Modern.az

Avropa İttifaqından Vergilər Nazirliyinə DƏSTƏK

Avropa İttifaqından Vergilər Nazirliyinə DƏSTƏK

17 Aprel 2018, 12:06

Bu gün “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvininq layihəsinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə çalışır.

Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırması, vergi sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.


Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda onlarla Tvininq layihəsin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir.

Bildirilib ki, “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzə Tvininq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq. Açılış mərasimində Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin Tvininq layihəsinin rəhbərləri çıxış edib.


Layihə ilə bağlı təqdimatda bildirilib ki, Aİ-nin maliyyə dəstəi ilə həyata keçirilən tvinninq layihəsi transfer qiymətləndirilməsinə dair qanunvericilik və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirilməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Avropa İttifaqı ölkələrinin uğurıu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihələrin məqsədi transfer qiymətləndirilməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək verilməsidir. Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirilməsi sahəsində qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılması, “vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin standartlara hazırlanması, inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.


Vurğulanıb ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir.


Tədbirdə Avropa İttifaqının və müxtəlif ölkələrin səfirləri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?