddi açıqlamar verməyən baş nazir Dimitri Medvedyev də susa bimədi. O bu sanksiyaları “proteksionist siyasət” adlandırdı,  beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi dəyərləndirdi. ABŞ-dakı Rusiya səfirliyi isə siyahıya salınan şəxsləri “rus biznesinin kapitanları” adlandırdı. Və bu sanksiyaların Rusiya cəmiyyətini daxildən parçalamağa hesablandığını vurğuladı.

 

Qeyd etmək lazımdır ki bu siyahıya salınanları ABŞ rəsmiləri  Rusiya prezidenti Valdimir Putinin silahdaşları adlandırır. Bununla Qərb, Rusiya iqtisadi-siyasi həyatında mühüm çəkiyə malik olan əsas oyunçuları oyundan kənarlaşdırmaq planını reallaşdırmaq niyyətindədir.

Bütün bunları başa düşmək çətin olmadı. Çünki bu sanksiyalaradan sonra sırf Rusiya bazarı ağır itkilər yaşadı. “Forbes”in araşdırmalarına görə ilk bir neçə saatda “rus bisznesinin kapitanları” 1.2 milyard dollar itirdilər. İki böyük şirkət bağlanma astanasındadır. Bunlardan “Rusal” artıq həyəcan təbili çalır. Uzun müddətdən sonra dövlət sanksiyalara məruz qalan şirkətlərə yardım edəcəyini bildirir. Bu tərəfdən də rubl 2017-ci ilin dekabrı ilə müqayisədə  rekord həddə ucuzlaşıb. Rusiya dolların və avronun möhkəmlənməsinə mane ola bilmir.

 

Burada bütün bu panikanın səbəbini açıqlayan son şərh gəlir. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya siyasətinin yeni  ulduzuna çevrilmiş sanksiyaları “hər şeyin kobud şəkildə pozulması” kimi qiymətləndirdi. Jurnalistin “Siz bunu gözləyirdinizmi” sualına isə belə şərh verir:

“Moskva hadisələrin ən müxtəlif inkişafı istiqamətlərini nəzərdən keçirib. Bu, kifayət qədər yeni bir fenomendir və biz ilk dəfə mənfi xarakterin təzahürü görürük”.

 

Yəni Moskva hər variantı nəzərdən keçirib, lakin bunu gözləmirmiş. ABŞ bu siyahını xüsusi şəkildə seçibmiş.

 

Rusiyanın ABŞ-dakı səfirliyinin xüsusi qeyd etdiyi Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçevin də siyahıya salınması vacib bir məsələ idi. İki ölkənin parlamentləri arasında münasibətlərin yaxşılaşdırılmasında əvəzolunmaz xidmətləri olan bu şəxsin oyundan çıxarılmasına səfirlik sərt şəkildə reaksiya verdi.

“İndi isə bu sahədə heç kimə lazım olamayan artıq problemlər yaranıb”- deyə səfirlik bəyan edib.

 

Bütün bu çıxışları nəzərə alarsaq qeyd etmək lazımdır ki ABŞ bu dəfə tam olaraq hədəfə vurub. 

 

Əvəz ZEYNALOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?