Modern.az

Sahibkarların “turist ovu” - “...görən kimi qiymət oxuyurlar”

Sahibkarların “turist ovu” - “...görən kimi qiymət oxuyurlar”

Aktual

10 Aprel 2018, 16:15

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ölkə başçısı Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini bildirib. İ.Əliyev qeyd edib ki, biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək:

“Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaq. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olub. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

 

“Prezidentin dünənki çıxışından sonra...”

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a deyib ki, bu günədək turizm sahəsində bir sıra işlər həyata keçirilib:


“İlk növbədə sadələşdirilmiş viza rejimi həyata keçirilib. Shopping festivalları, idman yarışları təşkil olunub. Bu kimi tədbirlərin yüksək səviyyədə təşkili ölkəyə turist cəlb edilməsi baxımından olduqca müsbət təsir edib. Bununla belə, daha çox turist cəlb etmək üçün daha çox iş görülməlidir. Kütləvi turizmin inkişafı üçün prezidentin verdiyi sərəncamla əlaqədar 2017-2020-ci illərdə çimərlik turizminin inkişafına dair tədbirlər həyata keçirilir. Düşünürəm ki, cənab prezidentin dünənki çıxışından sonra bu sahədə işlər daha da sürətləndirilməlidir. Çünki çimərlik turzimi kütləvi turizmin inkişafında mühüm rol oynayır”.

 

“Ulduzu az olan otellərin tikintisi intensivləşdirilməlidir”

 

M.Ağakərimov bildirib ki, daha çox turist cəlb etmək üçün 1-2 ulduzlu otellərin inşası intensivləşdirilməlidir:

“Daha çox turist cəlb edilməsi üçün bu vacib məqamdır. Çünki əksər insanlar gecələməyə daha az vəsait xərcləməklə istirahət etmək istəyirlər. Ucuz otelər regionda Azərbaycanı daha da cəlbedici edə bilər. Eyni zamanda, qonşu ölkələrlə, xüsusilə turizmin inkişaf etdiyi Gürcüstanla müqayisədə tur paketlərin qiyməti daha ucuz ola bilər ki, bu daha çox turist cəlbini təmin edər. Orta Asiya ölkələri, Şimali Qafqaz, İran və başqa ölkələrdən turist axınınına səbəb olar.

Həmçinin, turizm şirkətləri, turizm qurumları, yeni yaradılan turizm şurası və digərləri yeni turizm növləri, yeni marşrutlar tapmaqla bu sahəni daha da inkişaf etdirə bilərlər. Turizm növlərinin müxtəlifliyi də olduqca vacibdir. Hazırda bu və sağlamlıq turizminin inkişafı üçün ölkəmizdə çox işlər görülüb. Sağlamlıq turizminin inkişafı üçün sağlamlıq məkanlarında ucuz otellər təklif edilməlidir. Bu kateqoriyadan olan turistlərin cəlbi üçün imkanlılarla yanaşı, aztəminatlıları da nəzərə almaq lazımdır. Sahibkarlara xüsusi güzəştlər tətbiq etməklə, investisiya qoyuluşu üçün şərait yaratmaq olar.

Təsəvvür edin, hazırda “Qalaaltı”da bahalı 5 ulduzlu otel var, amma ucuz otel yoxdur. Ona görə də aztəminatlı turistləri də cəlb etmək üçün ulduzunun sayı az olan otellər inşa edilməlidir”.

 

Otellərdə süni qiymət artımı...

M.Ağakərimov bu sahədəki daha bir neqativə diqqət çəkir:

“Xüsusilə bayram günləri və tədbirlər zamanı otellərdə xidmət qiymətləri süni olaraq artırılır. Bu da müştərilərə “şok süprizlər”dən biridir. Bizdə turist görən kimi qiymət oxuyurlar. Süni qiymət artımı turistlərdə mənfi təəssürat yaradır. Onlar ilboyu qiymətlərin bu cür olduğunu düşünür. İtirən isə sahibkar özü olur. Bir dəfə bahalı oteldə qalan turist ikinci dəfə ora gəlmək istəməyəcək. Qiymətləri süni şəkildə artırmaqdansa, yeni turizm növləri, xidmətlər, əyləncələr yarada bilərlər ki, bununla da əlavə qazanc əldə etmiş olarlar. Bizim sahibkarlar ən asan yolu seçməklə, qiymət artımına getməklə vəziyyətdən çıxış yolu tapırlar. Bizdəki bəzi menecerlər bu günü fikirləşirlər. Ona görə də sabahlar olmur... Qiymət seçimində vətəndaşa, turistə müxtəlif seçim imkanları verilməlidir. Biz elə etməliyik ki, bir dəfə gələn turist ikinci, üçüncü dəfə də Azərbaycana gəlsin”.

Müşavir sərhəd-keçid məntəqələrində turistlərə qarşı edilən özbaşınalığın da tezliklə həll olunacağını vurğulayıb:

“Bu məsələləri cənab prezident xüsusi olaraq vurğulayıb. Ona görə də inanıram ki, məsələ tezliklə həll ediləcək”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı