Modern.az

Rubl “ÖLÜR” – Bəs manat necə olacaq?

Rubl “ÖLÜR” – Bəs manat necə olacaq?

10 Aprel 2018, 13:17

Son vaxtlar Rusiyaya qarşı sanksiyalar daha da gücləndiyindən, bu hal onun milli valyutası rubla da təsir edir. Rubl dollar və avro qarşısında tab gətirməyərək yenidən dəyər itirməyə başlayıb. Bu proses Azərbaycan manatına necə təsir edə bilər?

 

İqtisadçı  Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib ki, rublla bağlı məsələlər iqtisadi deyil, daha çox siyasi səbəblərdəndir:

 

“Son zamanlar Amerika sərt siyasi sanksiyalar dalğası qəbul etdi. O cümlədən  Avropa Birliyi ölkələrindən bəziləri bu dalğaya qoşuldu. Hətta  Böyük Britaniya ərazisində bu günə qədər yaşayan və işləyən, Putinin yaxın çevrəsinin də fəaliyyəti yoxlanılmağa başlandı.

 

Bu da təbii ki, Rusiya bazarlarında panik havası yaradır. Rusiya birjalarında fəaliyyət göstərən xarici investorlar  bu ölkənin əks addım atacağından çəkinirlər. Yəni onlar vəsaitlərinə həbs qoyula biləcəyindən narahatdırlar.  Ona görə də investorlar Rusiyada olan aktivlərini sürətlə sataraq ölkədən çıxmağa başladılar. Xüsusilə də son üç gündə bu proses ciddi sürət qazandı. Rublla satılan  aktivlər  sonradan dollara çevrildi və bu da dollara ciddi tələbat yaradır. Son zamanlar rubl və dolların məzənnəsində təqribən 10-12 faiz artım olmasının səbəbləri də məhz siyasi proseslər idi”.

 

N.Cəfərli qeyd edib ki,  rublla bağlı bölgədə ciddi psixoloji durum yaradılacaq:

 

“Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri Rusiyadır. Əsasən də qeyri-neft sektorunda mal satdığımız ölkə Rusiyadır. Bu baxımdan rublun dəyərdən düşməsinin müəyyən təsirləri qaçılmazdır. Lakin birbaşa təsirlərin olacağını düşünmürəm. Çünki Azərbaycan Qərb-Rusiya savaşından kənarda qalıb. İki böyük gücün iqtisadi savaşından kənarda qalmaq daha məqsədəuyğundur. Bizim hər iki tərəflə də ciddi əlaqələrimiz var. Amma dolayı təsirlər- həm sərhədyanı ticarət, həm Azərbaycan mallarının ixracatında azalmanın müşahidə edilməsi mümkündür”.

 

Müsahibimiz deyib ki,  rublla bağlı psixoloji gərginliyin Türkiyə lirəsi ilə də əlaqəsi var:

 

“Türk lirəsi də kifayət qədər ciddi şəkildə dəyərdən düşüb, hətta tarixi rekordunun şahidi oluruq. Türkiyə tarixində heç vaxt belə bir şey olmayıb. Bu baxımdan bölgədə gedən proseslər manata basqıları artırır. Amma bu o demək deyil ki, bir gecənin içində yenidən devalvasiya ola bilər. Mərkəzi Bankın belə addım atacağını düşünmürəm. Lakin  savaşlar qızışdıqca, rublun, türk lirəsinin, bölgəmizdəki əsas valyutaların dəyərdən düşməsi bir müddət sonra manata daha ciddi təsir etməyə başlayacaq. Təqribən il sonuna yaxın manatda ciddi hərəkətlilik görə bilərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir