Modern.az

Bizimkilər: ATV-nin jurnalisti reklam sahəsində də parlamaq istəyir - FOTOLAR

Bizimkilər: ATV-nin jurnalisti reklam sahəsində də parlamaq istəyir - FOTOLAR

Media

17 Aprel 2018, 14:22

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...


“Bizimkilər”in növbəti qonağı  ATV telekanalının  aparıcısı  Elman Bakuvidir.

Elman Bakuvi 1990-ci il aprelin 4-də Bakıda anadan olub. 1996-ci ildə Bakı şəhərindəki 297 saylı orta məktəbə daxil olub, 2007-ci ildə 299 saylı orta məktəbi bitirib. Bakı Asiya Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. Subaydır.

“Valideynlərim mənim bu arzuma dəstək oldular”

Elman Bakuvi deyir ki, televiziyaya olan marağıməktəb illərindən yaranıb:

“Dərslərimi öyrənərkən əzbərdən qaçırdım. Çünki öyrəndiklərimi öz fikirlərimlə ifadə etmək mənə səlis danışmaq yolunda mütləq kömək olurdu. Bu da məni daha da həvəsləndirirdi. Üstəlik, şeirləri də xüsusi intonasiya ilə deyirdim. Bir az da sinif yoldaşlarımdan nisbətən fərqlənən səsim var idi. Buna görə də, həm müəllimlərim, həm də valideynlərim mənim bu arzuma dəstək oldular. İnşa yazarkən, evdəkilərdən kömək istəyirdim. Çünki, atamın və böyük bacımın yaxşı yazı qabiliyyəti var idi. Məqalələri tez-tez müxtəlif qəzetlərdə dərc olunurdu. Lakin sırf özüm rahat yaza bilim deyə, mənə kömək etmirdilər. Təbii ki, bu da bəhrəsini verirdi. 10-ci sinifdə sərbəst inşa yazısı üzrə Binəqədi rayon məktəbliləri üzrə 3-cü oldum. Mənim üçün böyük uğur idi. Təbii ki, televiziyada çalışmaq arzusu elə o vaxtlardan yarandı. Lakin, Jurnalistika fakültəsinə daxil ola bilmədim. Bu da planlarımı 4 il ləngitdi”.


“Utandığımdan sonra qədər dinləyə bilmədim”

Müsahibimiz universitetdə oxuduğu dövrdə dərslərdən başqa, həm də xüsusi günlərdə gənclər üçün “Party”lər təşkil edib:

“İldə bir neçə dəfə bu cür məclislər təşkil edirdim. Xüsusilə tələbələr buna maraqlı idilər. Lakin televiziyadan da kənar deyildim. Qrup yoldaşlarımla özəl kanallarda yayımlanan ictimai-siyası verlişlərdə tamaşaçı qismində iştirak edir, qonaqlara suallar verirdik.

Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Radiosuna təcrübəçi olaraq qəbul olundum. İlk gün bir kağız parçası verib səs otağına göndərdilər. Bir səhifəlik rubrika idi. Yalan olmasın, bəlkə də 1 saata studiyadan çıxdım. Radioda işləyən dostlarım ilk dəfə efirdə səs oxuduğum yazıları saxlayıb bir neçə ildən sonra mənə dinlətdilər. Utandığımdan sonra qədər dinləyə bilmədim. Təsəvvür edirsiniz də..  Lakin orada bu sahə üzrə böyük sənətkarlar var idi və mən bunu dəyərləndirməyə çalışırdım. Bundan sonra müxtəlif verilişlər üçün sujetlər hazırlayır və səsləndirirdim”.

“Xəbərin əlifbasını məhz bu televiziyada öyrəndim”

4 aydan sonra gənc jurnalistə “Gəl səhərim” verilişinə aparıcılıq etmək təklif olunub:

“İlk canlı efirim idi və mən 2 saatlıq efiri kağıza yazıb, oradan oxudum.  Açığı deyim, daha yazmaq haqqında düşünmürdüm. 21 yaşlı gənci efir qızdırması bürümüşdü. Üstəlik, 1 ildən sonra paralel olaraq, o illər fəaliyyət göstərən “day.az” radiosunda da 3 ay canlı efir apardım.

Xəbərlə ilk tanışlığım isə, “Yurd” internet televiziyasında oldu. Televiziyada xəbər aparıcılığı üçün kastinq elan olunmuşdu. İşə qəbul olunandan sonra, işimin yalnız aparıcılıqdan ibarət olmadığını dedilər. Həm də, çəkilişlərə getmək lazım idi. 1 il televiziyanın xəbər redaksiyasında həm müxbir, həm də aparıcı kimi çalışdım. Televiziyada təcrübəli jurnalistər çalışırdı. Xəbərin əlifbasını, mübtədasını da, məhz bu televiziyada öyrəndim”.

2013-cü ildə Elman Bakuvinin ATV kanalında işləmək imkanı  yaranıb:

“Təbii olaraq mən də bunu dəyərləndirdim. 5 ildir ki, “Atv Xəbər” ailəsinin üzvüyəm. Bizim iş şəraitimiz tam fərqlidir. Hər şeydən öncə səmimiyyət və peşəkarlıq var. Mənə elə gəlir ki, əksər jurnalistlər bu kollektivin üzvü olmağı arzulayır. Zamanında mənim arzuladığım kimi.

Hazırda “ATV Xəbər”də  jurnalistika fəaliyyəti ilə yanaşı, həm də “Made in Azerbaijan” verilişinin aparıcısıyam. Həftədə 1 dəfə həmkarım Aysel Fərziyeva ilə efiri bölüşürük”.


“Beyin məhsulu olan istənilən sahədə çalışmaq mənə zövq verir”

Müsahibimiz deyir ki, mövcud jurnalistikanı dəyərləndirmək, ötən onilliklərdə də bu sahədə çalışan jurnalistlərin işidir:

“Onlar keçmişi də, bu günü də görüblər və bütün dövrlər üzrə müqayisə aparıb, nəyin yaxşı, nəyin pis olduğunu təyin edə bilərlər. Lakin onu deyə bilərəm ki, bu sahəyə yeni gələn gənclərin daha həvəsli və bu sahəyə fərqli bucaqlardan baxdıqlarını görmək mümkündür”.

Gənc jurnalistin iş fəaliyyəti yalnız televiziya ilə məhdudlaşmır:

“Bir neçə ildir, reklam sahəsində də özəl olaraq çalışıram. Müxtəlif şirkətlərin reklamlarında mənim də imzam var. Bu sahə də  jurnalistika kimi yaradıcılıq tələb edir. Beyin məhsulu olan istənilən sahədə çalışmaq mənə zövq verir. Elə gələcək planlarımda  bu sahəni daha da genişləndirib  böyük layihələrdə yer almaq var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır