Modern.az

Astan Şahverdiyevin keçmiş RƏQİBİ: “Deputatlığa hazır olmaq lazımdır”

Astan Şahverdiyevin keçmiş RƏQİBİ: “Deputatlığa hazır olmaq lazımdır”

16 Aprel 2018, 15:26

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev aprelin 15-də vəfat edib. 

 

Qanunvericiliyə görə, Milli Məclisinin deputatı vəfat etdikdə mandatdan məhrum edilir.

Konstitusiyanın 87-ci maddəsində (Milli Məclis deputatlarının səlahiyyətinin bitməsi) göstərilib ki, Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

Bundan əlavə, Konstitusiyanın 84-cü maddəsində (Milli Məclis çağırışının səlahiyyət müddəti) qeyd edilib ki, Milli Məclisin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.


Qeyd edək ki, hazırki Milli Məclisin səlahiyyət müddəti 2020-ci ilin noyabrında başa çatacaq.  Bu isə o deməkdir ki, Astan Şahverdiyevin yerinə yeni seçkilər keçirilə bilər.

 

Deputat, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a bildirib ki, Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı qanunvericilikdəki qeydlərə uyğun olaraq, tədbirlər həyata keçiriləcək.

 

2015-ci il parlament seçkilərində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində mandat uğrunda mübarizəyə qoşulan və kifayət qədər iddialı olan, ancaq seçkilərdə Astan Şahverdiyevə uduzan tanınmış vəkil Adəm Məmmədova “boş qalan deputat mandatı uğrunda seçkilər keçirilərsə, namizədliyinizi verəcəksinizmi” sualı ilə müraciət etdik. A.Məmmədovun Modern.az-a cavabı belə oldu:


“Deputatlıq çox məsuliyyətli və ciddi işdir. Şərt seçilmək deyil, deputatlıq seçildikdən sonra başlayır. Bu zaman daha çox çalışmaq lazımdır. Əsas seçildiyin rayonda insanların rəğbətini və hörmətini qazanmağı bacarasan. Deputat seçilmək hər şey demək deyil. Bu gün Azərbaycanda fəaliyyət göstərən Qənirə Paşayeva, Adil Əliyev kimi deputat olmaq lazımdır”.

 

A.Məmmədov bildirib ki, deputat olmağın məsuliyyətini hiss edir və bu məsuliyyətin altına girmək iqtidarındadır:

“Hər şeydən əvvəl insan kimi məsuliyyətli olmaq lazımdır. Gərgin iş rejimində çalışacağını dərk etməlidir. Mən özüm Cəbrayıldanam. Həmin rayondan olub, oradan deputat seçilmək özü ikiqat məsuliyyətdir. Çünki həmin bölgədən olanda, vətəndaşların gözləntiləri daha çox olur. Məcburi köçkün rayonları içərisində ən dağınıq yaşayanlardır. Bu gün cəbrayıllılara respublikanın bütün rayonlarında rast gəlmək mümkündür. Bu da özlüyündə digər işğalda olmayan rayonların deputatlarından daha çox məsuliyyət tələb edir. Xatirinizdədirsə, mən o vaxt namizəd olanda Cocuq Mərcanlıdan olan yeganə sakin Oqtay Həziyevlə görüşmüşdüm. Bu baxımdan müəyyən məsələlər var ki, diqqət tələb edir.

 

Dünyasını dəyişən Astan Şahverdiyevə Allah rəhmət eləsin, qəbri nurla dolsun! Ailəsinə səbr diləyirəm, ölüm haqdır! Hamımızın gedəcəyimiz yer birdir! Pis-yaxşı nə fəaliyyət göstəribsə, hamısı geridə qaldı. Bundan sonra gələcəyə baxmaq lazımdır. Amma bu dəqiqə namizədliyimi irəli sürmək barədə düşünməmişəm. Çünki çox məsuliyyətlidir. Diqqət edirəm, deputatların verdiyi hər bir açıqlama böyük rezonans doğurur. Ona görə də deputatlığa hazır olmaq lazımdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir