Modern.az

Azərbaycanın 160 milyon dollarlıq ilk milli peyki

Azərbaycanın 160 milyon dollarlıq ilk milli peyki

30 Noyabr 2009, 12:53

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılmasına dair xidmətlər göstərən şirkətlərlə danışıqları başa çatdırır. Modern.az bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, peykin 2011-ci ildə orbitə çıxarılması planlaşdırılır.

AzerSat-ın kosmosa çıxarılması istiqamətində işlər görülür

Əli Abbasov deyib ki, Azərbaycan özünün ilk rabitə peyki AzerSat-ın kosmosa çıxarılması üçün daşıyıcı-raketin istehsalçısını 2010-cu ilin əvvəlində seçəcək.

Nazir qeyd edib ki, hazırda üç mümkün daşıyıcı-raketin istifadə olunmasına baxılır. Bunlar Rusiya istehsallı “Proton” (istehsalçı - Xruniçev adına Mərkəz), Ukrayna istehsallı “Zenit” (istehsalçı - “Yujnoye” Elmi İstehsalat Mərkəzi) və Avropa Kosmik Agentliyinin istehsal etdiyi “Ariane” daşıyıcı-raketləridir.

Ə. Abbasovun sözlərinə görə, hər üç istehsalçıya tender sənədləri göndərilib və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sifarişin potensial icraçısından ilin sonuna kimi cavab gözləyir.

Tenderin qalibi 2010-cu ilin ilk üç ayı ərzində müəyyən olunacaq. Peykin və raketin ümumi dəyəri 200 milyon ABŞ dolları məbləğində təyin olunub.

Qeyd edək ki, peykin istehsalçısı artıq müəyyən olunub. Bu ABŞ-ın Orbital şirkətidir. Gələn il ərzində sığorta şirkətinin seçilməsi üzrə tenderin keçirilməsi də planlaşdırılır.

“Peykin istehsalçısı ABŞ-ın “Orbital” şirkəti müqavilə üzərində işləri başa çatdırıb və hazırda bizim əsas danışıqlarımız daşıyıcı-raket istehsalçıları və sığorta şirkətləri ilə aparılır.
Nazirin sözlərinə görə, “Orbital” şirkəti bağlanmış müqavilənin əsas şərti Azərbaycan mütəxəssisləri üçün ABŞ-da treninqlərin keçirilməsi və peykin istehsalına nəzarət edilməsidir.

Dövlət Proqramı nə nəzərdə tutulur?

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib.

Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur.

Bu zaman 2009-cu ildə peyk üçün optimal orbital mövqe seçilməli və peykin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. 2010-cu ildə peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması, 2011-2012-ci illərdə isə peykin orbitə çıxarılması nəzərdə tutulur.

Layihəyə 160 milyon dollar xərclənəcək

Peykin 2011-ci ilin dekabr ayında orbitə çıxarılması nəzərdə tutulur. Peykin orbitə çıxarılması layihəsinin ümumi dəyəri təxminən 160 mln. ABŞ dolları təşkil edir ki, bunun 86-87 mln. dolları birbaşa peykin istehsalına, 16 mln. dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 mln. dolları raketdaşıyıcı vasitəsi ilə orbitə çıxarılması üzrə işlərə, 18 mln. dolları isə sığorta xidmətlərinə yönəldiləcək.
Qeyd edək ki, süni peykin buraxılması layihəsi ilk növbədə kommersiya xarakteri daşıyır. Layihəyə qoyulan vəsaitlərin ilk 5-7 il ərzində qaytarılması nəzərdə tutulur ki, peykin sonrakı fəaliyyət dövrü ərzində, yəni təxminən 15 il ərzində layihə artıq mənfəət gətirəcək. Azərbaycan peykin imkanlarının yalnız 20 faizdən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək.

Növbəti 5 ildə kosmik sənayemiz inkişaf etdiriləcək

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycana 2 orbital pozisiya təqdim edib. Lakin bu, yerin əhatə dairəsi üçün məhdudiyyət təşkil etdiyindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 20 il müddətinə orbital pozisiya icarəyə götürərək süni peyk layihəsini həyata keçirməyə başlayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarıldıqdan sonra isə kanallar bu peyk vasitəsilə yayımlana biləcək. Layihə Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcək. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verməlidir.

XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən rabitə və analoq teleradio yayımı üçün istifadə olunurdusa, 80-ci illərdə yeni VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan verib. 90-cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaradıb.
2000-ci ildən peyk resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da sürətləndirib.

30-dan çox ölkənin peyki var

2008-ci ilin sonuna dünyada təqribən 270 peyk fəaliyyət göstərir ki, bu peyklərin transponderlərinin ümumi sayı 5 mindən çoxdur. Telekommunikasiya peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilib. Hazırda 30-dan çox ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir 1996-cı ildə 16 milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ dollarına, hazırda isə 100 milyard ABŞ dollarına çatıb.

2009-cu ilin əvvəlinə Azərbaycan Respublikasında peyk tutumları təxminən 120 Mbs. təşkil edir və onların yarıdan çoxu VSAT sistemlərində, xeyli qalan hissəsi isə dövlət və özəl TV və radio yayımları üçün istifadə olunur. Növbəti 15 il üçün peyk tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır.

Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Ölkəmizin ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq, gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.

Telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı, respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının həm respublikada, həm də respublikadan kənarda yayımlanması üçün DVB-S texnologiyası əsasında qurulan peyk stansiyalarının tətbiqi yaxın bir neçə ildə daha da genişlənəcək.

2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) ilkin müraciət edilib.

Kosmik sənayemiz nə vaxt yaradılıb?

Respublikada kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə başlanılıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılmasına başlanılıb. Hazırda respublikada kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə, müxtəlif tətbiqi məsələlərin həlli ilə bilavasitə məşğul olan dövlət qurumu - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində Milli Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilib, keçmiş SSRİ Hərbi Sənaye Kompleksinin, Müdafiə Nazirliyinin, Maşınqayırma Nazirliyinin və Elmlər Akademiyasının qurumları ilə sıx əlaqə yaradılıb, müxtəlif təyinatlı layihələr həyata keçirilib. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan verən “PulsarX-1” spektrometri 15 ilə yaxın “Salyut-7” və “Mir” orbital komplekslərində fəaliyyət göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə nümayiş etdirib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı “İqtisadi Əməkdaşlıq Sazişi” çərçivəsində MAKA-nın Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosu və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat İnstitutu arasında bağlanılmış müqavilə əsasında UNİSCAN-24 Kosmik Məlumatların Qəbuledici Kompleksi 2007-ci ilin əvvəlində MAKA-da quraşdırılıb və hal-hazırda fəaliyyət göstərir.

Dövlət Proqramının əsas məqsədi

Respublikada olan mövcud kosmik sənaye kompleksi, kosmik məlumatın qəbulu və emalı üzrə texnologiya fiziki və mənəvi cəhətdən köhnəlib. Bu sahədə fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni istehsal və emal texnologiyasının yaradılmasında, idarəetmədə İKT-nin tətbiqinə ciddi zərurət yaranıb. Qeyd edilən sahənin Dövlət Proqramı əsasında yenidən qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və yerli istehsalın təşkili sahənin yaradılması və inkişafında vacib istiqamətlər kimi nəzərdə tutulur. Bu sahədə 30 ildən artıq dövrdə əldə edilmiş potensialın təkmilləşdirilərək yenidən qurulması və inkişaf etdirilməsi Proqramda xüsusi yer tutur.

Telekommunikasiya peykinin idarə edilməsi, kosmik sənaye sahəsində istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində ilk mərhələdə xaricdə, sonradan isə respublikada yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına Proqramda əhəmiyyətli yer ayrılıb.

Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş perspektivlər yaradacaq.

Peyk rabitəsi xidmətlərinin respublikada daha geniş və keyfiyyətli təşkili məqsədi ilə Azərbaycana məxsus peykin geostasionar orbitə çıxarılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə bir telekommunikasiya peykinin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan telekommunikasiya peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərməsi Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi, televiziya və radio yayımları, yüksəksürətli internet, multimedia xidmətləri göstəriləcək və korporativ VSAT şəbəkələri yaradılacaq.

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, telekommunikasiya peykinin idarə edilməsi və istismarı isə yeni yaradılması nəzərdə tutulan “AzərSpace” ASC tərəfindən həyata keçiriləcək.

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi