Modern.az

“Magistraturanı xaricdə oxumaq istəyirəm” - Olimpiadanın qızıl MEDALÇISI

“Magistraturanı xaricdə oxumaq istəyirəm” - Olimpiadanın qızıl MEDALÇISI

13 Aprel 2018, 16:39

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara start verilib. Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin növbəti qonağı İsmət Ağayevdir. İsmət Ağayev hazırda Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

“Fizikanı yox, riyaziyyatı seçdim”

 

“Quba rayonunun Çağacıq kəndində anadan olmuşam.  Orta təhsilimi də kənd məktəbində almışam. Sonra 6-cı sinifdə oxuyanda Qubadakı türk liseyinə daxil oldum. Daha sonra isə 9 və 11-ci sinifləri Bakıdakı türk liseyində davam etdirdim. Atam da, anam da kənddə müəllim işləyir. Uşaq yaşlarımdan evimizdə təhsilə həmişə maraq yaradılıb. Təhsil almağın faydaları aşılanıb. Liseydə oxuduğum müddətdə müəllimlərim olimpiadalara qatılmağımı tövsiyə etdilər. Həm də liseydə dünyagörüşüm bir az da artdı. Ancaq müəllimlərim fizika üzrə keçirilən olimpiadalara qatılmağımı istəyirdilər. Məndə isə riyaziyyata daha çox maraq və həvəs vardı. Beləliklə, riyaziyyat üzrə keçirilən olimpiadalara qatıldım”.

 

“Valideynlərin dəstəyi çox vacibdir”

 

Olimpiada qalibi deyir ki, yaxşı təhsil almaq üçün valideynlərin  dəstəyi çox önəmlidir.

“İlk olimpiadaya 2013-cü ilin iyununda qatıldım. O zaman 9-cu sinifdə oxuyurdum. Türkiyədə keçirilən olimpiadada gümüş medal qazandım. Həmin il respublika üzrə keçirilən olimpiadada da gümüş medal qazanmışdım. Qızıl medalı respublika üzrə keçirilən riyaziyyat olimpiadasında əldə etdim. Ümumiyyətlə, ailəmin də, müəllimlərimin də dəstəyi olub. Düşünürəm ki, təhsil almaq üçün kənd ya da şəhər mühitinin heç bir fərqi yoxdur. Yetər ki, daxilində elmə, təhsilə maraq güclü olsun. Valideynlər də bu məsələdə dəstək olmalıdır. Övladlarını təhsilə həvəsləndirməlidirlər. O zaman faydası da daha yaxşı olur”.

“Hərəmiz bir bölgəni təmsil edirik”

 

Ali təhsilini Azərbaycanda davam etdirən İsmətin sözlərinə görə, xaricdə təhsil almağı daha çox istəyib.

“Olimpiadalarda yer tutub qalib olduğum üçün ali təhsilimi xaricdə davam etdirmək istəyirdim. Hətta Türkiyənin 2 universitetindən dəvət də gəlmişdi. Sadəcə, ailəmin maddi imkanlarının aşağı olması buna imkan vermədi. Amma heç də peşman deyiləm. Hazırda Bakı Ali Neft Məktəbində təhsil alıram. 695 balla bura daxil olmuşam. Təhsil sistemindən çox razıyam. Həmçinin, tələbəlik həyatına daha tez alışdım. Çünki kənddə doğulsam da, orta məktəbin son 2 ilini şəhərdə oxumuşam. Ona görə də şəhər mühiti ilk vaxtlarda məni sıxmadı. Tələbə həyatım çox maraqlı keçir. 3-cü kursda oxuyuram. Universitetdə hərəmiz bir bölgəni təmsil edirik. Universitetin yataqxanasında qalıram. Deyə bilərəm ki, yataqxana hər cür şəraitlə təmin olunub”.

 

“Başa xərclənən boşa xərclənmir”

 

Olimpiada qalibi magistratura pilləsini xaricdə oxumaq istəyir:

 

“Gələcəkdə magistr təhsilimi xaricdə almağı düşünürəm. Bunu ya Almaniyada, ya da Kanadada reallaşdırmaq istəyərəm. Oxumadan həyatda heç bir şeyə nail olmaq olmaz. Kənd yerlərində təhsil alanlara demək istəyirəm ki, təhsilə xərclənən vəsait boşuna getmir. Mən liseyə qəbul olunanda imkanımız yox idi. Bir təhər qohumlardan borc tapıb təhsilimi davam etdirdim. Demək istəyirəm ki, başa xərclənən pul, boşa xərclənmir.
Hər dəfə kəndə gedəndə sinif yoldaşlarımla görüşürəm. Aldığım təhsil onu göstərir ki, bəzi sinif yoldaşlarımla düşüncələrimiz çox fərqlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu