Modern.az

Qazaxıstandakı diaspor rəhbəri: “Xarici işlər naziri on dəfə Qazaxıstana gəlib, bir dəfə bizimlə görüşməyib”

Qazaxıstandakı diaspor rəhbəri: “Xarici işlər naziri on dəfə Qazaxıstana gəlib, bir dəfə bizimlə görüşməyib”

12 Avqust 2011, 10:00

“Qazaxıstanda olanda hacı Allahşükür Paşazadədən bizimlə görüşmək üçün xahiş etdik ”

Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Modern.az saytına müsahibə verib.

- Vidadi müəllim, təşkilatınız Bütün Qazaxıstanı əhatə edə bilirmi? 

- Qazaxstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqı böyük bir qurumdur. Qazaxıstan 14 vilayətdən ibarətdir. Respublika tabeçiliyində olan iki böyük şəhər var: Astana və Almatı. Bu vilayətlərin hər birinin mərkəzində vilayət mədəni mərkəzləri var. Onlar bizim təşkilatın üzvləridir. Ancaq müstəqil ictimai təşkilatlardır. Bu ittifaq koordinasiya mərkəzidir və mən də onun sədriyəm. Orada 12 diaspor təşkilatı birləşib.

- Qazaxıstanda təxminən nə qədər azərbaycanlı yaşayır?

- Bizim hesablamalara görə, Qazaxıstanda 250 minə qədər azərbaycanlı yaşayır. Orada diasporların fəaliyyətində ildən-ilə irəliləyiş olur. Bütün tədbirlərdə hamı iştirak edə bilməz, ancaq bayramlarımızda, məsələn Novruz bayramında və bu kimi digər tədbirlərimizdə 500, 1000, 2000-ə qədər adam iştirak edir.

- Amma Qazaxıstanda erməni diasporunun da zəif olmadığı bildirilir...

- Qazaxıstanda ermənilər say cəhətdən bizdən 10 dəfə azdırlar. Siyasi fəallıq baxımından indiki zamanda bizdən fəaldırlar. Ancaq biz paytaxtda onların diaspor mərkəzini bağlatdırmışıq. Karapetyan soyadlı bir nəfər var, orada anadan olub, Qazaxıstanın yeganə böyük şərab zavodunun rəhbəridir və sözsüz ki, yuxarı dairələrə yaxın adamdır. Ona görə, Qazaxıstanda onlar müəyyən hərəkət edirlər. İkinci bir tərəfdən, onlar hər zaman öz ölkələrindən siyasi dəstək alırlar. Rusiya da onlara dəstək verir. Xaricdə yaşayan erməniləri Rusiyanın səfirlikləri çox güclü şəkildə dəstəkləyir. Hər yerdə belədir, Qazaxıstanda da o cümlədən. Mən bir faktı deyim, Balayan soyadlı bir erməni var, onun bir kafesi vardı, plana düşmüşdü uçururdular. Köçəryan prezident olanda Qazaxıstana rəsmi səfərə gəlmişdi. O, həmin kafeyə getdi, balaca, uçuq kafedə ermənilərlə çörək yedi. Sonra həmin kafenin uçurulması məsələsi gündəliyə gələndə Qazaxıstan prezidenti buna qarşı çıxdı. Sonra ona imkan yaratdılar, indi şəhərdə böyük maqnat olub.
 
- Diasporumuzun gücü qaneedicidirmi?

- Bizdə problemlər mövcuddur, baxmayaraq xaricdə olan diaspor təşkilatları artıq erməni lobbisinə qarşı dura biləcək qüvvəyə malikdir, ancaq bu o demək deyil ki, Azərbaycan diaspor təşkilatı tam formalaşıb. Mən jurnalsit, alim kimi onu demək istəyirəm ki, biz mətbuat vasitəsilə Qazaxıstan əhalisinin Azərbaycan həqiqətlərinin mənimsəməsinə tam nail ola bilməmişik. Müsəlman dövlətləri, türk dövlətlərinin Azərbaycan  həqiqətləri haqda məlumatları çox azdır. Bundan ötrü güclü lobbi yaranmalıdır. Bu lobbinin əsas məqsədi informasiya blokadasını tam dağıtmaq, yalançı erməni informasiyasının iç üzünü tam açıb göstərmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Ola bilsin ki, biz Amerikaya və yaxud Avropya önəm veririk, bu da siyasi nöqteyi-nəzərdən doğurdan da vacibdir. Eyni zamanda, Orta Asiyanı, qonşu dövlətləri nəzərdən qaçırmaq lazım deyil, gərək birinci qonşun bilsin ki, sən kimsən.
 
- Diaspor təşkilatları ilə səfirliyimiz arasında münasibətlər hansı səviyyədədir?

- Mən deyə bilərəm ki, diaspor təşkilatlarının səfirliyimizlə münasibəti Orta Asiyada eyni səviyyədə deyil, hər respublikada fərqlidir. Mən Qazaxıstan barədə deyə bilərəm ki, burada diaspor təşkilatı ilə səfirlik arasında problem yoxdur. İşbirliyimiz olmasa da, problemlərmiz də yoxdur. Ancaq birgə tədbirlər keçiririk, bu, şübhəsizdir. Yalnız Azərbaycan vətəndaşlarının pasport və digər arayış, sənəd məsələsində diasporla  səfirlik arasında anlaşılmazlıq var. Bakıda Dövlət Miqrasiya Xidmətində qəbulda olmuşam, iki şöbə müdiri ilə görüşmüşəm. Dedim bu xalqa sahib olun, bu xalqın kimliyini təmin edin. Azərbaycan vətəndaşı gəlib orada pasportunu itirərsə, qalacaq ortalıqda. Kimliyini itirir və artıq geri qayıtmağı müşkül məsələyə çevrilir. Baxmayaraq mən belələrinə hər cür maddi, mənəvi dəstək dururam. Amma bir ay müddət qoyulur, bir ay insan nə edə bilər ki, onun pasprotunu küçənin ortasında oğurlayıblar. O millətin hansı hörməti ola bilər. Qıraqdan baxan buna nə qiymət verəcək, qaraçı qaraçıdır, onun da sənədi var. Bu, dözülməz hal alıb, ona görə də diaspor təşkilatları ilə səfirliklər arasında müəyyən anlaşılmazlıqlar var. Bu məsələdə səfirliyin günahı olmasa da, səfir həmin ölkədə səlahiyyətli nümayəndəmiz kimi bir çıxış yolu tapılmalıdır. Bilirsiniz, səfirlik nə cavab verir sənəd almaq istəyən insanlara: “Biz sorğu veririk Bakıya, Miqrasiya Xidməti təzə yaranıb, arxivi yoxdur, o da cavab verir ki, həmin şəxsin kimliyi təyin olunmayıb”. Belə cavab verildiyi təqdirdə sənəd almaq istəyən qalacaq çöllərdə. Belə də şey olar?
Mən bu məsələni Miqarsiya Xidmətinin qarşısında qaldırmışam ki, belə cavab vermək olmaz, siz yazmalısız ki, ya vətəndaşdır, ya vətəndaş deyil. Vətəndaşdırsa, səfirlik buna arayış verməlidir, adam vətəninə gəlməldir, burada sənədləşməlidir. Yox, Azərbaycan vətəndaşı deyilsə, adam həmin ölkəyə müraciət edir ki, “görürsünüz, mən oranın vətəndaşı deyiləm, mənim vətəndaşlığımı burada təmin edin”. Amma bizim qurumların verdikləri cavab soydaşımızı bunun ikisindən də məhrum edir. Diaspor nümayəndələri pul yığırlar, həmin insanlara maddi kömək göstərirlər. Sadəcə problemin həlli konsulun verdiyi bir sənəddən asılı olur. Onun yolpulunu biz təmin edirik.Tailandda sunami baş verəndə Rusiya və Qazaxıstan kefə getmiş turistlərini geri qaytarmaq üçün təyyarə göndərdi. Dünynın bütün sivil ölkələrində bu cür münasibət var, öz vətəndaşına sahib çıxır. Bizdə hamı deyir ki, “özü günahkardır, sənədi itirməyəydi”.

- Azərbaycanlı elm adamlarının əlaqələri necədir orada?

- Mən elmlər doktoruyam. Demək olar ki, bu sahənin adamları tez-tez görüşür. Erməni haqsızlıqlarından danışırıq. Sərgilər keçiririk, qəzet buraxırıq, yerli televiziyalarda çıxış edirik. Bunların hamısı Azərbaycana informasiya köməyidir. Diaspor təşkilatlarının ölkə daxilində birlikləri var. İki ölkə arasında əlaqələr var, məsələn, Özbəkistanda Mobil  müəllim var. Onlar böyük işlər görürlər. Özbəkistanda səfirimiz də çox fəaldır. Orada Azərbaycan Mədəniyyət Evi açılıb. Ona görə insanların ora gəlməsi, oradan koordinasiya olunması məsələləri artıq formalşaıb.
AzərTAc-ın müxbiri Qulu Kəngərli Özbəkistanda oturur, çox aktiv insandır, hər məqamda Azərbaycanı layiqincə təmsil edən bir insandır və respublikalararası Azərbaycan diaspor təşkilatırının bir-birinə intiqrasiya olunmasında o vasitəçi kimi həmişə bizlərə yardımçı olub.

- Ümumən dünyanın ayrı-ayrı ölkəsində yaşayan soydaşlaırmızın fəaliyyəti sizi qane edirmi?

- Bizim soydaşlarımız Azərbaycana çox güclü maddi kömək edir. Rusiyanın baş naziri Putin çıxışında bildirmişdi ki, təkcə Rusiyadan Azərbaycana ildə 4 milyard dollardan atrıq pul daxil olur. Təxmini hesablamalara görə, xaricdə yaşayan ən sadə azərbaycanlı orta hesabla ildə 5-10 min dollar civarında geriyə pul göndərir. Bu, Azərbaycan dövlətinin sosial sferasına olan kömək deyilmi?

- Dünya Azərbaycanlılarının III qurultayı keçirildi. Bu qurultayların əhəmiyyətini necə dəyərləndirirsiniz? Sonuncu qurultaya nümayəndə seçimində narazılıqlar olub deyəsən...

- Qurultaya müəyyən sayda insan çağrılmalıdır, Qazaxıstan diasporunun 250 min azərbaycanlı üvünü çağıra bilməzdilər axı qurultaya. Diasporla İş üzrə Dövlət Komitəsi qəbul etdiyi adamları çağırır. Biz 30 adamla qurultayın işinə qatılmaq istəyirdik, ancaq 12 nəfər gəldik. Narazılar qurultaya dəvət olunmayanlardır.
Faktiki mən belə insan tanımıram ki, onun böyük xidmətləri olsun və o diqqətdən kənarda qalsın. Deputatlar qayıdıb özlərinə nəzər salsın ki, səfərə getdikləri ölkələrdə Azərbaycan diasporu ilə görüşürlərmi? Biz Qazaxıstanda deputatlardan yalnız Fərhad Qəribov və Rüstəm Xəlilovdan başqa kimsəylə görüşə bilməmişik. Xarici işlər naziri niyə Qazaxstana gələndə bir dəfə maraqlanmır ki, burada diaspoar təşkilatı nə qədərdir və ya onlarla niyə görüşmür? O, Qazaxıstanda azərbaycanlılarla maraqlanmır. Diasporla İş üzrə Dövlət Komitəsi əlindən gələni edir. Bu qurumun fəaliyyəti 130-140 ölkəni əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazdə gəlmişdi Qazaxstana... Qapısını zorla döydük, xahiş etdik bizlə görüşsün. Xarici işlər nazirinin Qazaxstana  10-a yaxın səfəri olub, bir dəfə maraqlanmayıb ki, səfirlik sizə necə xidmət edir?
Bax, budur problemimiz. Biz də xaricdə yaşayan azərbaycanlılarıq. Ancaq ora gələn komitənin hər hansı bir işçisi bizlə mütləq görüşür. Bu adamların bizə maddi yardımı da olur, mənəvi dəstək də edirlər. Bu insanların əməyini danmaq olmaz. Obyektivlik naminə deməliyəm ki, bizim tanıdığımız, işlədiyimiz, gördüyümüz diqqət Diasporla İş üzrə Dövlət Komitəsindəndir. Ola bilsin ki, ambisiyası olan insanlar var, onlar elə bilirlər ki, kiminsə bir kitabını hansısa dilə tərcümə elətdiriblər, yaxalarından 5-6 orden asılmalıdır. Ola bilər elə insanlar narazalıq etsin. Qurultay çərçivəsində oteldə qalırdıq, müəyyən adamlar var idi, onların iddiaları çox böyük idi. Qurultayın müsbət cəhəti ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrindən azərbaycanlıları gətirib vətəninə bağlayır. Budur qurultayın mahiyyəti.
Mən xaricdə yaşayan bir azərbaycanlı kimi doğurdan vətəninimə arxalanıram. İdeya var, bunu həyata keçirmək isə xaricdəki diaspor təşkilatlarının borcudur. Mən şəxsən vətəndən heç nə ummuram, vətəndən umacağım bir şey idi, onu da Prezident səsləndirdi: “Siz mənə arxalanın, mən də sizə arxalanıram”.
Qurultayda Prezidentimiz Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi, biz də Şuranın üzvləriyik. Boynumuza o məsuliyyət düşür ki, Azərbaycan naminə əlimizdən gələni edək. Ermənistan dövləti heç bir erməni diasporuna pul göndərmir, orada əksinədir. İndi bizim psixologiyamıza diqqət yetirin, ona görə narazılar var....

Mən insanlara müraciət etmək istəyirəm ki, vətəndən ummaq olmaz. Başqa məsələ ayrı-ayrı strukturlarda Azıərbaycan xalqına qarşı biganəlik var və bu biganəliyə son qoyulmalıdır, istər-istəməz bu, orada yaşayan azərbaycanlıları vətənindən uzaqlaşdırır.

Biz bir azərbaycanlı kimi vətənimizin vəziyyətini bilirik və düşmənlərimizi də tanıyırıq, mübarizəmizə də davam edirik. Azərbaycan diaspor təşkilatı Qazaxıstanda güclüdür, kifayət qədər təsir dairəsinə malikdir və bu gün Azərbaycanın hər hansı cəhətdən istər maddi, istər informasiya cəhətdən problemlərinə yardımçı ola biləcək vəziyyətdədir.

Aytən ƏLYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi