Modern.az

Elman Rüstəmov: “Manatın zəifləməsindən söhbət gedə bilməz”  

Elman Rüstəmov: “Manatın zəifləməsindən söhbət gedə bilməz”   

11 Aprel 2018, 12:59

"Ölkəmizdə makroiqtisadi sabitlik mövcuddur. Bunun çox ciddi iqtisadi dayaqları var. Ölkənin xarici balansına əsaslanıb deyə bilərəm ki, tədiyyə balansı pozitiv zonadadır. İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb".

Modern.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Manatın zəifləyəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirən baş bankir bunun real olmadığını vurğulayıb.

 

"Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan, manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur".

 

E.Rüstəmov qeyd edib ki, rəsmi məzənnə sabitdir.

"Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. İstənilən tələbatı ödəməyə hazırıq. Bunu edirik və edəcəyik. Heç bir tərəddüd üçün əsas yoxdur. Ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı