Modern.az

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - III Yazı

Azərbaycan dili könül, ürək dilidir, həm də ... - III Yazı

Ədəbi̇yyat

13 Aprel 2018, 13:02

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor 

“İmperator dillər” hansılardır, onlar azdır, ya çoxdur və s. məsələlərə münasibətlər də olmuşdur. Təbii ki, dünyada “imperator dillər” azdır, ancaq bununla müqayisədə “imperator olmayan dillər” isə çoxdur. “İmperator dillər” dil, mədəniyyət imperatorluğunu, hərbi və idarəetmə imperatorluğunu qurmuş dillərdir. Belə dillər sırasında latın, ərəb, ingilis və türk dillərini qəbul edənlər də vardır. Bəzi araşdırmalara görə, latın dilinin lüğət tərkibindəki sözlərin yüzdə əllisi yunan dilindən alınmışdır. Dünyanın dastan ədəbiyyatının, şeirinin, fəlsəfəsinin, mifologiyasının yarandığı yunan dilinin özü də başqa dillərdən (Makedoniya, Suriya, Mesopotomiya və s. dillərdən) sözlər almışdır. Latın dilinə bir qisim mühüm sözlər isə dəyişmiş formada başqa dillərdən daxil olmuşdur. Ancaq latın dilinin səs sistemi və quruluşu millidir. Bu qədim dilin o qədər böyük qüdrəti var ki, fransız, ispan, italiyan, portuqal və s. dillərdən qaynaqlansa da, tibb, fizika, kimya və bir sıra elmlərdə istifadə olunan terminlər latın sözləridir.


Ərəb dilini də “imperator dili” hesab edənlər bu dildəki sözlərin böyük bir qisminin yunan, latın, sanskrit, fars və digər dillərdən alındığını qeyd edirlər. Ancaq ərəblər də aldıqları sözlərə öz damğalarını vurmağı bacarmış, həmin sözləri ərəbləşdirmişlər. Burada ərəb dilinin fonetik və morfoloji imkanları böyük rol oynamışdır.


İngilis dili “imperator dili” olmaqla beş qitəyə söz vermiş, söz almış və zəngin bir dil səviyyəsinə gəlib çıxmışdır. İngilis dilinin aldığı sözlər bu dilin təbiətinə uyğunlaşmış, eyni zamanda ingilis dilinin nüfuzuna xidmət etmişdir. Yəni ingilis dili aldığı sözləri öz dilinin səs sisteminə uyğunlaşdırmış, ingilisləşdirimiş, milliləşdirmişdir. Tədqiqatlara görə, ingilis dilinin lüğət tərkibindəki sözlərin yüzdə yetmiş beşi latın və fransız sözləridir. Belə sözlər dəyişikliyə uğramış, ingilis dilinin səs sisteminə uyğunlaşmışdır. Araşdırmalara görə, ingilis dilində bu qəbildən olan 90.000 söz vardır. Deməli, dilin özünəməxsus səs sisteminin olması vacib və əhəmiyyətlidir. Belə ki, dilin özünəməxsus səs sisteminin olması imkan verir ki, alınma sözlər daxil olduğu dilin səs quruluşuna uyğunlaşsın.


Dünyada heç bir dilin lüğət tərkibi tam şəkildə milli deyildir. Ancaq dillərin hər birinin səs sistemi millidir. Səs sisteminin milli olması dil quruculuğu işində milli olmayan sözləri özününküləşdirir. Bu proses ingilis dilində də özünü göstərmişdir. Bəzi araşdırmalarda türk dili “imperator dili” hesab olunur, həqiqət kimi o da götürülür ki, bu dil Osmanlı İmperiyasına qədər də mövcud olan dövrlərdə də “imperator dili” olmuş, “Asiya qitəsində başqa millətləri bir dövlət və güc sahibi olaraq idarə etmişlər”. Türklər bu işi sonralar da uğurla davam etdirmiş, Tanrının sevimli və məğrur övladları kimi tarixə öz möhürlərini vurmuşlar. Müqayisə üçün qeyd edək ki, Azərbaycan dili türk dillərinə daxil olmaqla türklərə məxsusolan bütün dəyərlərdən qaynaqlanmışdır. Məhz Azərbaycan dilindəki gücün bir səbəbi də onun türklərə məxsusolan dəyərlərdən qaynaqlanması ilə bağlıdır. M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindəki bu fikirdən qidalanmasıdır: “Gördüm ki, uca Tanrı dövlət günəşini Türklərin bürclərindən doğdurmuş. Onlara Türk adını özü vermiş; onları yer üzünün xaqanı etmiş və dünya xalqının düzənlənməsini onların əllərinə buraxmışdır.” Bir sözlə, türk mədəniyyəti, ədəbiyyatı, dövlətçilik tarixi bütün türk millətini, o cümlədən Azərbaycan xalqını böyük güc sahibi edir.


Türk dilinin “imperator dili” olmasına əsas verən xarakterik cəhətlərdən biri kimi qədim türklərin həyat tərzi olmuşdur. Qədim türklər yaylaq və qışlaq həyat tərzi keçirməklə həmişə at belində olmuşlar. Yeni otlaq sahələri tapa bilmək üçün at belində ömürlərini keçirmiş, hətta zəngin şifahi ədəbiyyatlarını yaratmışlar. Təsadüfi deyil ki, türklərdə dastan ədəbiyyatı əsrlər boyu güclü olmuş, onların ədəbi-bədii, fəlsəfi düşüncəsini nəinki yazılı formada, həm də şifahi şəkildə dövrümüzə gətirib çıxarmışdır. Türklərin müxtəlif yerlərə at belində çapmaları başqa xalqlarla toqquşmalarına səbəb olmuş, nəticədə başqa xalqların dillərindən sözlər almış, aldıqları sözləri özününküləşdirmişlər. Başqa dillərdən alınmış sözləri özününküləşdirmək həmin sözləri diriltmək, yaşatmaqdır. Alınma sözləri hər dil dirildə bilməz, yaşada bilməz. Bunun üçün dilin özü diri olmalı və yaşamalıdır. Dillərin rəqabətinə, yaxşı mənada döyüşünə hazır olmalı, hərb dili kimi fəaliyyət göstərməlidir. Bu da türk dilinin xarakterində var. Əlişir Nəvainin dediyi kimi türk dili “feillər” və “məcazlar dili” olduğunu anladır. Onlar “Asiya bozqırlarında “gəl!”, “get!”, “vur!”, “qır!”, “çıx!”, “en!”, “dur!” və s. kimi təkhecalı feillərin sədaları altında olmuşlar. Həmişə hərəkətdə olduqlarından feilləri də özləri yaratmışlar. Özlərinə lazım olan digər sözləri isə başqa dillərdən almışlar. Bunun üçün böyük millət olmaq lazımdır. Yaratdığın sözə də, aldığın sözə də sevgi ilə yanaşmaq, xor baxmamaq gərəkdir. Eyni zamanda millətinin tarixini bildiyin kimi, sözlərin də tarixini bilməlisən.


Türk dili, o cümlədən Azərbaycan dili “məcazlar dili” olmaqla ən gözəl şeirləri yazmağa, söyləməyə imkan yaradan dildir. İlahi bu dilə elə qüdrət vermişdir ki, onun ifadə etdikləri insanı tilsimləyir və qeyri-adi təsir gücünə malik olur. Nəticədə dil insanı ovsunlayır. Yüzlərlə, minlərlə şeirlər, o cümlədən Nüsrət Kəsəmənlinin “Unut kədərini” şeiri bu dil vasitəsilə oxucunun yaxşı mənada ağlını başından alır.

Nədir gözlərində bu qəmli sual, 
Unut kədərini, qəmini unut! 
Hələ ki ömründə mən varam sənin, 
Unut kədərini, qəmini unut! 


Bu da bir zamandı gəlib gedəcək, 
Sevincin kədərə gülüb gedəcək, 
Bu qəmli günlərin ölüb gedəcək, 
Unut kədərini, qəmini unut! 


Elə bil dağsan ki, vüqar yaraşır, 
Söylə, taleyində kimlər dolaşır? 
Sən elə işıqsan görənlər çaşır, 
Unut kədərini, qəmini unut! 


Dağlardan gəlmişik çəni unutma, 
O şirin çağları, dəmi unutma. 
Qurban gözlərinə, məni unutma, 
Unut kədərini, qəmini unut!

Bu hissləri ifadə etmək üçün İlahi hər dilə belə bir şans vermir, belə bir imkan yaratmır. Ancaq hansı dilə şans verir və imkan yaradırsa, həmin dilin nəinki özü, həm də həmin dildə yazılanlar abidəyə çevrilir. Bu mənada Azərbaycan dili abidəyə çevrilmiş dildir və bu dildə yazılanlar da abidələşmişdir. Ona görə də dilimizi vətənimiz kimi qorumalıyıq, sevməliyik. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!