Modern.az

Tanınmış modelyer yeni fəslin dəblərini açıqladı - Mavi, göy, qəhvəyi, çəhrayı rənglər...

Tanınmış modelyer yeni fəslin dəblərini açıqladı - Mavi, göy, qəhvəyi, çəhrayı rənglər...

17 Aprel 2018, 09:13

Yazın gəlişi ilə havalar da isinir və bu bizim geyimimizə öz təsirini göstərir. Artıq bir çox xanımlar yazda, o cümlədən yayda nə geyəcəklərini, çatışmayan hansı libaslar alacaqlarını fikirləşirlər. Bunun üçün də ilk növbədə həmin vaxt dəbdə nələrin olacağı ilə maraqlanırlar. Əbəs yerə deməyiblər ki, gözəllik ondur, doqquzu dondur.

Modern.az saytının əməkdaşı xanımlara bu işdə kömək etmək üçün 2018-ci ilin yaz və yay fəsillərinin dəb rənglərinin hansılar olacağı və bu fəsillərdə hansı tip modellərə üstünlük veriləcəyini öyrənməyə çalışıb. Bu işdə bizə sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova kömək edib.

Mavi, göy, qəhvəyi, çəhrayı....

Modelyerin sözlərinə görə, üzümüzə gələn yay aylarında 1980-cı illərdə mövcud olan paltar formaları, şalvarlı geyim nümunələri, şortlar, həmçinin ətəklər gündəmdə olacaq: 

 “Asimetrik, həm də daha səliqəli, düzgün şəkildə təqdim olunmuş ətək formaları  aktual olacaq. Bilirsiniz, 80-cı illərin dəbində   qolların,  o cümlədən geyimlərdə beldən aşağı hissənin həcmli olması nəzərdə tutulurdu. Bu baxımdan geyimlərdə fərqli üslub nümunələrinin olması gözləniləndir. Bu gün də geyimlərdə həcm öz sözünü deyir. Yaxa kəsimlərində, geyimin ümumi formasında, qol formalarında asimetrik formalar nəzərə çarpacaq.

Yaz-yay aylarında rənglərdən çox istifadə olunur. Demək olar ki, bir çox  rənglər, palitralar gündəmdə olacaq. Burada mavi, portağal, mixəyi, göy, qəhvəyi, pudra, çəhrayı rəngləri var. Sadaladığım tonlar bir az sönük, çirkli kimi fərqli təqdimatda olacaq. Həmçinin xardal, göylə yaşıl rəngin qarışığı, hərbi geyim rənglərindən də istifadə  ediləcək. Parça formalarında həm parıltılı, həm də şəffaf- incə şifonlar, kətanlar, ipəklərdən hazırlanmış  geyim nümunələri çox aktual olacaq. Hər zaman bütün illərin gündəmində olan cins parçalara da üstünlük veriləcək. “Varyonka” adlanan cins geyim nümunələri gündəmdədir. Bu, hardasa 80-cı illərin sonu, 90-cı illərin əvvəllərdə dəbdə idi. Digər tərəfdən cinslərdən aksesuar olaraq da çantaların üzərində istifadəsi  özünü göstərəcək”.

““Zamana səyahət”  adlı bir üslub forması olacaq”

G.Xəlilova qeyd edib ki, dəbdə olan nümunə, forma və rənglər həm xanımların, həm də kişilərin geyimlərində öz sözünü deyəcək:

“Kostyum geyiminin  ciddi və maraqlı, nəzəri cəlb edən formaları aktualdır. Ümumiyyətlə geyim formalarında hər zaman olduğu kimi yenə rəngarənglik, çeşidlilik çoxdur. Parça naxışları geyim üzərində işlənən əsəri xatırladacaq. Məsələn, hansısa ağacın parça üzərində rəsmi kimi. “Zamana səyahət”  adlı bir üslub forması olacaq. Burada bir az qeyri-adi, fərqli damalar, zolaqlar, ornamentlərin şahidi olacağıq. Havanı, suyu keçirməyən materiallardan hazırlanan geyim nümunələrini də qeyd etmək lazımdır. Baxmayaraq ki, isti havalar gəlir, amma dəbdə fərqli geyim formaları öz sözünü deyəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir