Modern.az

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq

17 Aprel 2018, 11:47

Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunlarının Azərbaycan dilindən heç bir ali məktəbə qəbul olmayan namizədlərin bu fənn üzrə olan ötən ilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb:

"Yəni onların nəticələri iki il qüvvədədir. Nəzərdə tutulur ki, bu ildən yox, gələcəkdə buraxılış imtahanlarının nəticələri də ən azı 2 il qüvvədə olsun. Bunun tətbiqi üçün isə vaxt lazımdır".

Məleykə Abbaszadə deyib ki, 2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları da cari ilin məzunları kimi iki mərhələli imtahanda - buraxılış və qəbul imtahanlarında iştirak etməli olacaqlar.

Onun sözlərinə görə, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar.

M.Abbaszadə qeyd edib ki, əgər əvvəlki ilin məzunları ali məktəbə orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul üçün imtahanda iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməli və müasirləşdirməlidirlər: "Əvvəlki illərin məzunları hansı ildə qəbul imtahanlarında iştirak edəcəklərsə, həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar. Hazırda 9-cu sinif bazasından kolleclərə qəbul buraxılış imtahanları əsasında aparılır. Ona görə də 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur. Əvvəlki illərin məzunları da belə imtahana ayrı bir gündə qatılırlar. 1 il əvvəldən deyə bilmərəm ki, 2019-cu ilin buraxılış imtahanlarının cədvəli necə olacaq. Lakin həmin ildə əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu