Modern.az

Ədəbi dili özünə şərəf bilən görkəmli alim

Ədəbi dili özünə şərəf bilən görkəmli alim

Ədəbi̇yyat

13 Aprel 2018, 16:00

Neçə müddətdir, haqqında söz açmaq istədiyim şəxsiyyət barəsində yazmaq istəyirdim. Beynimdə onun haqqında xoş fikirlər dolaşırdı.                                                                                            
Gözəl insan, dəyərli ziyalı, hörmətli pedaqoq, tanınmış alim, mehriban ailə başçısı və s. bu fikirlərin içərisində şaxələnirdi. Nədən, necə başlayacağımı götür-qoy edirdim. İstəyirdim onu olduğu kimi, trafaretdən kənar bir şəkildə təsvir edim. Nəhayət, çox düşündükdən sonra bu gün yazmağa qərar verdim. Yazı necə alınacaqsa, buna yəqin ki, hörmətli oxucularım qiymət verəcək...                                                                                                                                            
Zaman-zaman ədiblərimiz, alim və pedaqoqlarımız, media mənsublarımız, jurnalistlərimiz Azərbaycan ədəbi dilinin inkişafına bacardıqları qədər öz töhfələrini vermişdir. Onların sırasında Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun, Akademiklər Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev və başqalarını göstərmək olar. Təbii ki, bu böyük insanların ənənələrini davam etdirənlər olub və bu gün də vardır. Belə simalardan biri öz yüksək əxlaqi və insani keyfiyyətləri ilə fərqlənmiş, sadəliyi, səmimiliyi ilə seçilmiş alim-pedaqoq, filologiya elmləri doktoru, professor Məmməd Şamxal oğlu Qasımovdur. Onun Azərbaycan ədəbi dilinin inkişafında öz yeri, öz dəsti-xətti olmuşdur.                                                                                                         

Qısaca olaraq, Məmməd Qasımovun həyat yoluna nəzər salaq.                                                      

Məmməd Şamxal oğlu Qasımov 1933-cü ilin may ayının 5-də Azərbaycanın ən gözəl dilbər guşələrindən olan Qax rayonunun məşhur İlisu kəndində dünyaya göz açıb. İlisunun füsünkar, əsrarəngiz gözəlliyi, gül-çiçəkli, yaşıl donlu dağları, quşların cəh-cəhələri balaca Məmmədin həyatına sözün əsl mənasında işıq saçıb, onda estetik gözəlliyin, estetik mədəniyyətin formalaşmasına öz müsbət təsirini göstərib. Orta təhsilini Nizami adına kənd məktəbində alan Məmməd bu gözəlliyin təsirinə düşərək ədəbiyyata, dilə xüsusi olaraq maraq göstərir. Dərslərini əla qiymətlərlə oxuyur. Hər dəfə inşa yazılarından əla qiymətlər alır, bədii qiraət sahəsində şagirdlər arasında birincilik qazanır. Bədii qiraətdən söz düşmüşkən, o daim İlisunu vəsf edən şerləri əzbər söyləməkdən böyük fərəh hissi keçirərdi. Xüsusilə, Xalq şairi Məmməd Rahimin “İlisu” şeirini çox bəyənər, daim onu qiraət edərdi: 

 

Dağların qoynunda xeyli zamandır                                                                                                  
Nazlı gəlin kimi yatır İlisu.                                                                                                                     
Üfüqlər hüsnünə aparır həsəd,                                                                                                
Gül-çiçək ətrinə batır İlisu.

                                               
Üzünü bir dəfə görən bənd olur,                                                                                                      
Dost üçün hər zaman suyu qənd olur.                                                                                              
Meşələr qoynuna gərdənbənd olur,                                                                                                  
Asimana kəmənd atır İlisu.

                                               
Gözəllikdə onun tapılmaz tayı,                                                                                                        
Hüsnünə mat qoyur ulduzu, ayı.                                                                                                      
Səadət olalı iqbaldan payı                                                                                                                
Qəşəngcə böyüyür , artır İlisu.

                                               
Həyat nəğməsini bulaqlar deyir,                                                                                                       
Ana laylasını şiş dağlar deyir,                                                                                                          
Rahim kimi əziz qonaqlar deyir:                                                                                                      
Şirin muradına çatır İlisu.            


Bəli, İlisu aşiqi olan Məmməd sonrakı həyatını mədəniyyət mərkəzinin beşiyi olan Bakı şəhəri ilə bağlayır.                                                                                                                              

1949-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olur. Təhsil illərində o, nizam-intizamlı, çalışqan, çox mütaliə edən, əlaçı tələbə kimi seçilir, institutun ictimai həyatında fəallıq göstərir. İnstitutu fərqlənmə diplomu ilə bitirən Məmməd həmin ildə aspiranturaya qəbul olmuşdur.                                                                             

1958-ci ildə “Sovet dövründə Azərbaycan dilçiliyinin inkişafı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adına layiq görülmüşdür.                                           

Artıq özünü gənc dilçi-alim kimi təsdiq etməyə başlamış Məmməd Qasımov 1957-ci ildən 1964-cü ilə kimi Azərbaycan SSR EA Rəyasət heyəti yanında Terminalogiya Komitəsinin elmi katibi vəzifəsində çalışmışdır. Bu illərdə də o, məhsuldar işləmiş, dilçiliklə bağlı neçə-neçə elmi əsərin müəllifi olmuşdur. 1967-ci ildə isə uzun illərin zəhmətinin bəhrəsi olaraq “Azəri dilində terminlər necə yaranır” adlı kitabı işıq üzü görmüşdür.                                                            

1969-cu ildə Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunun terminalogiya sektorunun müdiri vəzifəsində çalışan Məmməd Qasımov sonralar 1979-cu ildən 1988-ci ilə qədər Nəsimi adına Dilçilik İnstitutunun Terminalogiya şöbəsinə rəhbərlik etmişdir. Bununla da, Terminologiya Komitəsinin işləri ona həvalə olunmuşdur. Bu müddət ərzində o, elmi işlərini davam etdirərək “Müasir Azərbaycan ədəbi dili terminologiyasının əsas problemləri”  mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi adına layiq görülmüşdür.                                                                                                                       

Məmməd Qasımov hələ uşaq ikən müəllimlərinə çox böyük hörmət, sevgi, rəğbət bəslədiyindən qəlbindən nə vaxtsa bu müqəddəs peşəyə yiyələnib müəllim olmaq arzusu keçər, onu rahat buraxmazdı. Elm sahəsində nə qədər çalışsa da bildiklərini böyük auditoriyada tələbələrə-gələcəyin müəllimlərinə çatdırmağa da çox can atırdı .                                                                      

Elə bu istək, bu arzu onu ilk olaraq, pedaqoq kimi özünü göstərmək üçün N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna gətirdi. Dosent kimi fəaliyyətə başlayan M.Qasımov auditoriyada dərs deməklə yanaşı, bir neçə il İnstitutun Azərbaycan və Rus dilləri kafedrasına rəhbərlik etdi.                                                                                                                                                   

Bir müddət sonra ömrünün sonuna kimi həyatını Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna bağladı. Orada “Azərbaycan dili” kafedrasına rəhbərlik etdi...                                                        

Hələ orta məktəbdə oxuyarkən, AzTV-də müxtəlif səpkili verilişləri seyr edirdim. Televiziyada yayımlanan “Azərbaycan dili” verilişi xüsusi olaraq diqqətimi çəkirdi. Verilişin aparıcısı isə daha böyük maraq kəsb edirdi. Yaxşı xatırlayıram, bu populyar, seçilən, baxımlı verilişin aparıcısı şəxsiyyətinə, biliyinə, efir mədəniyyətinə, çox şirin, savadlı nitq mədəniyyətinə malik olan üzü nurlu, alicənab görkəmli filologiya elmləri doktoru Məmməd Qasımov idi.                        

Hər verilişini səbirsizliklə gözləyər, televiziya önündən ayrılmayaraq sona qədər tamaşa edər, özüm üçün nəsə əxz edərdim. Azərbaycan dili və ədəbiyyatına xüsusi maraq göstərdiyim, onunla məşğul olduğum üçün bu verilişi izləmək mənim üçün hədsiz maraqlı idi. Onu da vurğulamaq istərdim ki, televiziyada verilişlərin, proqramların tamaşaçılar tərəfindən baxımlı və maraqlı olmasını səciyyələndirən əsas şərtlərdən biri də, məhz aparıcının düzgün seçilməsindən asılıdır.Nə xoş ki, o zamanki televiziya rəhbərliyi seçimində yanılmamışdı. M.Qasımov verilişi sevdirən aparıcılardan biri oldu. Çox sözlərin mənasını, qrammatik dil qaydalarını efirdən məhz, Məmməd müəllimdən öyrənirdim. Məncə, onu izləyən digər seyrçilərə də bunu şamil etmək mümkündür. Mənə elə gəlirdi ki, Məmməd müəllim sanki hər gün sinifdə gördüyüm sevimli müəllimlərdən biri idi. Bu veriliş haqqında söz açarkən bir hadisəni xatırlatmaq yerinə düşərdi. O zamanlar SSRİ Xalq artisti,  dünya şöhrətli müğənni Zeynəb Xanlarova Aşıq Alının sözlərinə bir mahnı yazıb, oxuyurdu. Mahnıda:..      
                                                                                                                                                         

Sındı telli sazım                                                                                                                                  
Təzanə qaldı                                                                     


misralarındakı “Təzanə” sözü digər müğənnilərin ifasında “Təzə nə” qaldı kimi səslənirdi, yəni təhrif olunurdu . Buna Məmməd müəllim efirdə, həmin verilişdə aydınlıq gətirdi, sözün izahını verdi. Beləliklə də, “Təzanə” sözü sazı çalarkən istifadə edilən mizrab deməkdir. Amma bu sözü nədənsə təhrif edib “təzə nə” qaldı anlamında işlədənlərə Məmməd müəllim tutarlı cavab verdi və bununla da bu məsələ birdəfəlik öz həllini tapdı.                                                                                  

O vaxtlar orta məktəbin yuxarı sinfində oxuyurdum. Bu veriliş vasitəsilə həm buraxılış imtahanlarına, həm də ali məktəbə qəbul imtahanlarına hazırlaşırdım. Bu baxımdan mənim efir vasitəsilə də olsa müəllimim məhz, Məmməd Qasımov oldu. Təbii ki, mən onu hər zaman dərin ehtiramla yad edirəm...                                                                                                                       

Tale elə gətirmişdi ki, Xarici Dillər İnstitutunda alimlə birgə çalışmış mənim yaxın qohumlarım iqtisad elmləri doktoru, professor Ədalət Nəzərli, “İngilis dili qrammatikası kafedrası”nın baş müəllimi Zərifə Məmmədova, tarix elmləri namizədi, dosent Tərlan Ağayev hər zaman Məmməd Qasımovun alicənablığından, görkəmli alim və pedaqoq olmasından, xüsusilə də həmkarları ilə gözəl insani münasibətdə olmasından ağız dolusu söz açardılar. Tələbələrin ona olan sevgisini, hörmətini xüsusi vurğulayardılar. Eşidəndə ki, mən Məmməd müəllim haqqında məqalə yazıram, Azərbaycan MEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, fəxri professor Rasim Nəbioğlu öz ürək sözlərini belə söylədi: “Məmməd Qasımovun Azərbaycan dilçiliyinin inkişafında, Terminologiya Komitəsinin fəaliyyətində xüsusi xidmətləri olub. O, gözəl, nəcib insan olmaqla yanaşı gənc alimlərin yetişməsinə xüsusi önəm verib. Belə alimlərə, insanlara hər zaman ehtiyac duyulur. Onlar daimi ehtirama layiqdirlər. Allah Məmməd müəllimə rəhmət eləsin”.                            


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova dərin ehtiram hissi ilə Məmməd Qasımovun terminologiya sahəsindəki uğurlu fəaliyyətindən söz açdı və qeyd etdi ki, Məmməd müəllimin xatirəsi terminologiya şöbəsinin əməkdaşları tərəfindən daim anılır. Şöbəmiz hazırda Məmməd Qasımovun yubileyi ilə əlaqədar hazırlıq işləri görür.


Bəli, Məmməd Qasımov hər zaman xatırlanan, parlaq simalardan biridir. O, heç bir zaman kimsənin qəlbinə dəyməz, könül qırmazdı. Paxıllıq hissi ona yad idi. O, hər bir kəsə hörmətlə yanaşar, imkanları daxilində ona köməklik göstərərdi. O, sözün əsl mənasında Azərbaycan dilinin vurğunu idi. Azərbaycan ədəbi dilinin inkişafı sahəsində əsl fədai idi. O, öz vətənini, elini, obasını, dövlətini, dövlətçiliyi sevirdi, ona qəlbən bağlı idi. Bütöv, müstəqil, çiçəklənən Azərbaycan onun həyat amalı idi. “Azərbaycançılıq” məfkurəsi onun üçün qəlb çırpıntısı idi. Azərbaycana olan böyük məhəbbətin təzahürü idi ki, o, oğluna “Azər” adını vermişdi. Azərin azərbaycançılıq ruhunda, vətənə sevgi, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasına bütün ömrünü həsr etmişdi. Bəli, belə nəcib, vətənpərvər kişinin oğlu onun arzularını həyata keçirərək, həyatını dövlətə, dövlətçiliyə həsr edib, vətən sevgisi ilə alışıb yanır. Çox doğru söyləyiblər: “Ot kökü üstə bitər”. Bu el misalını, zərb məsəlini məhz, Azər Qasımova da şamil etmək olar.                                                                                                                            

Tale elə gətirdi ki, ötən əsrin 80-ci illərinin sonunda Məmməd müəllimin oğlu Azərlə avtomobil məktəbi kurslarında bir yerdə oxuduq. Bu müddətdə onda nələri müşahidə etdim. Atasında olduğu kimi yüksək mədəniyyət, mənəviyyat, əxlaqi keyfiyyətlər, səliqəli geyim tərzi,dinləyicilərlə səmimi münasibət, bir də daim əlində xarici dillərdə nəşr olunmuş qəzetləri nəzərdən keçirərək, mütaliyə etməsi. Sonralar o, müxtəlif məsul dövlət vəzifələrində çalışdı. Hazırda da dövlətə, dövlətçiliyə xidmət göstərir. Bəli, Məmməd müəllim kimi bir kişinin oğlu məhz, belə olmalıydı və oldu da...                                                                                                             

İllər bizi Məmməd müəllimin cismani varlığından ayırır. Lakin, onun o nurlu siması, xeyirxah əməlləri, elm üçün, dilçilik üçün etdiyi işlər, xidmətlər unudulmur, onu əbədiyaşar edir. Hər dəfə dilçilikdən söz düşəndə,  Məmməd müəllimi xatırlamamaq mümkün deyildir. Çünki, Məmməd müəllim Azərbaycan dilinin aşiqi, vurğunu idi. O, daim ədəbi dilimizin inkişafina, onun təmizlənib saflaşmasına, zənginləşməsinə xidmət edib, bunu özünə şərəf bilib.                         

Xalq şairi Bəxtiyar Vahabzadə dilimiz haqqında belə deyirdi:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,                                                                                              
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.                                                                                                   
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,                                                                                                 
Bu dil əcdadımızın bizə verdiyi                                                                                                         
Qiymətli xəzinədir ... onu  gözlərimiz tək                                                                                       
Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Bəli, məhz Məmməd müəllim də belə düşünür, doğma dilimizə belə qiymət verərdi.    
                

May ayının 5-də bu parlaq şəxsiyyətin, tanınmış pedaqoq-alimin anadan olmasının 85 illiyi tamam olur. Məncə, onun Azərbaycan dilçiliyinin inkişafindakı xidmətləri nəzərə alınaraq, onun adı əbədiləşdirilməlidir.Yubiley tədbirləri onun doğulduğu rayonda, Bakı şəhərində, onun vaxtilə çalışdığı AMEA Dilçilik İnstitutunda, Azərbaycan Dövlət Tibb və Dillər Universitetlərində keçirilməli, elmi konfranslar təşkil olunmalı, onun haqqında Televiziya və radiolarda verlişlər, KİV-də silsilə yazılar dərc edilməlidir. Bununla da, bu gözəl alimin xatirəsinə azacıq da olsa ehtiramımızı göstərərik.                                                                              

Sonda yazımı bu fikirlərimlə tamamlayıram: “Azərbaycanın hər bir vətəndaşı Məmməd müəllim qədər bu dili sevməli, ona məhəbbət, sevgi aşımalıdır. Dilini sevən hər bir fərd Azərbaycan ədəbi dilinin inkişafına, formalaşmasına, təkmilləşməsinə öz əməli töhfəsini verməli, gələcək nəsillərə ötürməlidir”...

                                                                

Əməkdar jurnalist, 
Pedaqoqika üzrə fəlsəfə doktoru,    
“Tərəqqi” medalçısı  
Qafar Əsgərzadə  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...