Modern.az

“Yuventus”un qapısına “penalti”, Buffona qırmızı vərəqə - Tanınmışlar olaya QİYMƏT VERDİLƏR

“Yuventus”un qapısına “penalti”, Buffona qırmızı vərəqə - Tanınmışlar olaya QİYMƏT VERDİLƏR

Mədəni̇yyət

12 Aprel 2018, 14:37

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi şərçivəsində cavab görüşlərinə yekun vurulub.

Öz meydanında “Mançester Siti”ni 3-0 hesabı ilə məğlub edən “ Liverpul” klubu təkrar oyunda da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.

Ötən gecənin əsas müzakirələrə səbəb olan görüşü isə Madridəki “Santyaqu Bernabeu” stadionunda da baş tutub. Burada “Real”ın “Yuventus”u üstələcəyi proqnozlaşdırılırdı.

İlk görüşdə səfərdə 3-0 hesab ilə qalib gələn “Real” klubunun asanlıqla növbəti mərhələyə keçəcəyi gözlənilirdi. Ancaq hadisələr təmamilə fərqli məcrada cərəyan etdi. “Yuventus” səfər oyununda 3 qol vuraraq oyunu tam bərabərləşdirdi. Hər kəsin oyunun əlavə vaxta gedəcəyini düşündüyü zamanda, son dəqiqələrdə baş hakim Maykl Oliver (İngiltərə) “Yuventus”un qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. “Yuventus” klubunun əfsanəvi qapıçısı Canluici Buffon isə hakimə etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydanda qovuldu. Kriştianu Ronaldo isə “penalti”ni dəqiq yerinə yetirməklə “Real” azarkeşlərini sevincə qərq etdi.

 

Oyundan sonra hakimin verdiyi son qərar ciddi müzakirələrə səbəb olub. Həqiqətənmi oyunun sonuna 40 saniyə qalmış “Yuventus”un qapısına təyin edilən “penalti” düzgün qərar idi? Buffona göstərilən qırmızı vərəqə ədalətli idimi?

 

Deputat Aqil Abbas Modern.az-a bildirib ki, hakimin qərarını düzgün hesab etmir.


“Hakim 11 metrlik cərimə zərbəsi təyin etməməli idi. Haqsız “penalti” idi, hamı oyuna əlavə vaxt artırılacağını gözlədiyi anda hakim hər şeyi korladı. Nəzərə alsaq ki, oyunun sonuna saniyələr qalmışdı. Ancaq Buffona verdiyi qırmızı vərəqə doğru qərar idi. Hakimə qarşı belə reaksiya birbaşa qırmızı vərəqəlik idi. Mən Buffona bunu yaraşdırmadım, öz səhvi idi. Əgər etiraz etməsəydi, bəlkə də, o “penalti”ni qaytarardı. O, indiyə kimi çox “penalti” dəf edib, təcrübəsi də yüksəkdir”.

Aqil Abbas qeyd edib ki, “Yuventus”un belə oynayacağını gözləmək lazım idi: ““Yuventus çox güclü komandadır. Bunu dəfələrlə sübut edib. Əzmkar oyun sərgilədilər, bütün güclərini ortaya qoydular. Futbol adına hər şey var idi”.

 

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, verilən qərar düzgün və ədalətli idi.

““Penalti” qərarını müzakirə etməyə dəyməz.  Tamamilə qaydalar çərçivəsindəydi. Qaydanı pozan müdafiəçi qırmızı vərəqə alıb meydandan qovulmalı idi. Canluici Buffon hakimi təhqir edib, ya yox, deyə bilmərəm. Ancaq bu tərzdə etirazlara görə maksimum sarı kart verilə bilərdi. Təhqir də varsa, onda qırmızı vərəqə vermək olar”.


Xaqani Məmmədov qeyd edib ki, oyunun sonuna 1 saniyə belə qalmış olsa, qayda pozuntusu “penalti”yə icazə verirsə, təyin edilməlidir: “Final fiti səslənənə qədər nə baş verirsə, hakim ona uyğun qərarlar qəbul etməlidir. Əgər o “penalti” 5-10 dəqiqə əvvəl olsaydı, heç belə müzakirə olunmazdı. Bir daha qeyd etmək istərdim ki, hakimin qərarı tam doğru idi, oyunun da  yekunlaşmasına 40 saniyə qalmışdı”.

 

Futbol mütəxəssisi Ağasəlim Mircavadov bildirib ki, hər hakim həmin vəziyyətdə 11 metrlik cərimə zərbəsi təyin etməzdi.


“Mən “Mançester Siti” - “Liverpul” oyununda da hakim səhvlərini gördüm. Meydan sahiblərinin vurduğu ikinci qol hesaba alınmadı, halbuki, həmin epizodda heç bir qayda pozuntusu yox idi. Oyunun sonuna 40 saniyə qalmış “penalty”nin təyin edilməsi həqiqətən gözlənilməz oldu. Epizod “penalti”yə haqq verirdi. Ancaq həmin saniyədə bəlkə də başqa hakim olsaydı, oyunu davam etdirərdi. Hakimdən hakimə fərq var. İngilis hakimlər həmişə belə sərt qərarları ilə yadda qalıblar. Düzgün qərar belə olsa, mən deyərdim ki, hakim bu qərarı ilə oyunu “ öldürdü”. Məncə, bu qərardan tək sevinənlər “Real Madrid” klubunun azarkeşləri oldu”.

Ağasəlim Mircavadovun sözlərinə görə, Canluici Buffonun birbaşa qırmızı vərəqə ilə cəzalandırılması olduqca sərt qərar idi:

“Hakim yazılmış qanunlara uyğun hərəkət etsə belə, onun son saniyələrdə, gərginliyin pik olduğu vaxtda qırmızı vərəqə göstərməsini oyunçuya qarşı ədalətsizlik hesab edirəm. Buffon dünya səviyyəli bir qapıçıdır. O yaşda UEFA Çempionlar Liqasında oynaya bilən çox az oyunçu var. Hakim bunu nəzərə almalıydı. Onsuz da “penalti” təyin edilib, bu, ən böyük cərimədir. Bir də qırmızı vərəqə göstərilməsi, fikrimcə, tamamilə yanlış idi. Ancaq yenə demək istərdim ki, hakim qanunla hərəkət etdi”.

 

 Qol.az saytının baş redaktoru Aydın Bağırov “penalty” qərarını doğru hesab edir:


““Real Madrid” klubunun hücumçusu Lukas Vaskesə qarşı qayda pozuntusu var idi. Aşkar şəkildə görünür ki, hücumçuya toxunuş olur. Hakim doğru qərar verdi. Amma Canluici Buffona qırmızı vərəqə verilməməli idi. Bəlkə də Buffon hakimə qarşı təhqiramiz ifadə işlədib, nəticədə hakim ona birbaşa qırmızı vərəqə göstərib. Ancaq nəzərə almaq lazımdır ki, oyunun son saniyələri gedir, “penalty” qərarı verilib, bir də bu cəza bir qədər ağır oldu”.


Aydın Bağırov deyir ki, hər nə qədər “ Yuventus” klubunun geri dönüş edəcəyinə inanmaq çətin olsa da, bunun mümkünlüyünü “Roma” klubu 2 gün öncə göstərmişdi:

““Roma”- “Barselona” oyununda artıq biz belə bir geri dönüş görmüşdük. Nəzərə alsaq ki, “Yuventus” Avropanın ən güclü klublarından sayılır, oyunun gərgin keçəcəyi gözlənilən idi. Yarımfinal oyunlarında da gərgin və möhtəşəm mübarizələrə şahid olacağımızı gözləyirik”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?